Zərrələr

“Zərrələr”-Dilşad Araz

Kanal 15 Dilşad Arazın qəzəllərini oxuculara təqdim edir.

1973-cü ildə Füzuli şəhərinin Merdinli kəndində ziyalı ailəsində doğulub. İxtisasca tibb bacısı, hüquqşünasdır. BSU Yaradıcılıq fakültəsində təhsil alır. 

 

 

*** 

Görməyib səndə vəfa, mən qəmi yar eyləmişəm,
Qəm çəkib həsrətilə, səbrimi dar eyləmişəm.

Tutsa könlümdə qərar, mən ona can söyləyərəm,
Bu sözü söyləməyə bil, sənə ar eyləmişəm.

Dərib həsrət gülünü sən mənə pay eyləyəli,
Gecə-gündüz demədən naləvü-zar eyləmişəm.

Dilə gəlmir ürəyim arzularım ölmədədir,
Ölməmiş arzulara qəlbi məzar eyləmişəm.

Dilşadın var vətənə vermək üçün bircə canı,
Onu da Azərbaycanıma car eyləmişəm.

***

Könlüm desəm qəm sirdaşı, sən qəlbini dağlarmısan?
Yas saxlayıb addımbaşı, dərdlərimə ağlarmısan?

 

Sevdam məni heç səsləməz, könlüm qəmi çox gizləməz,
Köçdür gedən yol gözləməz, yoldan məni saxlarmısan?

Yardır bilən hər çarəmi, qaytar geri ol parəmi,
Loğman kimi sən yarəmi, eşqin ilə bağlarmısan?

Candır yanan hicran ilə, axtar yarı sən can ilə,
Axsan cana sən qan ilə, dərya kimi çağlarmısan?

Bağban bağın dərsin gülün, yollarıma sərsin gəlim,
Dilşad sənə versə telin, yar, gül kimi qoxlarmısan?

***

O gözəl ahu salıbdı bu biyabanə məni,
Bu pərişanlığına eylədi bir şanə məni.

Eşqi atəşgahinə yanmamış idim əzəli,
Şəm təki yandı özü, eylədi pərvanə məni.

Qoşaraq eşqimizi eşqi fədailərinə,
Döndərib şəmin odu, eşqidə sərbanə məni.

Yusifin təbi Züleyxanı da məftun elədi,
Elə də təbin edib dəhridə divanə məni.

Gözlərindən oxudum, eşqidə məcnunluğunu,
Leyliyə döndərəcək bəlkə bu əfsanə məni.

Dilşada, olsan əgər sevgidə sevda gəmisi,
Ehtiyat eylə ki, qərq etməyə ümmanə məni.

***

Yenə bülbül bu gülüstanda nə əfqan eləyir?
Ürəyim nitqə gəlib, eşq ilə tüğyan eləyir.

Sevgili aşiqinəm, seyrinə gəlsəm, gözəlim,
Gözlərin sehr eləyib, qəlbimi heyran eləyir.

Gözlərindi gözümü tilsim ilə sehrə salan,
Od kimi şölə saçıb, aləmi viran eləyir.

Tanrının zövqü ilə xəlq olunub möcüzələr,
Gülləri qönçə ikən bülbülə qurban eləyir.

Eşqimə hakim olub əl-qolumu bağlamısan,
Oldu cəlladmı gözün, Dilşada divan eləyir.

***

Nə zamandır çəkirəm həsrətini cananın!
Könlümün mülkünə o candan əziz sultanın!

Tazə güllər açıb, ey sərvü qədim, gülşəndə,
Mənə sənsiz nə gərək ətri gülün reyhanın.
 

Gəl çıx ey sərvü rəvan canımı yandırdı fəraq
Söndürüm vəslin ilə atəşini hicranın.
 

Tazə ay tək bulud ardından əgər çıxsan inan,
Bir canım var onu da eyləyərəm qurbanın.
 

Aşiqin mən deyiləm, tək sənin ey sevgili yar,
Qəlbi eşqinlə vurur mən kimi çox nalanın.
 

Elə rütbə verilib, heyran olub cümlə sənə,
Sən özün heyranısan rütbə verən rizvanın.
 

Gəl həqiqət yolunu göstər öz aşiqlərinə,
Ayağa durmaq üçün gözləyirik fərmanın.
 

Yoluna göz dikən eşq əhlinin imdadına yet,
Sal mizana bu cahanın pozulan səhmanın.
 

Dilşad acizdir sənin şənini vəsf eyləməyə,
Kömək ol, artır öz eşqinlə onun imkanın

 

Layihə rəhbəri və tərtib edən: Gülnarə İsrafil

Redaktorlar: Gülnarə İsrafil Zamiq Mehdisoy Sərvər Kamranlı

Korrektor: Şəhanə Müşfiq

Dizayner: Sərvər Kamranlı

Texniki tərtibatçı: Gülnarə Sadiq

Şərh

Şərh

To Top