Zərrələr

“Zərrələr”- Gülnisə Cabbarova

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı yazar-şair Gülnisə Cabbarovadır  . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan  Gülnisə Cabbarovanın şeirlərini sizlərə təqdim edirik:

 

1972-ci ildə Laçın şəhərində doğulub. Ali təhsillidir.
Moskva Kooperativ İnstitutunun Baki filialı, əmtəəşünas ixtisası üzrə təhsil alıb.

 

Xəbərin varmı?

Bu tənha könlümün qəm otağında,
Qəlbimi yaxırsan xəbərin varmı?
Hər gecə qarışıb göz yaşlarıma,
Gözümdən axırsan xəbərin varmı?

 

Ömrümə baharla qış qoşa gəlir,
Kədərim sevinclə baş-başa gəlir,
Sevdamız nə yaman qarğışa gəlir,
Qışa yol alırsan xəbərin varmı?

 

Mən bəxti qaralı, sən taleyi kəm,
Könlümdə sevgidən saray tikmişəm,
Hicranın əlindən zəhər içmişəm,
Köçüb gedəcəyəm xəbərin varmı?

 

Saralıb gül kimi solur taleyim,
Hər gün qəm, kədərlə dolur taleyim,
Qəfəsdə bülbül tək ölür taleyim,
Kəsilir sədası xəbərin varmı?
Qoşul nəmli gözlərimə ağlayaq…

Aman bülbül payız gəlib, xəzandı,
Qurban olum belə qəmli oxuma,
Bilirsən ki, könlüm evi virandı,
Dərdlərimə qəmdən köynək toxuma…

 

Xəzan vurub saralıbdı baxçalar,
Gülün solub dərdin mənə ayandı,
Mənim kimi axı səni kim anlar,
Zalım fələk dərd üstə dərd sayandı…

 

Pozulubdu göylərinin nəşəsi,
Ulduzları cərgə-cərgə düzülmür,
Payız gəlib küsdürübmü günəşi?
Şəfəqləri yer üzünə süzülmür…

 

Nə sükutdu hər tərəfi bürüyüb,
Payız səndə arzularım sönəcək,
Yazıq könlüm dərd çəkməkdən çürüyüb,
Çıx get mənim ilk baharım dönəcək…

 

Aman bülbül belə fəğan eyləmə,
Payız nə ki, qarşıda sərt qışı var,
Sil gözünü gəl belə qan eyləmə,
Qəzəblənər vaxt, vədəsiz qar yağar…

 

Tut əlimdən küsmə məndən, payızım,
Gəl bülbültək sinəmizi dağlayaq,
Bir də ömrə qayıdarmı heç yazım?
Qoşul nəmli gözlərimə ağlayaq…
Göylər, məni siz ağlayın…

Mən dünyadan köçdüyüm gün,
Bir dəli leysan yollayın,
Göylər, məni siz ağlayın…
İstəmirəm nə oğuldan,
Nə də qızdan…
Vəfalıdan, vəfasızdan,
İnsaflıdan, insafsızdan.
Məndən sonra hey ağlasın,
İstər sinəsin dağlasın…
Göz yaşını leysan etsə,
Gözlərini giryan etsə
Nə mənası?
Bu ağlayan ya bacısa,
Ya qardaşsa,
Ya bir ömür qoşalaşıb,
Yol getdiyim yar-yoldaşsa…
Sağlığımda bir gün məni
duymadısa…
İstəmirəm mən kimsənin,
Boşa axan göz yaşını…
Asi düşən insanların,
Tanrı ilə savaşını…
Qoy ağlasın bağçamdakı,
Ənbər saçan çiçək məni,
Çiçəkləri sevə-sevə
Şirə çəkən böcək məni…
Qoy ağlasın sinəmdəki,
Hər dərdimə şərik olan…
Bircə solğun baxışımdan
gültək solan ürək məni…
İstəmirəm ağlamasın
insan oğlu…
Bilinməz ki, qəlbindəki
yalan, doğru…
Yığın qara buludlara,
Sirrimi pünhan ağlayın…
O tərtəmiz sinənizdə,
Ruhum üçün bircə qarış
yer saxlayın…
Mən dünyadan köçdüyüm gün,
Bir dəli leysan yollayın…
Göylər, məni siz ağlayın…
Göylər, məni siz ağlayın…

Bəlkə də sevdamın son naxışıydın…

Bəlkə də sevdamın son naxışıydın,
Ulduztək göylərdən baxtıma düşdün,
Gözlərimə baxan son baxışıydın,
Ürəyin qocalan vaxtına düşdün…

 

Neyləyim yamanca dolub gözlərim,
Soruşa bilmirəm nəçisən, kimsən,
Əllərindən tutub kövrək əllərim,
Nədən taleyimə sən gecikmisən?

 

İllər xəlbirini tutub üstümə,
Nəyi var saçıma qar ələyibdi,
Ayrılıq sözünü yazıb bəxtimə
Dərdi sinəm üstə təpələyibdi…

 

Get deyib qəlbinə dəyə bilmirəm,
Ümidi, istəyi sönmür könlümün,
Nədəndir dönsəm də özüm bilmirəm,
Üzü məhəbbətdən dönmür könlümün…

 

Nədir sual dolu bu baxış, gülüm?
Dünyanı gözümdə heç eyləmə gəl,
Üzülüb budaqdan ayrılıb gülüm,
Rüzgara tabı yox güc eyləmə gəl…
Nə vaxtdır əllərin qapımı döymür…

Nə vaxtdır əllərin qapımı döymür,
Nə vaxtdır qurumur gözümün yaşı,
Sənsiz taleyim də üzümə gülmür,
Vədəsiz gətirdin ömrümə qışı.
Eşit harayımı eşit, ay Ata,
Sən allah ömrümə qayıt, ay Ata…

 

Nə vaxtdır süfrəmdən kəsilib payın,
Gəlmir qulağıma səsin, harayın,
Sökülüb sən adda qalam, sarayım,
Bilmirəm dünyada qalım-qalmayım.
Eşit harayımı eşit, ay Ata,
Sən allah ömrümə qayıt, ay Ata…

 

Elə bil hər yerdən sənsizlik baxır,
Həsrətin sel olub gözümdən axır,
Vallah bu sənsizlik ömrümü yaxır,
Yoxluğun bəxtimə şimşəktək çaxır,
Eşit harayımı eşit, ay Ata,
Sən allah ömrümə qayıt, ay Ata…

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Şərh

Şərh

To Top