Zərrələr

“Zərrələr”-Ceyhun Göyçəli

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti şair Ceyhun Göyçəlidir . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Ceyhun Göyçəlinin şeirlərini sizlərə təqdim edirik: 

25.02.1984-cü ildə Göyçə mahalının Güney kəndində doğulub. Ali təhsillidir. GDU filologiya fakültəsini bitirib (2006-2010 ).
Ayrılmışıq biz

Biz olduq əzəldən sevgidə naşı,
Ötürdük baharı gətirdik qışı.
Yağıb damla-damla hicran yağışı,
Vüsala göz yumub ayrılımışıq biz.

 

Çoxları divanə sayırdı bizi,
Həyat yollarımız ayırdı bizi.
Ağrıdan əzabdı-ağrıdı bizi,
Yanıb içimizdə qovrulmuşuq biz.

 

Qısqanclıq sevgidən əlamət ancaq,
Sevgidir sinədə hər dayanacaq.
Həyatla oynayıb etdik oyuncaq,
Aldada-aldada aldanmışıq biz.
Qəlbimə

Süzüb göz altından mənə baxan yar,
Od vurur bu süzgün baxış qəlbimə.
Söndürəmməz daha heç vaxt bu odu,
Döysə dolu, yağsa yağış qəlbimə.

 

Özüm də bilmirəm hansı haldayam,
Gecə də, gündüz də min xəyaldayam.
Sənsiz nə qüssədə, nə məlaldayam,
İstər düşsün yüz belə qış qəlbimə.

 
Ceyhunu salmısan elə tilsimə,
Ömrü bağlanıbdır incə bir simə.
Ürəyində başqa yer yox heç kimə,
Qadağandır başqa giriş qəlbimə.

İtirdin məni

Enişli yoxuşlu həyat yolunda,
Özün bilə-bilə itirdin məni.
Saxta təbəssümlə məhv eyləyərək,
Üzə gülə-gülə itirdin məni.

 

Gətirdin ömrümə acı ruzigar,
Könül gülşənimdən yox oldu bahar.
Yetdi xəzan çağı, düşdü boran, qar,
Verdin əsən yelə itirdin məni.

 

Yolun bir sonu var, birdəki önü,
Nə tez dəyişildi bu yolun yönü.
Qoşa getməliydik bu yolu, yəni,
Çatmamış mənzilə itirdin məni.

***
Alim olmaq asan işdir,
Adam olmaq gərək imiş.
Həyat deyil olduğu tək,
Demə, üstü bəzək imiş.

 
İblisi çox, mələyi az,
Bunu neçə xeyirə yaz,
Özün özünə quyu qaz,
Dünya onsuz kələk imiş.

 

Hərə çəkir öz yükünü,
Nəzərə almır çəkini,
Dərdin boşunu, bərkini,
Çəkən elə ürək imiş…

Layihə rəhbəri və tərtib edən: Gülnarə İsrafil

Redaktorlar: Gülnarə İsrafil Zamiq Mehdisoy Sərvər Kamranlı

Korrektor: Şəhanə Müşfiq

Dizayner: Sərvər Kamranlı

Texniki tərtibatçı: Gülnarə Sadiq

Şərh

Şərh

To Top