Zərrələr

“Zərrələr”-Aysel Nəsirzadə

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı gənc yazar Aysel Nəsirzadədır . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Aysel Nəsirzadənin şeirlərini sizlərə təqdim edirik: 

 

 

20.12.1986-cı ildə Zəngilan rayonunda doğulub. Ali təhsillidir. BDU-nun Fəlsəfə fakültəsini bitirib (2010). “Sükutdan asılmış ruh” adlı şeir kitabının müəllifidir.

 

Vətənin anası ölüb


Başı üstə bulud qara,

Ocağının odu sönüb.
Neçə vaxtdı düşüb dara,
Vətənin anası ölüb.

Yox sirrini saxlayanı,
Yox yarasın bağlayanı,
Yox dərdinə ağlayanı,
Vətənin anası ölüb. 

Köksündə düşmənin oxu,
Biganədir ona çoxu,
Kim qeydinə qalsın axı,
Vətənin anası ölüb.

Yoxa çıxıb igidləri,
Dünyaya sığmaz kədəri.
Özünü boğur qəhəri,
Vətənin anası ölüb.
İlahi, ölümü geriyə çağır

İlahi, ölümü geriyə çağır
Hərlənir fırlanır,
Kəsir yanımı.
Gah keçir sağıma,
Gah solumda qərar tutur.
Kölgə salır yollarıma,
Yol dollaşır ayağıma.
Bir əlimdən körpə əli,
Bir əlimdən o yapışır.
Körpəmin əllərindən
Ayırmağa çalışır.
İlahi ölümü geriyə çağır,
Qurtar məni
“ölürəm”qorxusundan.
Uzaq tut ölümünü,
uzaq tut məndən
Əl çəksin ömrümün yaxasından.
Bir nöqtə

Təsadüfmü, zərurətmi?!
Bir nöqtədə görüşdük.
Yad baxışlar bir nöqtəyə dikildi,
Bir nöqtədə doğmalaşdıq.
Gözləmədik zamanı.
Tanımadan bir-birini,
Tez-tələsik tanışdıq.

Qəlbimizə bir nöqtədən yol çəkildi,
Min addımlıq məsafələr
Bir addımla əvəzləndi.

Çılğın gənclik oyununda,
Baş rol üçün yer aldıq.
Baş döndürən sevinclə
Ta…göylərə ucaldıq.

Anlamadıq biz-bizi,
Anlamış kimi etdik.
Gözü yumulu halda,
Həm sevib, həm sevildik.
Bir nöqtədə qovuşsaq da,
Bir nöqtəni qoymaqla,
Bir nöqtədə ayrıldıq.

Dərdi dərinşəhərim
Baxıram pəncərəmdən,
Gözüm yol çəkmir daha,
Çəkməyə yolmu qalıb?!
Dörd tərəfim göydələn,
Hərə bir bina salıb.

Boğur məni bu şəhər,
Yenə ipi boynumda.
Çarəsiz qalmışam lap,
Əlim bükük qoynumda.

Uzaqlara boylanmaq,
İstəyirəm baxanda.
Uzaqlar da qalmayb,
Hər şey, hər kəs yaxında.

Kənd də şəhərə köçüb,
Seçilmir ağ qarası.
Kimsəyə çatmaz oldu,
Bu şəhərin havası.

Dərdi dərin şəhərim,
Aləmi çox qarışıq.
Dünyasın qaraldıblar,
Nə olsun hər yer işıq. 
 

Sehirli açar

Kimsəsiz bir adada
Dənizin limanında, 
Kasıbın olanından,
Gücümün çatanından,
Sahilin qumlarından,
Balıqqulaqlarından
Bir ev tikdim mən bizə-
İsti yuva olsun
Dedim qoy eşqimizə.
Ağzına kilid vurdum,
Kimsə görməsin deyə. 
O ev məndən hədiyyə
Olacaqdı ki, sənə…
Saatın zəngi çaldı,
Tez yuxudan oyandım…
Heyif ala bilmədim,
Açar yuxumda qaldı.
Zəngli saatın səsi
Səni məndən ayırdı.

 

Layihə rəhbəri və tərtib edən: Gülnarə İsrafil

Redaktorlar: Gülnarə İsrafil Zamiq Mehdisoy Sərvər Kamranlı

Korrektor: Şəhanə Müşfiq

Dizayner: Sərvər Kamranlı

Texniki tərtibatçı: Gülnarə Sadiq

 

 

Şərh

Şərh

To Top