Zərrələr

“Zərrələr”-Əziz Muğani

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair Əziz Muğanidir . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Əziz Muğaninin  şeirlərini sizlərə təqdim edirik: 

28.02.1991-ci ildə Saatlı rayonunun Qaracalar kəndində doğulub. Ali təhsillidir. Sumqayıt Dövlət Universitetinin Kimya fakültəsini bitirib (2008-2012).

 

Gözlərinə bir də baxım

Hər baxanda yaşla dola,
Hican gülü tezcə sola,
Kaş ki yenə qismət ola,
Gözlərinə bir də baxım.

 

Xəyal uça tez yanına,
Arzu çata ünvanına,
Dərdlərimin dərmanına-
Gözlərinə bir də baxım.

 

Bulud kimi yağışlıdır,
İnci kimi naxışlıdır,
Ahu kimi baxışlıdır,
Gözlərinə bir də baxım.

 

Vaxt ötüşə, zaman gələ,
Bəxt üzümə yenə gülə,
Dayanmadan bir an belə
Gözlərinə bir də baxım.

 

Damcıların izi qalan
Yanağından yaş tək axım,
Baxışıyla məni alan
Gözlərinə bir də baxım.
O sahildə görüşərik

Günəş azca solan kimi,
Qəlbə həsrət dolan kimi,
Köhnə vaxtda olan kimi
O sahildə görüşərik.

 

Könül verib, könül alan,
Sevənlərin izi qalan,
Eşq gəmisi lövbər salan
O sahildə görüşərik.

 

Arzular quş olub uça,
Qəlb sevincə qucaq aça,
Bir gün yenə, qaça-qaça
O sahildə görüşərik.

 

Bir ağacda qəlb oyarıq,
Bu həstdən tez doyarıq,
Ayrılığa son qoyarıq,
O sahildə görüşərik.

 

Bir olsa da iki cahan,
Sevgimizi bölüşərik,
İstəmirəm özgə məkan,
O sahildə görüşərik.

Acı sözlərin də şirindir mənə

Acı sözlərin də şirindir mənə,
Sən hər nə söyləsən gözlərim dolur.
Səsini eşitmək istərəm yenə,
Səsini duyanda qəmim yox olur.

 

Qəlbimdə duyğular oda bürünür,
Görünən tərəfim yenə sərindi.
Sinəmdə yaralar dayaz görünür,
Qəlbimin yarası yaman dərindi.

 

Yoldadır qəlbinə yol alan gəmi,
Gözlərin yol çəkir yollarım üstə.
Bu ömrüm yetməsə limana kimi,
Arzular can verər qollarım üstə.
Kaş ki o yaz bir də gələ

Nur kimi, yaraşıq kimi,
Nəğmə deyən aşıq kimi,
Zülmət yaran işıq kimi,
Kaş ki o yaz bir də gələ.

 

Bülbül gülə nəğmə deyə,
Ağac bardan budaq əyə,
Dağ da, düz də yaşıl geyə,
Kaş ki o yaz bir də gələ

 

Qar əriyə, çaylar daşa,
Quşlar uça, dağlar aşa,
Gözəlikdən ağıl çaşa,
Kaş ki o yaz bir də gələ.

 

İndi qışdı, qar ələnir,
Bağban daşdan bar dilənir,
Dözmür ürək, yar dillənir,
Kaş ki o yaz bir də gələ.

 

Necə qane olum, aza?
Dərd mizrabın vurum saza,
Həsrətəm o keçən yaza,
Kaş ki o yaz bir də gələ.
Qaranlıq

Yalnızlıq, gecələr sıxır insanı,
Təkliyin əlindən qaçmaq da olmur.
Fikirdən yuxular çəkilir ərşə,
Beləcə səhəri açmaq da olmur.

 

Susmaq istəmirəm, dinə dərdlərim,
Axı kimə deyim, kim dinlər məni?
Divara danışsam bəlkə dağılar,
O da çəkə bilməz bu qədər qəmi.

Gecənin qənimi işıq deyilmi?
Günəş də doğanda şəfəq görünür.
Bəs mənim gecəmin işığı hanı?
Bəxtimin günəşi niyə sürünür?

 

Gözlərim açıqdır görə bilmirəm,
Qaranlıq içində batan cahanı.
Bəlkə də gözümün nuru tükənib,
Çökübdür gözümə zülmət dumanı.

 

İnsanın özüdür cavabsız sual,
Kim verər izahın, kim bunu anlar?
Otağın içinə sığırsa cismi,
Bəs nədən ruhunu sıxır divarlar?

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Şərh

Şərh

To Top