Zərrələr

“Zərrələr”-Əli Şirin Şükürlü

 Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair Əli Şirin Şükürlüdür. Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Əli Şirin Şükürlünün şeirlərini sizlərə təqdim edirik: 

02.12.1963-cü ildə Masallı rayonunda doğulub. Ali təhsillidir. AYB-nin üzvü, Prezident təqaüdçüsü (2011), 1986-cı ildən etibarən elmi, 1991-ci ildən elmi pedoqoji fəaliyyətlə məşğul olur. Bir sıra elmi əsərlərin və “Ehtimal nəzəriyyəsinin elementləri” metodik vəsaitinin müəllifidir. Fəlsəfə doktoru (riyaziyyat), TDABEA-nın fəxri professorudur. Hazırda “Şərq-Qərb Nəşriyyat Evi” Direktorlar Şurası sədrinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri işləyir. Dörd şeir kitabının müəllifidir.

****

 

Mutasiya

Son vaxtlar
içini yeyirdi hər gün.
içini yeyən – düşüncəsi.
və hər gün içini yeyə-yeyə
sürətlə dəyişdiyinin fərqində idi.
bu dəyişiklik yaşlanma deyildi təkcə;
bir gün quşa bənzəyirdi,
bir gün-ağaca,
bir gün-pələngə,
bir gün-tülküyə,
bir gün-dovşana,
bir gün-canavara,
bir gün-pişiyə,
bir gün-çiçəyə…
hər gün dəyişirdi
və çıxmırdı evdən
ta öz şəklini alana qədər.
hər gün
bir cavanla rastlaşırdı küçədə eyni vaxtda;
eynən özünün bənzəri. Surətini çıxartmışdılar sanki
parlaq, keyfiyyətli kağızda. hər dəfə
“mən solmuş fotosuyam bu gəncin” – düşünürdü təbəssümlə.
hər gün
çıxırdı evdən və daşıyırdı özüylə
bir gün-quşu,
bir gün-ağacı,
bir gün-pələngi,
bir gün-tülkünü,
bir gün-dovşanı,
bir gün-canavarı,
bir gün-pişiyi,
bir gün-çiçəyi…
dovşan satırdılar yol qırağında,
saxlayıb avtomobili aldı dovşanı. bir az irəlidə
yenidən saxlayıb avtomobili buraxdı onu səhraya.
gördü dayanıb özünün bənzəri cavan azca aralı
baxır üzündə təbəssüm. ilk dəfə gülümsəyən görürdü o cavanı.
dağılır şübhəsi: “klon deyilmiş, gülümsəyirsə”.
qayıtdı evə. Əlində bir dəstə çiçək. Neçə illərdi qapıya öyrəşən
dümağ pişiyin çöməlib qarşısında, xeyli baxdı gözlərinə. baxdı
tumarlaya-tumarlaya başını. xeyli baxdı. sonra çiçəkləri keçirib
qapının dəstəyinə girdi mənzilinə.
səhər oyanıb yuxudan, yenidən şahidi oldu dəyişikliyin; indi gah dovşana,
gah da pişiyə bənzəyirdi. xeyli düşündü, sonra uzanıb yerinə yumdu gözlərini.
o,
dovşan-pişik ilində doğulmuşdu.
çiçəklər saralırdı qapının dəstəyində.
pişik cırmaqlayırdı qapını.
bir dovşan dolaşırdı səhrada;
axır kimsə bir gün tutub satacaq onu deyəsən.
Auditoriya – insan mənzərələri

Mühazirə oxuyur. danışır həvəslə.
bəzən bilərəkdən göz gəzdirir auditoriyaya,
bəzən qeyri-ixtiyari.
kimi diqqətlə qulaq asır ona
ayırmadan baxışlarını,
kimi heyranlıqla.
biri üzündə təbəssüm;
nəsə keçir ağlından, deyəsən.
başqa biri qurcalanır yerində,
sual verməyə hazırlaşır,
işarə edir əliylə.
kimi etinasız. fikri başqa yerdə –
baxışlarından bilinir.
biri gözünü dikib aşağı,
telefonla məşğuldu. ismarıc
yazır, sözsüz.
biri darıxır. dözmür, tərk edir
auditoriyanı nəhayət.
o isə-mühazirəçi yəni, elə hey danışır
gözü aiditoriyada, seyr edə-edə dinləyiciləri
və dinləməyənləri.
danışır gah həvəslə, gah da duruxur hərdən.
bitir mühazirə. hamı azaddır indi;
dinləyən, dinləməyən, mühazirəçi.
tədricən boşalır mühazirə otağı.
kimi elə o an unudur hər şeyi,
kimi unutmur çox şeyi.
mühazirəçi isə düşünür
seyr edərək boşalan otağı indi:
həqiqət axtarırıq-nədir o həqiqət.
hər kəsin öz həqiqəti var axı, deyəsən.
görünür, hələ çox şey öyrənməliyəm
cürbəcür insan mənzərələrindən.
səhər mətbuatda bir məlumat dəymişdi
mühazirəçinin gözünə:
ömürlük həbsə məhkum qatil
cevgi barədə roman yazıb
müsabiqədə iştirak etmək üçün.
Tərsinə zaman

Gəlin
zamanın tərsinə gərdişinə baxaq. bəli, bəli,
məhz tərsinə gərdişinə
gözlənilmədən doğulan birinin timsalında.
hamı heyrət içində donub qalmışdı
doğum evində. ana çevirib üzünü divara
hönkürtü vururdu dəhşət içində.
Körpəsi qoca doğulmuşdu-möcüzəyə bax.
hərarət hiss elədi ana üzündə. yanağında gəzən
bambalaca barmaqlardan içinə süzülən xoş duyğuların
bir anda oyatdığı analıq sevgisiylə çevrilib
bağrına basdı qoca körpəsini.
bir qucaqlıq qoca gəlmişdi dünyaya.
bir neçə gün sonra
tutub qocasının əlindən evinə döndü ana.
sevdi qocasını kiçildə-kiçildə.
yaşıdı körpələr böyüdükcə, o kiçilirdi.
yaşlanma – böyümək imiş demə.
o kiçilirdi; başqa münasib ad tapa bilmir adam bu vəziyyətdə.
o kiçilirdi, yəni böyüyürdü tərsinə.
əvvəl ortayaş adama çevrildi, sonra cavana.
Qoluna taxdığı saatın əqrəbləri tərsinə fırlanırdı.
tərsinə dəyişirdi təqvimdəki günlər də; ayın 30-u,
sonra 29-u, … beləcə 1-i son günü olurdu yaşadığı ayların.
illər də beləcə tərsinə vururdu ömrünü başa.
tərsinə yaşayırdı zamanı. çayda axına qarşı üzən adama bənzəyirdi
hamının bir istiqamətli xətt boyunca yaşadığı məkanda.
amma nə qədər çətin olsa da
hamı kimi sevir, hamı kimi sevinir, hamı kimi qüssələnirdi.
sonra yeniyetməyə çevrildi, sonra uşağa.
bir gün həmyaşıd oldu oğluyla, getdi məktəbə.
bir günsə həmyaşıdı nəvəsiylə əl-ələ tutub yollandı bağçaya.
bir günsə çevrilib körpəyə köçdü dünyadan.
ana qocalıb ölmüşdü, görmədi körpəsini.
tərsinə gərdişinə baxdıq zamanın
gözlənilmədən qoca doğulan birinin timsalında.
amma nəticə eyni; zaman
eyni nöqtədə qapandı deyəsən.

***
onda qar yağırdı ha-
yadındamı?
sürüşdün
tutdum əllərindən
fürsət gözləyirmiş kimi sanki
sığındın əllərimə
yadındamı-
onda qar yağırdı ha,
nələrdən danışmadıq yol boyu
o gün:
kim necə danışır,
kim necə gülür,
kim kimi istəyir,
kim kimdən küsür,
nələrdən danışmadıq allah,
təkcə özümüzdən savayı,
yadındamı-
onda qar yağırdı ha.
Gəlinə oxşatdın
yol boyu
qarla örtülmüş ağacları,
deyəndə
ən gözəl gəlin sən olacaqsan
utandın a
yadındamı-
onda qar yağırdı ha.

neçə dayanacaqlıq yolu
piyada gedib
dayandıq evizin kəndarında,
sevdalı günlərin ümidilə
ayrıldıq,
cütləşən əllərin sərhəddində
yadındamı-
onda qar yağırdı ha.
uçurdu qar dənələri,
uçurdu günlər, ayları rüzgar
onda iyirmi yaşımız
olardı ya olmazdı
yadındamı-
onda qar yağırdı ha,
onda qar yağırdı ha…

Metro

Dayanıb metronun qarşısında
seyr edir-qarşısındakı mənzərə
canlı mənzərə:
adamlar tələsir, ləngiyir,
nə tələsir, nə ləngiyir
canlı mənzərədə.
Biri metroya girir. Ekskolator boyu üzü aşağı -yox olur.
Çıxır metrodan biri. Üzü yuxarı-
dəf edir yoxluğu.
Gedir yeraltı keçiddən-hissə-hissə bərpa olunur.
Gözəl bir qız yeriyir asta-asta,-
üzündə məmnunluq.
Yanında bir gənc-başı əyilmiş qıza sarı.
Sevgi var ləngimədə.
Qoca-zorla yeriyir. Diqqətlə baxır
yanından keçənlərə. Üzündə ümidsizlik.
Ölüm yağır ləngimədən.
Yeyin addımlarla üz alıb metroya
zövqlə geyinmiş gözəl qadın.
Üz-gözündən həyat yağır.
Həyat yağır tələsmədən.
Metrodan çıxıb harasa tələsir.
Qalstuk taxıb orta yaşlı.
Gecikmədən qorxur.
Yaşamaq gizlənib tələsmədə.

Qaçıb sürətlə keçir metronun qarşısından
kimsəyə fikir vermədən. Nə qocadı, nə cavan,-
Özündən razı. Amma
ölüm boylanır tələsmədən.
Bəs o kimdi (nədi)-
Obyektiv var olma, gözəgörünməz.
Nə həyata tələsir, nə də ölümə.
Nə ölümə ləngiyir, nə də həyata.
Paralel talelərin
kəsişmə nöqtəsidi metro,-
Maraqlı, həm də kədərli,
əsrarəngiz mənzərə.
Dayanıb seyr edəsən vaxtı vecinə almadan.
Bilirəm,
Bilirsən, bilir, bilirlər:
Yaşanan hər an gecikməsidi
ölümün.

 

Layihə rəhbəri və tərtib edən: Gülnarə İsrafil

Redaktorlar: Gülnarə İsrafil Zamiq Mehdisoy Sərvər Kamranlı

Korrektor: Şəhanə Müşfiq

Dizayner: Sərvər Kamranlı

Texniki tərtibatçı: Gülnarə Sadiq

Şərh

Şərh

To Top