Zərrələr

“Zərrələr”-Həmidə Muhəmməd

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı yazar-şair Həmidə Muhəmməddir . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan  Həmidə Muhəmmədin   şeirlərini sizlərə təqdim edirik:

1971-ci ildə Qubadlı rayonunun Çaytumas kəndində doğulub. Ali təhsillidir. Gəncə Texnologiya İnstitutunu bitirib.

 

Üşüdüm

Payız gəldi xəzan vurdu çölləri,
Quruyubdu bağçaların gülləri,
Yenə əsdi sənsizliyin yelləri,
Öz içimdə əsən mehdən üşüdüm…

Kor düyündü içimdəki bu sevda,
Nə xəbər var, nə haray var, nə səda.
Yetişməsin, istəmirəm bu vida
Gözlərimdən düşən şehdən üşüdüm…

Qəlb istədi, könül sındı, əyildi,
Nə sevgidi, nə istəkdi, meyildi?
Mən neynim ki, sevgim gərək deyildi,
Söylədiyin hər bir ehh-dən, üşüdüm…

Mənə dar ağacı gərək…

Mənə dar ağacı gərək
Kipriyimə bağlayım.
Ordan asım özümü,
Öz özümü ağlayım.

Yığılan göz yaşımla
Cəsədimi yuyum mən.
Özüm məzar daşımla,
Baş daşımı qoyum mən.
Dərin olsun məzarım,
Dayazlıqda bezərəm.
Bitsin dərdim azarım,
Orda rahat gəzərəm…

Sevdim səni

Kipriyimdə gizlədiyim
Gizli yaşda sevdim səni.
Ayağımı hər addımda
Əzən daşda sevdim səni…

Çarəsizcə, həm də naşı
Sızıldadı könlüm başı.
Hər kəlmədə addım başı
Dinən “kaş”da sevdim səni,

Ötüb keçən zamanımda,
İtirdiyim gümanımda,
Gözlərimin dumanında,
Ötən yaşda sevdim səni.

Poçt arabaları

O qədər yazası sözlərim var ki…
Qorxuram yazmağa… kağız götürməz…
Cismim sözlərimə o qədər dar ki…
Öz içindən öz içinə
Ağrılara, acılara daranıb,
Öz bəxtinə yazılmışa yenə-yenə
Ürəyim süzülür qələm ucundan,
Tutub qələmimin arzularından,
Tutub arzuların xəyal əlindən
Bir az qələmimin özünə büküb
Sənə pay göndərim öz qələmimdən…
Qələmimin payız nübarı…
Bağçamızın ətri gəlsin,
Çiçək-çiçək şeh çilədim neçə kərə.
Kiçicik bir sevda payı,
Şam işığı… qaranlıq gecələrə…
Tənha, qərib poçt qutusu…
Və bütün yollar da köksümüzdən keçir,
Və köksümüzə tökülür bütün poçt arabalarının
ağrıları.

Mənə bir çiçək gətir

Bura mənim evimdi,
Pəncərəsi nəm evim!
Divar kağızlarıtək
Lay divarım, qəm evim!
Bəs sənin evin necə,
Evinə qurban olum!
Şəhərin ortasından,
Evinin ortasından
Ürəyimə gedən yol…
Nə çətin yoldu bu yol,
Kəsəyi bol, daşı bol…
Bir sevda acısı var,
Bu yolun o yanında.
Bir qız ölümdən qaçır,
Bir qız ölümə qaçır.
Bir sevdanın acısı
Oda dönüb canında!
Tökülüb bu yollara
Elə yansın doyunca,
Elə yanım doyunca,
Su da tökmə üstümə,
Yol kənarı boyunca
Sən məni söndürməyə
Bir ağac ləçək gətir.
Mən palıdı neynirəm,
Mən sərvi neynirəm ki,
Ürəyindən qoparıb
Mənə bir çiçək gətir!

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Şərh

Şərh

To Top