Zərrələr

“Zərrələr”-İlahə İmanova

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı yazar-şair İlahə İmanovadır. Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan İlahə İmanovanın    şeirlərini sizlərə təqdim edirik:

1979-cu ildə Bakı şəhərində doğulub. Ali təhsillidir.

 

Qısqanıram…

 

Məndən uzaqdasan, yoxsan yanımda,

Qarışıb yenə də fikrim, xəyalım.

Qorxu gözlərimdə, təlaş canımda,

Qəlbim rahat olmur, dərk etmir ağlım.

 

Qısqanclıq ruhumu bürüyüb bütün,

Əsən küləyə də qısqanıram mən.

Əlinə, üzünə toxunur hər gün,

Mənimsə xəbərim heç yoxdur səndən.

 

Ay səni seyr edir gecə səmadan,

Günəşsə oyadır səni hər səhər.

Üzünə toxunub yanaqlarından

Süzülən damla da olub bəxtəvər.

 

Qısqanclıq oduna alışır ürək,

Sevən qısqanc olar, şərhə nə gərək!

 

Susursan…

 

Susursan…dinmirsən yenə bu axşam,

Baxışın zillənib eyni nöqtəyə.

Qəmini, sevinci hər vaxt duymuşam,

Bələdəm qəlbindən keçən istəyə.

 

Suallar verirəm, cavab almıram,

Dilə gətirmirsən heç bir sözünü.

Səni səndən də çox mən anlayıram,

Gəl, yana çevirmə nəmli gözünü.

 

Onsuz baxışların dinir, danışır,

Qəlbindən keçəni eyləyir izhar.

Xəyalın dənizlər, dağlar dolaşır,

Amma ki, yenə də verməyir qərar.

 

Elə lal sükutun cavabdır mənə,

Çün ruhum doğmadır, yaxındır sənə.

                  ***

 

 

Ömrümün ətirli gül bağçasında

Birdən tufan qopdu, küləklər əsdi.

Günəş də bezikib qəmli həyatdan

Dağlar arxasına yenə tələsdi.

 

Qəlbimə kədərin ağrısı doldu,

Səadət tərk etdi bahartək məni.

Ömrümün bağçası saraldı, soldu,

Göz yaşı qərq etdi dəniztək məni.

 

Axır yanağımdan isti göz yaşı,

Süzülüb hər damla bir şəbnəm olur.

Əridir qayanı, mum edir daşı,

Yenə də qayıdıb qəlbimə dolur.

 

Nə deyim taleyin sönüklüyündən,

Gənc ikən həyatda tez qocaldım mən…

                                          ***

 

Niyə solubsan sən, ey gözəl qönçəm!

Yoxsa sönüb eşqin, həyat istəyin?

Nədən axıdırsan qəm leysanını,

Bəlkə yoxdur sənin dostun, köməyin?

 

Bir-bir ləçəklərin qopub tökülür,

Vaxtsız xəzan gəlib bahar ömrünə?

Qəlblərə sevinci gətirən sənsən!

Bu kədər yaraşmır gül ləçəyinə…

 

Sevinc gətirsək də başqa qəlblərə

Özümüz həsrətik gözəl sözlərə…

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Şərh

Şərh

To Top