Zərrələr

“Zərrələr”-Gülnarə İsrafil

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı yazar-şair Gülnarə İsrafildir . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan  Gülnarə İsrafilin   şeirlərini sizlərə təqdim edirik:

 

25.05.1981-ci ildə Gədəbəy rayon Qarı kəndində doğulub.  Gəncə şəhər Pedoqoji-Kolleci (2000-2004), İlahiyyat üzrə “Hövzə”mədrəsəni(2006-2011) ,BSU Yaradıcılıq Fakültəsini (2014-2016) bitirib.
Yönətim Kurulunun başqanı (2013), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru, Gündəlik İnformasiya Agentliyinin baş məsləhətçisi və DGTYB-nin, üzvüdür.

 

Gəncliyin yuxusu apardı məni

Bu qış da ömrümə nağıl danışdı.
Nağıl yaman doğma, yaman tanışdı.
Uşaq yuxularım dağılmamışdı.
Gəncliyin yuxusu apardı məni.

İllərim, aylarım, fəsillərim çin.
Hər gecə, hər gündüz, ömür bir əlçim.
Bulud arasından doğub göyərçin.
Yağış damlaları yapardı məni.

Nə qış axşamıydı, yaz axşamıydı.
Nə gün işığıydı, nə ağ şamıydı.
Bu ömür, ömrümə heç oxşamırdı.
Ayılıb, ayılıb tapardı məni.

 
İnsan kimi yox olum

Göylərdən endir məni,
Bir ovuc torpaq üstə.
Endir damlalarında,
Saralmış yarpaq üstə.
Yu izimi ey yağış,
Yu məni qarış- qarış.
Axıt, axıt Araza,
Doğmalaşdır Xəzərə.
Qalmasın torpaq üstə,
Qalmasın yarpaq üstə,
Varlığımdan bir zərrə.
Dənizin dibindəcə,
Yosun olum, ot olum.
Vulkan kimi püskürüm,
İnsan kimi yox olum.

 
Alçaldılmış qadınların, tüpürüyü

Sinəmdə məzar daşları
ildən ilə böyüyür…
Qan daşlanır…
Yaddaşlanır…
Yad daşlanır.
Özümüzə dəyir daşımız!
təzələnir ildən ilə yaddaşımız
daşımız, baş daşımız!!!
Bu ağrılar lövhələrdə göyərir…
Bitir ölkə-ölkə.
Salxım-salxım dən verir elə bil
hər il.
Yollara qanlı ləçəklər sərilir
bayraq bayraq!
Qışın üzü sərtləşir ayın bu günündə
altı yüz on üç məsumun ölümündə.
Baş-baş doğranıb atılanların, dəhşətli faciələri
körpünün üzündə yazılıb deyə
körpünü də sovurublar göyə.
Qanlı divarlar uçurulmasaydı
hələ də mıxlanmış, diri-diri soyulmuş
uşaqların fəryadı qalmış olacaqdı divarlarda,
düzdə, dərədə, dağda,
Xaçaturun şərab içdiyi bağda.
həmin izlərdir ki, daşların altında qalıb
iyirmi üç ildir ki, qışqırır…
Səsinə səs verən yox.
Diri-diri yandırılmış qəhrəmana
ağac sarılmışdı ki, sona qədər yandırsın.
Gözü mismarlanan şəhid,
Qarabağa verib gözünü…
Deşik-deşik üzünü, özünü…
Döşü kəsilmiş qadının da,
döşü çürüyüb artıq torpağın altında.
Əsirlikdə olan qadınlar
zorlanaraq bic doğuzdurulur,
çoxalır Xaçaturların nəsli.
Gələcəyə güllə atmaq,
keçmişin bağrını dəlmək üçün.
daşlanır yaddaşım hər il!
Şəhidlərin doğranılmış ruhuları
hayqırır məzarlarda,
imzalarda…
Milyardlarla tüpürük düşür üzümə;
alçaldılmış qadınların tüprüyü…

 
Sevgini vərəqə pıçıldamaq istəyirəm

Sevgini vərəqə pıçıldamaq istəyirəm
sətir-sətir
Varlığında əriyib ölmədən.
Əlində ağ göyərçin uçmaq istəyir.
Qanadına gəlinlik sarılıb ümidlərin.
Yazmaq istəyirəm nəfəsimi
sətirlərə.
Yaza bilmədiyim səhifədən.
Payız yarpağı tək saralan təbəssümü
həsrətin dodağından endirərək
bəzəmək istəyirəm qızılı rəngdə.
Birdə gözümdəki kədəri
gülabla yumaq!
Sabahın üzündən tökülən aydınlıqdan
doğulmaq!
Uzanır əlim, sənə aid xəyallarıma.

Qarı nənə!

nə durmusan yol üstündə,
qarı nənə!
gedənə də, gələnə də, əl açırsan.
ovcuna qəpik düşəndə,
küçələrdə,
qəpik-qəpik gül açırsan.
kədərin yoxmu sənin
üzüləsən?
yaşlanaraq,
çalalara-çuxurlara süzüləsən.
bu şəhər yuma gözünü,
çıxa gedə bu şəhərdən.
sən dalansan,
sən küçəsən,
yox, elə sən,
özün boyda bir şəhərsən.
kimdir səni qəpik-qəpik
küçələrə, tinə gömən?
sən deyilsən çiçəklənən.
əl açdıqca,
sadələşən, kiçikləşən dilənçisən.
yol üstündə bir keçid var,
bir də köhnə dayanacaq.
gəlib keçən səndən keçib, dayanacaq!
köhnələşmə,
dur ayağa yol üstündən,
qarı nənə!
dön əvvəlki şəhərinə.

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

 

Şərh

Şərh

To Top