Ədəbiyyat

Allahşükür Ağa-Şeirlər

Kanal15.Tv gənc şair Allahşükür Ağanın şeirlərini oxuculara təqdim edir.

Anlamaz

Torpaq cücərdər sirrimi,
Bir çiçək boyu.
Sonra da dərilər o çiçəklə
Gizli saxladığım sirr.

Dərən nə biləcək,
Nə yazmışam
Gül ləçəyinə.
Bəlkə də o ləçəkdəki yazını
Bəlkə də o ləçəkdəki yazını
Arı oxuya bilər
Qoysalar əgər.
Əgər belədirsə, o sirr balla
açılar.
əgər adamlar deyə bilsə
-söz kəsəndə-
sözünüzü balla kəsim..
Demək, mən vardım orda

****

Tankçı

Mənim çiçəklərimi
Küləklər apardı kiməsə…
Aparıb taxtı
bir tank lüləsinə deyəsən..

Quşlar da uçub doluşdular
tank lüləsinə
çiçəklərin xətrinə
orda yuva qurdular deyəsən.
Bir azdan səs gəldi-
Sarı dimdiklərin səsi..
Gör axırda tankçı neylədi,
Yığıb şələ–şüləsini
Getdi hərbi- hissəyə.
Elə bircə kəlmə deyə bildi
Biz məğlub olduq.
Mərmiləri islatmışdı
Quşların səsi.

*****
Bəzəyək həyatı..

Məhəbbət bağında,
Bəzəyək həyatı
Çiçəklə, güllə.
Bir də heç kəsə açılmasın
Haqlı,
ya haqsız
Lalə rəngində güllə.

Ney səsi desin,
Biz necə qardaş olmuşduq
bir vaxt.
Nə olar, çiçəklərin ləçəyinə
yazılmış toz,
Sən bunu bizə xatırlat.

Bax, şirin duyğular
Buludlar kimi
Çıxır könlümüzdən.
Yaman narahatam
Hara enməyimizdən.
Otların arasında
saralan gül,
Gəl tut əllərimizdən.

*****
Ağlamaq.

Ağlamaq,
Özü də gözəl ağlamaq
Bir az yaşamaqdı, məncə.
Doğma Saatlıda,
Hərdən buludlar gəlir
Başımın üstə əylənməyə.
Tək bir damcı düşür,
Gözümdəki qəmə.

Hansı ölkədən gəlib
bilmirəm
o damcı,
Gözlərimə düşəndən
Başladı kipriklərimin
qırmancı.
Yəni uçmaq həvəsim.

Gözümə düşən o damla
Kiminsə göz yaşıymış,
Gəlib-gəlib
əylənib gözümdə.
Elə bilirəm
Qara bulud var bəbəyimdə,
Məni harasa aparası…

Şərh

Şərh

To Top