Zərrələr

“Zərrələr”-Elnur Coşqun

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair Elnur Coşqundur. Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Elnur Coşqunun  şeirlərini sizlərə təqdim edirik: 

 

05.05.1980-ci ildə Neftçala rayonunun Aşağı Surra kəndində doğulub. Ali təhsillidir. Lənkəran Dövlət Universitetinin filologiya fakültəsini bitirib (2005). İki kitab müəllifidir.

Məsum baxış sahibi

Gözlərdə ümid daşıyan,
Ümidi ciblərdə yaşayan,
Bir qadının əllərində,
Havadan asılı qalıb həyat.
O məsum baxış sahibi,
Dərsini həyatdan alıb,
Yetməyib beyninin gücü,
Yəqin çox şey əzbərləyə,
Dərsini tez vurub sona,
“Allah yolunda” kəlməsin,
Əzbərlədib həyat ona.
O da ola bilərdi ana.
Övlad nazı çəkərdi,
Ömrünü parçalayıb,
Mətbəxlərə tökərdi.
İndi keçinir birtəhər,
Nə axşam bilir, nə səhər.
Varlığı cibdən asılı,
Özü içinə qısılı,
Yaşayır ölü günləri,
Doğulduğundan bəri.
Yaşayır, istəyi çox deyil,
İstəyi bir parça çörək,
Yaşayır, bu dolama,
Sahibsiz küçələrtək.
Allahsız bəndələrə,
Allah, Allah deyərək
Salam, Talış dağları

Sizlə keçib ömrümün, bəlkə də tən yarısı,
Siz gül-çiçək olmusuz, mən isə bal arısı.
Dodağımda dad qalıb yarı şirə, yarı su,
Yenə də qoynunuzda yaşayıram baharı,
Salam, Talış dağları!
Göz oxşayır hər səhər baxsan zümrüd meşələr,
Meşələrin qoynunda təbiət də dincələr.
Durna gözlü bulaqlar torpağa sevinc ələr
Oxşar zövqü, zümzümə edəndə bulaqları,
Salam,Talış dağları!

 

Sizin ətəyinizdə ili caladım ilə,
Təbiətdən güc alıb təbim də gəldi dilə.
Bu gün əlvida dedim, salam verdiyim elə,
Günlər nə yaman ötür, aylar qovur ayları,
Salam,Talış dağları!
Özümü görə bilmədim

Heyif bu qədər yaşadım,
Nə qədər, bilə bilmədim.
Bir addım uzaqlığını,
Yaxından görə bilmədim.

 

Özgələr gördü səhvimi,
Taleyim yazdı məhvimi,
Özümlə özüm əhdimi,
Bircə yol bilə bilmədim.

 

Bir ömür yaşadım hədər,
İçi də, çölü də kədər.
Düşməni gördüyüm qədər,
Özümü görə bilmədim

Vətən mənə nə verdi

“Vətən mənə nə verdi?”-
Qışqırıb bunu deyən,
Vətəndən nə umursan?
Bir yol özündən soruş,
Sən Vətənə nə verdin?
Səndən başlanır Vətən!
İstər olum şimallı,
Cənubu da mənimdir.
İstərsə şərqdə olum,
Qərb qəlbən həmdəmimdir.
Mən Vətənin oğluyam,
Anama olduğutək,
Bu Vətənə borcluyam!
Bunu belə anladım,
Məndən başlanır Vətən,
Tanrıya sədaqətdən,
Dindən başlanır Vətən.
Aç, aç qəlbin qulağını,
Bəxtəvər Vətən oğlu,
Fəxr elə, fəxr elə ki,
Səndən başlanır Vətən!

Yaşamağa nə var ki

Bilsən səni sanacaqlar bir buğum,
Yana-yana yaşamağa nə var ki.
Başa düşsə məni qurban olduğum,
Ana-ana yaşamağa nə var ki.

 

Hamı deyir həyat döyüş meydanı,
Bu meydansa, meydan hanı, at hanı?
Şər soyunsa, sevgi qucsa dünyanı,
Qana-qana yaşamağa nə var ki.

 

Dünya bir gün məddahlığın öyərsə,
Torpaq yerə nifrət edər, göy ərşə,
Atam məni sənin kimi sevərsə,
Ana, ana yaşamağa nə var ki.

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

 

Şərh

Şərh

To Top