Zərrələr

“Zərrələr”-Humay Abbas

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı yazar-şair Humay Abbasdır. Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan  Humay Abbasın şeirlərini sizlərə təqdim edirik:

1976-cı ildə Bakı şəhərində doğulub.Orta-ali təhsillidir. Asəf Zeynallı adına musiqi kollecini bitirib (1991-1995). Qanon musiqi aləti ixtisası üzrə müəllimdir. BSU Yaradıcılıq fakültəsində təhsil alır (2014).

Ayrılıq

Eşqlə dolu gözümdən,
Axan yaşdı ayrılıq.
Bircə kəlmə sözündən,
Çıxdım, çaşdı ayrılıq.

Yoxdu bizə gümanı,
Qəfil gəldi zamanı.
Başım üstə dumanı
Görüb qaçdı ayrılıq.

Üzdü məni, sevindi,
Əlvan libas geyindi.
Dedi: “hicran sənindi”
Həddin aşdı ayrılıq.

Yolun kəsə bilmədim,
Meh tək əsə bilmədim,
Hansı səsə bilmədim,
Qulaq açdı ayrılıq.

Dilə tutdum, olmadı,
Sevgi qatdım, dolmadı.
Artıq gücüm qalmadı,
Ağır daşdı ayrılıq.
 

Gileyim vardır

Dünyanın kədəri mənim taleyim,
Budur alın yazım, bitməz gileyim.
Qəmdən qeyb olubdur sevinc mələyim,
Dərdimin dindiyi fəsil bahardır.

Günahsız yaradıb, bizi Yaradan,
İnsanı yolundan azdırır şeytan.
Çünki, çiy süd əmib, deyirlər insan,
Südün də halalı, haramı vardır.

Niyə belə döndü, dövr etdi zaman,
Dərdin dəvasını tapammır loğman.
Kimə sual verib, kimdən sorursan,
Taledən küskündür, bəxtdən bezardır.

Sanırıq bizimdir bu fani dünya,
Arzular, diləklər sahilsiz dərya.
Nə ola, həyatda ölüm olmaya,
Heyif son evimiz qara məzardır.
 

Nursuz səhər

Səhər, niyə qaranlıqsan?
Niyə itib nurun sənin?
Axı son ümid yeriydin,
Hicran dolu gecələrin.

Niyə sönübdü işığın?
Ümidin sarsıldı niyə?
Qəfil itdi yaraşığın,
Artıq gücün yetmir deyə.

Gücün yetmir nur saçasan,
Ömrün zülmət aynasına.
Ümid yolunu açasan,
İnsanlığın dünyasına.

Üz döndərdin demək sən də,
Haqsızlıqlar dünyasından.
Zülmət örtüb gül üzünü,
Səhər açmır həyasından.

 

 

Vüsal küləyinin həsrətindəyəm

Həsrətin küləyi əsir ömrümə,
Bu külək ayrılıq, kədər gətirir.
Ağaclar durmadan edir zümzümə,
Hicran nəğməsini mənə yetirir.

Bu nəğmə yad deyil, doğmadır mənə,
Həyatım boyunca duymuşam onu.
Ümidlə dinlədim, nəğməni yenə,
Bəlkə duymaq üçün xoşbəxt sonunu.

Yenə də kədərlə bitdi bu nəğmə,
Külək niyə belə dərdli əsirsən?
Qənim kəsilmisən ümidlərimə,
Fələyin çərxində sən də əsirsən?

Bir gün elə əs ki, həzin küləyim,
Çıxasan fələyin əsirliyindən.
Elə əs ki, çərxi zalım fələyin,
Əbədiyyən dönsün, çıxsın yerindən.

İstədiyi zaman qoy fırlatmasın,
İstədiyi səmtə taleyimizi.
Dərdi ömrümüzə daha qatmasın,
Dərdlə oynatmasın heç zaman bizi.

Elə əs ki, yenə bir gün küləyim,
Mehin qəlbimizə sevinc gətirsin.
Ağaclardan həzin nəğmə dinləyim,
Zümzüməsi yalnız vüsal yetirsin.

Məndən xəbərsiz dünya

Bu dünyanın beşiyi,
Yırğalanır durmadan,
Ay da çəkir keşiyin,
Lay-lay deyir səmadan.

Yuxulayır bu dünya,
Heç oyanmır röyadan.
Dünya məndən xəbərsiz,
Mən xəbərsiz dünyadan…

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Şərh

Şərh

To Top