Ədəbiyyat

Cəlilabadda hamı onu Dəli Bəybala kimi tanıyır – Hekayə

“Dəli Bəybala”

Şəhərdə onu Dəli Bəybala çağırırdılar. Yaşı əllini keçsə də, bədəninin cılızlığına görə, ona otuz-otuz beş yaşdan artıq vermək olmazdı. Saçları heç vaxt daranmayan, gözlərinin içi qıpqırmızı olan, bu arıq vücudlu adamın, yay-qış əynində bir dəst köhnə paltar olardı. Nə qışda qalın geyinər, nə də ki, yayda əynini yüngül edərdi, elə həmişə bir görkəmdə gözə dəyərdi. Qışda da, yayın cırramasında da, ayağında rezin qaloş olardı. Şalvarının balağı ayaqlarına dolaşmasın deyə, onu cırıq və kirli corablarına salardı. Bu adamın işi, sənəti səhərdən axşama kimi, şəhərin bu başından, o başına pay-piyada gedib-gəlmək idi.

Əllərini qoynuna qoyub, barmaqlarının ucunda dartına-dartına yeriyən bu adamın görkəmi, hamının diqqətini cəlb eləsə də, heç kəsin onunla işi olmazdı. Əslinə qalsa, Dəli Baybala da heç kəsə dəyib-dolaşmazdı. Qarşısına çıxan qız-gəlinə, uşağa, qocaya bir kəlmə də olsun artıq söz deməzdi. Qarşılaşdığı adamların yolundan çıxıb yol verər, bir dəfə də olsun kimsənin qarşısını kəsib narahat etməzdi.

Dəli Bəybala qırx il idi ki, yollardaydı. Səhər açılan kimi evdən çıxar, bir də qaş qaralanda geri dönərdi. O, kasıb bir ailədə doğulmuşdu. Ata-anasını erkən itirdiyindən, qardaşının himayəsində yaşayırdı. Gözünü dünyaya açıb, ağlı kəsəndən, adının qarşısına qoyulmuş «dəli» sözü onu hey düşündürüb, narahat edərdi. Bəybalanın «dəli» sözündən lap əvvəldən zəhləsi gedərdi. O, bu söz üstündə bir neçə dəfə qonum-qonşunun uşaqlarının baş-gözlərini də vurub yarmışdı. Anlaya bilmirdi ki, camaat niyə ona dəli deyir. Gündə neçə hoqqadan çıxan məhəllə uşaqlarını, niyə bu adla çağırmırdılar?!

Bəybalanın başından cinlərini oynadan «dəli» kəlməsi deyildi. Onu əsəbləşdirən qonum-qonşunun öz uşaqlarına «mənim ağıllı» balam demələriydi. O ağıllı balalar ki, gündə neçə kərə ağılsız işlər görərdilər. Elə pis-pis işlər tutardılar ki, Bəybala ömründə belə işlər görməmişdi. Pis-pis işlər görən bu «ağıllı balaların», ağıllı ata-analarına baxanda, o, əlini-əlinə vurub, qəh-qəhə çəkər və gülməkdən uğunub gedərdi. Öz-özünə fikirləşərdi ki, vallah, bunlar dəlidirlər. Sonradan yaşa dolduqca, nəinki tay-tuşlarının, onlardan böyük uşaqların da, hətta yaşlıların da pis-pis əməllərlə məşğul olduqlarını görəndə, Bəybala istəmədi ki, bu adamlarla adı eyni çəkilsin. İstəyirdi ki, qonum-qonşudan, tay-tuşlarından, elə bu şəhərin adamlarının hamısından fərqlənsin. Və istəyirdi ki, elə onun adı «Dəli Bəybala» qalsın. Çünki bu ağıllı adamlardan onun gözü su içmirdi. Özlərini ağıllı sayıb, dəli-dəli işlər görən bu adamlara qoşulmaqdansa, elə dəli olub ayrıca gəzmək lazımmış, – düşünürdü. Onun düşüncəsinə görə, dəli olmaq dünyanın ən yaxşısı olmaq deməkdir.

Məhəllə uşaqları Bəybalanı dəli, ağılsız saydıqlarına görə, öz gizlin işlərini də onun yanında açıb danışar və elə düşünərdilər ki, Bəybala belə şeyləri anlamır. Əslində, Bəybala bu axmaq uşaqların bütün axmaq işlərindən xəbərdar idı. Amma öz-özünə fikirləşərdi ki, mən dəliyəm, özümü onlara tay tuta bilmərəm. Bax elə, yaşıd olduqları Cabbarla Cəfərin gördükləri işlər ona gülməli gəlirdi. Bəybalanı on gün ağaca bağlayıb, nar çubuğuyla çırpsaydın, belə işlər görməzdi. Cabbarla, Cəfər hər bazar günü gedib hamamın pəncərəsindən orada çimən arvadlara baxardılar. Bəybala bunu bilsə də, heç kimə bir kəlmə də olsun söz deməmişdi. Amma bir gün, bu iki dostun gedib hamamda çimən öz analarının ora-burasına baxdıqlarını biləndə, əlini-əlinə vurub, ləzzətlə gülmüşdü. Sən demə, uşaqlar qatışığa salıb, lüt-üryan çimən öz analrına tamaşa edirmişlər…

Dəli Bəybala bu hadisədən sonra Cabbarla Cəfərə salam verməyib, onları görəndə üzünü yana tutub gedərdi. Onu yandıran, təkcə tay-tuşlarının ağılsız hərəkətləri deyildi. Dəli Bəybalanın ürəyini ağrıdan böyüklərin də yanlış hərəkətləriydi. Bir də görərdin, məhəllə uşaqları pişik balalarını öldürüb, atıblar şikəst Sənəm arvadın su quyusuna. Qonum-qonşu da, həmin quyudan su daşıyıb işlədirdilər. Bir-neçə gün keçəndən sonra, bir də görərdin, kiminsə vedrəsindən ölmüş pişiyin başı göründü. Aləm dəyərdi bir-birinə, yığışardılar quyunun başına. Bir hay-küy qopardı ki, gəl görəsən. Çox çənə-boğazdan sonra, axırda bir nəfər qayıdıb deyərdi: «Bu, Dəli Bəybalanın işidir!..». Bunu uşaq desəydi, Bəybalanı o qədər də yandırmazdı. Bu sözü deyən, məhəllənin ağsaqqalı Cəfərqulu kişi olardı. Söz Cəfərqulunun ağzından-çıxar-çıxmaz məhəllənin arvadları tökülüşərdilər Bəybalanın üstünə:

– İtil, get burdan, dəlinin biri dəli!.. Allah səni niyə öldürmür ki, canımız əlindən qurtarsın», – deyib, onu gözüm-çıxdıya salardılar. Bəybala da, işin fırıq olduğunu görüb, camaatın içindən sivişib çıxardı. Uşaqlara da, elə bu lazım idi, yerdən daş-kəsək parçası götürüb, onun dalısınca tolazlardılar.

Dəli Bəybala da, daş-kəsəkdən qorunmaq üçün, pencəyini başına çəkərək, evlərinə tərəf qaçıb, doqqazın ağzında dayanar və üzünü camaata tutub, bildiyi bircə söyüşünü söyərdi: «Dədöün… Dədöün…»

Neçə dəfə öz qulaqlarıyla eşitmişdi ki, anaları uşaqlarına deyir: – Dəli Bəybalayla oynamayın ha.. O dəlidir, əlindən xata-zad çıxar.

Belə şeyləri eşidəndə Bəybalanın cin vurardı başına. Ona görə yox ki, onun bu sözlərdən acığı gəlirdi. Ona görə ki, həmin ağıllı uşaqlar, bir də gördün məhəllədəki, iki gözündən də zəlil olan Kərim kişinin əlindən tutub, gətirib durğuzardılar asfaltın ortasında və:
– Əmi, bura tualetdi, otur burda, – deyərdilər.
Yazıq Kərim kişi də, heç nədən xəbərsiz, düz asfaltın ortasını isladardı. Uşaqlar da əllərini əllərinə vurub gülüşərdilər.

Uşaqların bu hərəkəti Dəli Bəybalanı yaman hirsləndirərdi. Gedib Kərim kişinin əlindən tutar və yolun ortasından çəkib, aparardı.

Dəli Bəybala on dörd yaşına çatanda, evlərindən iki küçə o yana yaşayan bir qıza vurulmuşdu. Qıza vurulmuşdu deyəndə, qız ona sataşırdı. Bəybalanı hər görəndə, dilini çıxardar, barmaqlarını dodaqlarının üstünə qoyub ona «öpüş göndərərdi». Bəybala, əvvəlcə qızın bu hərəkətlərindən bir şey başa düşmədiyindən, iri bərəlmiş gözlərini onun üzünə zilləyib, maddım-maddım baxardı. Sonra get-gedə qıza elə öyrəşdi ki, hara getsəydi, yolunu onların küçəsindən salar və qızgilin əncir ağaclarının altında durub, ona xeyli tamaşa eləyərdi. O, qızı yaman çox istəyirdi. Hətta gecələr yuxusuna da girirdi o qız.

Bu hal bir müddət beləcə davam etdi. Bir gün qızın anası Balaxanım arvad Bəybalanın qıza, qızın da Bəybalaya baxdığını görüb, yamanca əsib-coşdu.
– Buna bax, – dedi, – kül mənim başıma, camaata it hürsə, mənə də çaqqal hürər. İtil e, burdan, avaranın biri, avara. Hansı dərənin dəlisi, axmağı var gəlib məni tapır. Ədə, cəhənnəm ol, çıx get xarabanıza da.. nə kəsdirmisən bu darvazanın ağzını. – Sonra o, dönüb qızına acıqlandı: – Külü qoyum sənin olmayan ağlına, adam tapa bilmirsən söhbət eləməyə? Küçənin ağıllı, gözəl-göyçək oğlanları qalıb, gedib ilişmisən dəlinin birisinə. Daş sənin qız başına!..

Dəli Bəybala o gündən bir də həmin evin qarşısında dayanıb, qıza baxmadı. Ürəyindən qızı görmək keçsə də, anasının qorxusundan onlar yaşayan evin yanına çatan kimi, dabanına tüpürüb qaçardı. Amma bir yay günü, gördükləri yaddaşında həmişəlik ilişib qaldı və o, bir daha heç bir qızı sevməyəcəyinə söz verdi.

O, günortanın istisində evlərinə dönəndə, yolunu qızgilin küçələrindən salmışdı. Fikirləşdi ki, uzaqdan da olsa, bəlkə onu gördü. Çoxdan idi, bu tərəflərə hərlənmirdi. İncil ağacının yanına çatanda, gözlərinə inanmadı. Sevdiyi qızı qonşu oğlanları araya alıb, onunla şit-şit zarafat edirdilər.

Dəli Bəybala elə qəzəbləndi ki… O, əyilib yerdən bir çay daşı götürüb onlara tərəf atdı. Daş, əncir ağacının iri yarpaqlarını xışıltı salaraq qırıb, yerə tökdü. Bu xışıltının dalısınca, tükürpədici bir səs qopdu:

– Ay an-aaa… öldüm!!!..

Qonşunun oğlu Əliniyaz idi qışqıran. Daş onun başına dəyib paralamışdı. Qız, bir göz qırpımında evə qaçdı. Onun evə girməsi ilə, anasının eşiyə çıxması bir oldu. Balaxanım arvad, özünü canhövüllü həyətə salıb, incil ağacına tərəf qaçdı. O, baş-gözündən qan süzülən qonşunun oğlunu görüb qışqırdı:

– Ay bala, sənə nə olub?.. Niyə belə qışqırırsan?!..

Qana bulaşan oğlan, əliylə küçədə dayanmış Bəybalanı göstərərək hönkürdü:

– Xala, biz incillikdə oynayırdıq, Dəli Bəybala daşla vurub mənim başımı yardı.

Balaxanım arvada elə bil cin toxundu:
– Allah, biz neynəyək, bu dəlinin əlindən? Başımızı götürüb hayana qaçaq?! Uşaq-muşaq da çölə çıxa bilmir ha, bunun qorxusundan.

O, təndirin üstünə qoyulmuş ikiqanad yabanı götürüb, Bəybalanın üstünə yeridi.

Bəybala, Balaxanım arvadın əlində yaba ona tərəf gəldiyini görüb, bir az qaçdı. Sonra, arvad qabağında qaçmağı kişiliyinə sığışdırmayıb, dayandı və eyvanda durub onlara tamaşa edən qıza barmağını uzatdı. Sonra oğlanları göstərib, bayaq onların etdiyi hərəkətləri yamsıladı.

Onun bu hərəkəti Balaxanım arvada od qoydu. Arvada elə gəldi ki, Dəli Bəybala bu biədəb hərəkətləri onun qızı üçün eləyir. Odur ki, əlindəki yabanı düz Bəybalanın başına çırpdı. Yaba Bəybalanın başında ikiyə bölündü.

Bəybaladan dəhşətli bir səs çıxdı. O, bu dəfə arxaya da baxmadan «Dədöün….», «Dədöün…» – deyə-deyə, evlərinə tərəf götürüldü. Arxadan Balaxanım arvadın səsini də eşidirdi. Balaxanım arvad, bayaq qızıyla minbir oyundan çıxan, qonşu oğlanlarına üzünü tutub deyirdi:

– Mənim ağıllı balalarım, gəlin keçin evə. Sizə neçə dəfə demişəm ki, o dəlidən uzaq gəzin. Bala, uzaq gəzin də, o səfehdən!..

Bəybala isə, başının ağrısını unudaraq, arvadın bu sözlərinə qəhqəhə çəkib gülürdü.

İllər keçəndən sonra Dəli Bəybala, həmən qızı şəhərin başqa-başqa kişiləriylə gəzən gördü. Bir dəfə qız, Bəybalaya bir qutu papiros da bağışlamışdı. Onda Bəybala səkinin qırağında oturub, çəkdiyi ücüz papirosun tüstüsünü burnundan havaya fısqırdırdı. Başı öz aləminə qarışdığından, yanında dayanan maşından da xəbəri olmadı. Gözləri, kirli qaloşlarının ucuna dirənmiş, bir cüt par-par parıldayan ayaqqabılara sataşanda, bərəlmiş gözləri bir az da bərəldi. Başını qaldıranda, gözlərinə ilk dəyən bir cüt ağappaq qadın qılçaları oldu. Başını bir az da dikəltdi. Qarşısında dayanan, saçları tovuz quşu tükləri kimi üç-dörd rəngə çalan qızı görəndə, Bəybala əvvəlcə onu tanımadı. Qızın yekə, boyalı dodaqları arasından parıldayan ağ dişləri, Bəybalanın bərələn gözlərini qamaşdırdı. Qız, Bəybalanın ona dikilən bədheybət baxışlarından əsla çəkinməyərək, əlini uzadıb barmaqlarının ucuyla, onun tüklü çənəsini sığalladı. Sonra geri dönüb, maşının sükanı arxasında oturan yaşlı kişiyə:

– Bu oğlanı görürsən, mənim ilk sevgilimdi. Bilirsən, məni necə sevirdi… Yazığın əli heç əlimə də dəymədi, – deyə qız, həsrətlə Dəli Bəybalanın üzünə baxıb, dərindən köks ötürdü. – Arada ürəyimdən keçir ki, xəlvətə salıb, heç olmasa bircə dəfə də olsa, onun könlünü görüm, yazıqdı… – deyə o, maşındakı kişiyə baxıb gülümsədi.

Sonra qız, əl sumkasından bir qutu bahalı papiros çıxarıb, Bəybalaya uzatdı. Bəybala ömründə beləsini çəkməmişdi. Ona görə də, papiros qutusunu almadı. Qız, papiros qutusunu zorla onun əlinə verib:
– Al götür, utanma. Mənim sağlığıma çəkib, şellənərsən…

Dəli Bəybala bir söz deməyib, papiros qutusunu qızdan aldı.

Qız maşına oturanda barmaqlarını qoşalaşdırıb, dodaqlarının üstünə qoydu və Bəybalaya bir «öpüş göndərdi».

Bəybala qızın bu hərəkətini görəndə, elə bil onun itmiş yaddaşı oyandı. Neçə illər bundan qabaq ona hamıdan əziz olan Qəmzə adlı qızı tanıdı. Əvvəl-əvvəl, üzündə təbəssüm işartısı oyandı. Sonra sifəti ciddiləşdi. O, dik ayağa qalxıb, bir xeyli ondan uzaqlaşan maşının arxasınca qaçdı. Sonra nə fikirləşdisə, maşının dalınca tüpürüb, əlində tutduğu bahalı papiros qutusunu da ayaqları altına atıb tapdadı.

Dəli Bəybalanın əzabları gecələr artardı. O, gündüzlər gəzib-dolaşdığına görə, başı qatışıq olardı. Necə ki, axşam düşürdü, onunçün ayrılmış balaca otağına keçib yatağına uzanardı. Evdəkilərin onunla işləri olmazdı. Onun da ev adamlarının işinə qarışdığını görməmişdilər.

Qış ayları onunçün dözülməz olardı. Ev-eşiyin buz təki soyuqluğu, otağın zülmət qaranlığı Bəybalanı vahimələndirərdi. Havalar soyuyanda bu boyda şəhər, elə bil cəhənnəmə dönərdi. Həftələrlə, aylarla işıq olmazdı. Olanda da, lampa işığı kimi o qədər zəif olardı ki, Bəybalanın gözləri acılaşardı. Qışda qaz da kəsilərdi. Camaat həyətlərindəki meyvə ağaclarını, park və xiyabanlardakı bəzək ağaclarını kəsib, yandırardılar. Şəhərdə hamı belə yaşamırdı. İmkanlı adamların işığı da yanırdı, hələ sobalarından tüstü də qalxırdı. Onlarçün qış da bahar kimiydi. Bu hal ancaq kasıb və imkansız adamlar üçündü. Şəhər, elə bil iki təbəqəyə bolünmüşdü – varlılar və kasıblar. Necə ki, gecə düşdü, görərdin, şəhərin bir küçəsində işıq yanır, o biri küçəsində zülmət qaranlıqdır. Bəybala belə vaxtlarda şər qarışmamış yatağına girər və əllərini dizlərinin arasına qoyaraq, büzüşüb yatardı. Qış aylarında o heç paltarlarını da soyunmazdı. Şalvar-pencəkdə, iki qatlanmış yorğanın arasına girər və nəfəsiylə yerini qızdıranacan orada titrəyərdi.

Gecələr sübhə qədər o, gözlərini bir nöqtəyə zilləyərək, susub qalardı. Gün ərzində gördüyü hər bir hadisəni yenidən xəyalında canlandırıb, xatırlamağa çalışardı. Əzab verirdi ona gördüyü hər şey. Elə bil bu boyda şəhərin camaatının ağrısını o çəkirdi. Adamların hərcayiliyi az qalırdı ki, onun ürəyini infarkt eləsin…

…Günlər ötdükcə, şahidi olduğu hadisələrə tab gətirməyən Dəli Bəybalanın az qalırdı ki, başına hava gəlsin…

Müəllif: Meyxoş Abdullah, yazıçı-şair

Şərh

Şərh

To Top