Zərrələr

“Zərrələr” – Bəxtiyar Abbasov

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı yazıçı-şair Bəxtiyar Abbasovdur. Bəxtiyar Abbasov 17.07.1965-ci ildə Gədəbəy rayon, Leşgər kəndində müəllim ailəsində doğulub. Ali təhsillidir. Azərbaycan Texnologiya İnstitutunda təhsil alıb (1985-1990). Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan  Bəxtiyar Abbasov şeirlərini sizlərə təqdim edirik: 

 

****

 

Cığalı təcnis

Günbatandan doğacaqdır gün o gün,
Tərk eyləyir, tanımayır yarı yar.
Pətəksiz ay arı yar,
Nə bal yığar yarıyar.
Əgər atıb gedibsə,
Gözləmə ay arayar.
Onsuz dünya yaranışdan sirlidir,
Bəşər üçün yarı düşmən yarı yar.
Danışdırma, gələcəkdir dərd dilə,
Məlhəm kimi bu xəstəyə dərd dilə.
İnsafını dərd elə,
Dərdlərimi dər dillə,
Dərdin biri az idi,
O da gəldi dərdiylə.
Çox əlləmə, sağalacam dərd ilə,
Naçar təbib, sən yaramı yarı yar.
Qədri bilinirmi yarı ananın,
Qaysağı qopacaq yenə yaranın.
Demədim ki, yar anın,
Yardan yara yarının,
Yaranındır ağrılar,
Nə vecinə yaranın.
Bir də doğulun siz, bir də yaranın,
Amandır seçməyin Bəxtiyarı yar
Nəğmə

Bütün çayların yerinə
Ümmana axmışam tamam.
Göylərdə bulud qalmadı,
Toplanıb çaxmışam tamam.
Bu dünyaya dönə-dönə,
Dönə-dönə, bir də yenə,
Bir də yenə dənə-dənə
Yoxlayıb baxmışam tamam.
Axır əsdi sevda yeli,
Bu yel dəli, sevda dəli.
Oyy, başıma sevda gəlib,
Özümdən çıxmışam tamam.
Düşmüşəm

Qoşulub dəli sevdaya
Arana, dağa düşmüşəm.
Çatıb həqiqət anına
Əcəb bir çağa düşmüşəm.

Bu dünyanı sürdüm bir də,
Sökdüm, yığdım, hördüm bir də.
Sirli yuxu gördüm bir də,
Yenə sınağa düşmüşəm.

Hələ qurtarmamış dardan,
Sifariş almışam Yardan.
Soraq yoxdur Bəxtiyardan,
Candan qabağa düşmüşəm.

Qərib həyatım

İstədim ki, yurdda bitim,
Olmasın ayrılıq, itim.
El köçdü yurd qaldı yetim,
Daha dumanlıq, çənlikdir,
Nə sənlikdir, nə mənlikdir.

Yar tutar yarın əlini,
İstəyər şirin dilini,
Bülbül gəzər öz gülünü,
Gül də gülüm, çəmənlikdir,
Nə sənlikdir, nə mənlikdir.

Kimdən qaçım, kimə çatım,
Yoxumdusa qismət, baxtım.
Qürbətdə qərib həyatım
Başıma dar,Vətənlikdir,
Nə sənlikdir, nə mənlikdir.

Qardaşım
Mərhum qardaşıma

Bürünüb ümidə qalmışam naçar,
Qoy deyim bəlalar ötər, qardaşım.
Tanrıdan bir xoş gün payıma düşər,
Bizə də xoşbəxtlik yetər, qardaşım.

Saçdan bərk,
Fələk vurdu başdan bərk,
Getdin, atam balası
Qışdan soyuq, daşdan bərk.

Təpədən dırnağa canım yaradır,
Dilim ağzımda para-paradır,
Taleyim qaradan zinrik qaradır,
Uğurum zindandan betər, qardaşım.
Yasin içində,
Canım yasin içində.
Uzun güney və bölük
Qalıb yasın içində.

Bu qədər dərd olmaz, möhnət olmazdı,
Elə bil Allahım düşünür azdı.
Yatağım buzlaqdı, bağrım ayazdı,
Bir gün Bəxtiyar da itər, qardaşım.
Çatladı,
Dərd qisməti çatladı.
Kim eşitdi ahımı,
Yeddi yerdən çatladı.

 

Layihə rəhbəri və tərtib edən: Gülnarə İsrafil

Redaktorlar: Gülnarə İsrafil Zamiq Mehdisoy Sərvər Kamranlı

Korrektor: Şəhanə Müşfiq

Dizayner: Sərvər Kamranlı

Texniki tərtibatçı: Gülnarə Sadiq

Şərh

Şərh

To Top