Zərrələr

“Zərrələr”-Gülnarə Sadiq

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı yazar-şair Gülnarə Sadiqdir . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Gülnarə Sadiqin   şeirlərini sizlərə təqdim edirik:

1985-ci ildə Gəncə şəhərində doğulub. Ali təhsillidir. Gəncə Dövlət Universitetində təhsil alıb (2001-2007). GDU-nun nəzdində fəaliyyət göstərən “Gəncliyin Səsi” ədəbi dərnəyinin üzvü olub. Hal-hazırda www.vehdet.org saytının direktorudur. “Möcüzəm mənim” adlı kitabı Türkiyədə işıq üzü görüb.

****

Ölülər toy bayram edir, deyəsən

Günahsız deyiləm, yoxdur günahım,
Günahlar içində tərtəmizəm mən.
Bəlkə də mən hələ doğulmamışam,
Onunçün dünyaya bələdsizəm mən.

 

Yağışın suyunu mən pak sanardım,
Sən demə həsrətin göz yaşı imiş.
Qara buludları mərmər sanardım,
Demək ki bir ömrün baş daşı imiş.

 

Ölülər toy bayram edir deyəsən,
Bu cansız dünyadan qaçdıqlarıyçün,
Gecikib qiyamət, susub deyəsən,
Dünyanı bəndələr qatdıqlarıyçün.

Səninlə görüşə gəlmişəm

Yığıb ətəyimə günahlarımı,
Alıb əllərimə ahu-zarımı,
Sərib yollarına arzularımı
Rəhminə sığınıb gəlmişəm, Allah.
Səninlə görüşə gəlmişəm, Allah.

 

Behiştin tək arzum, tək diləyimdi,
İbadət qəlbimdə tək təsəllimdi,
Peyğəmbər sevdası tək zəfərimdi,
Aşiqəm məşuqa gəlmişəm, Allah.
Səninlə görüşə gəlmişəm, Allah.

 

Kitabın baş tacım, Rəsulun nurum,
Fatimən xəyalım, Hüseynin yolum,
Əhli-beyt qərarım, eşqidir sonum,
Məhkumam hökmümə gəlmişəm, Allah
Səninlə görüşə gəlmişəm, Allah.

 

Xəyal dənizimin sən sultanısan,
Dostumsan, arxamsan, sən sirdaşımsan,
Rəbbimsən, haqqımsan, sən Allahımsan
Əmanət canımla gəlmişəm, Allah.
Səninlə görüşə gəlmişəm, Allah.

Ürəyimi al və get

Get, ürəyimi də al və get
Sevdamı tök başıma
Od vur mənə. Sonra get.
Eşqin kəfənim olsun,
Xəyanətin-baş daşım.
…Durma, get
ürəyimi unutma,
onu da al və get.

 

Gözlərində dəfn et məni,
Ürəyində gizləmə.
Heç vaxt nəsib olmayan
İlk görüş yerimizdə
an məni,
ağla məni.
Axıt göz yaşlarını,
Yasını tut sevdamın,
Qoy sən ağlarkən gözlərindən
süzülüm,
tökülüm bir yaş kimi.
Ağladıqca bitir məni,
Yox et məni,
itir məni.
Qarışıb göz yaşlarına
tökülüm torpağa,
isladım qurumuş yarpaqları.

 
Buxarlanıb buludlara qarışım,
Orda sənə baxım,
Sənlə danışım.
Səni qoruyum soyuqdan, istidən.
Başının üstündə hərlənim sənin,
başına hərlənim sənin.
Küləklə birgə oxşayım səni,
saçlarına toxunum,
əllərinə toxunum.
Hər sən darıxanda,
sıxılanda,
həsrətimdən ürəyin yananda
coşum fırtına təki,
çaxım ildırım təki,
töküm başından-
Dünyanın ən təmiz suyunu sənin.
Təpədən dırnağa yuyum mən səni,
soyudum ürəyini,
Axıdım səndən məni,
Axıdım bu sevginin izlərini.
Alım bu eşqi səndən,
sənin ruhundan.
Bitirim bu sevgini,
İtirim bu sevgini.

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Şərh

Şərh

To Top