Zərrələr

“Zərrələr”-Elvin Ramizoğlu

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair Elvin Ramizoğlu . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Elvin Ramizoğlunun  şeirlərini sizlərə təqdim edirik: 

31.12.1987-ci ildə Bərdə rayonu Alpoud kəndində doğulub. Ali təhsillidir. 2006-cı ildə Azərbaycan Texnologiya Universitetinin QMT və Turizm fakültəsini bitirib. İki şeir kitabının müəllifidir.

****

Gəl gedək dünyanın biz tərəfinə…

Hicran qapımızı döyməmiş tələs,
Vüsalın özünü öyməmiş tələs,
Anan arxamızca söyməmiş tələs,
Gəl gedək dünyanın biz tərəfinə.

 

Bu üzdə xatirən, nə izin varsa,
Halallaş nə qədər əzizin varsa,
Bu yolda bir ürək cehizin varsa,
Gəl gedək dünyanın biz tərəfinə.

 

Gedirik taleyin düz tərəfiynən,
Qismətin yazdığı öz tərəfiynən,
Sağollaş dünyanın siz tərəfiynən,
Gəl gedək dünyanın biz tərəfinə.
…Mən öləndə…

Çox ağlayasan mən öləndə,
qəbrimin üstündə ürəyin də gedəcək
yeddimdən sonra güləndə,
yadına Elvin düşəcək
tez dodağını yığışdırasan
mənli xatirələri varaqlayasan gözlərində
dərdləri sığışdırasan sözlərində
saçlarına bir il rəng qoymayasan
qara gününün acığına saçların ağaracaq.
Amma xoşbəxtsən
hər gecə sənin yuxuna gələcəm,
anama qoşulub “balam”-deyə hönkürəsən,
amma çox gec olacaq.
Çərçivədə şəklim köhnələcək,
amma heç nə dəyişməyəcək.

Qaytar, gözəl…

Gözlərində gözüm qalıb,
Qaytar, gözəl, gözlərimi.
Göz yaşlarım sıralanıb,
Qaytar, gözəl, gözlərimi.

 

Gözlərindən göz baxmasın,
Gilələnib, tez axmasın,
Boş qoymusan göz daxmasın,
Qaytar, gözəl, gözlərimi.

 

Süzdürdükcə, süzər bulaq,
Mavi gözlər dəniz sayaq,
Piyaləsi çəkdikcə dağ,
Qaytar, gözəl, gözlərimi.

 

Alışmağa közüm yoxdu,
Barışmağa üzüm yoxdu,
Göz almağa gözüm yoxdu,
Qaytar, gözəl, gözlərimi.

 

Ay qız, demə özəlləşib,
Zülüm çəkib göz, əlləşib,
Gözlərində gözəlləşib,
Qaytar, gözəl, gözlərimi

Çətrini aç islanıram yağışdı…

Buludların göz yaşını içmişik,
Bir-birini biz xəbərsiz seçmişik,
İlahidən xoş hörülmüş naxışdı,
Çətrini aç, islanıram, yağışdı.

 

Nəyə lazım külləyəsən közümü,
Yollara sərmişəm iki gözümü,
Yollarında itirmişəm izimi,
Yanağına düşən damcı danışdı,
Çətrini aç, islanıram, yağışdı.

 

Batırır gözündən axan sel məni,
Üşüdür həsrətdən əsən yel məni,
Qınayır yurd-yuva, oba-el məni,
Axı, başqa küsüşənlər barışdı,
Çətrini aç, islanıram, yağışdı.

 

Çəkilmir ürəkdən vüsal qoxusu,
Sevib sevilənin gəlmir yuxusu,
İslanmışın yağışdan nə qorxusu,
Ayaq saxla, qəm sevincə qarışdı,
Çətrini aç, islanıram, yağışdı.
Gedirəm…

Yığışıb gedirəm, gəl sağollaşaq
Yaşamaq qoxusu gələn tərəfə.
Qucaqla boynumu, gül, sağollaşaq,
Gedəcəm göz yaşı gülən tərəfə.

 

Bəlkə gözlərinnən axıb gedəcəm?
Kitab aç! bəxtimə baxıb gedəcəm.
Mənə ümidlənmə çıxıb gedəcəm,
Sabahdan qədrimi bilən tərəfə.

 

Bütün əzabımız izimdə gedir,
Varlığın dilimdə, sözümdə gedir.
“Mən səni sevirəm” özümdə gedir,
Getmirəm taleyi bölən tərəfə.

 

Qalx, qalx! mənimlə gəl, gedək bu saat,
Getmirsən, eybi yox, dalımca su at,
Sənə söz verirəm olma narahat,
Getmərəm sevgimiz ölən tərəfə.

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Şərh

Şərh

To Top