Ədəbiyyat

Aysel Nəsirzadə-Şeirlər

Kanal 15 gənc yazar Aysel Nəsirzadənin şeirlərini oxuculara təqdim edir. 

BƏXTİNƏ DÜŞƏN DEYİLƏM
Gözlərin sisli orman,
Gözlərin bulanıq çay.
Mən üfüqdə batan Günəş,
Sən təzəcə doğulan Ay.

Vaxtsız gələn qonağım,
Vaxtına düşən deyiləm.
Mən özgənin qismətiyəm,
Bəxtinə düşən deyiləm.

Əlimdən mədət ummasın,
Yanağından axan yaşlar.
Durma yolumun üstündə,
Yolumun öz yoldaşı var.

***
GÜNÜM GECƏ BAŞLAR

Ömrü yaşamıram,yola verirəm,
Günləri günlərə satıram hər gün.
Sabahdan umduğum bir ümid üçün,
Gecə başlamadan yatıram hərgün .

Tezdən oyanıram yeni gün deyə,
Yaşanmış günlərim düşər quzeyə.
Ömrün qalığını yığıb muzeyə,
Köhnəlmiş bir məni atıram hər gün .

Gözümdən qəlbimə arzular damar,
Yaralı qəlbimi arzular yamar.
Nə yaxşı gecəlik yuxularım var,
Yuxuda arzuma çatıram hər gün.

Səhərlər sevmədi məni deyəsən,
Gecələr başlayan “günümə”əhsən.
Yuxulu dünyanın sevimlisi – mən,
Ay kimi gündüzlər batıram hər gün.

 

Şərh

Şərh

To Top