Ədəbiyyat

Ruzbeh Məmməd-Şeirlər

Kanal 15 İstedadlı şair Ruzbeh Məmmədin şeirlərini təqdim edir.

Klassik sevgidən sonra…

(Aynur üçün)

 

demişdim sənə, sevmək daha çox unutmaqdı.

unuda-unuda sevmək ,

sevgilərin ən uzağıdı.

bilki ayağımdan üzü yuxarı ,

bütün bədənimlə təkliyimə darıxıram.

indi mən öz kölgəmə çəkilib,

öz yerimə unuduluram ki,

sən məni daha çox sevəsən deyə.

ağlıyıram şəklinə ,

özümlə birgə üşüdürəm səni də,

ağladıram darıxıdığın bu uzaq şəhəri də…

 

və getdiyin şəhərdə gecələr insafsız olur

sənə baxanda,

həm də çox üzücü..

bəlkə də məni tərk etməyin,

daha çox sevməyindəndir

bizim tutulduğumuz yeganə xəstəliyin adı sevgidir

mən ayılıb yenidən tutuluram sənə.

 

necə ki pəncərədə həyat qaralır,

necə ki təkliyim yadıma düşür

dağılırsan yarama

yadıma düşdükcə əzizliyirəm şəklini

əllərim ağrıyır ikidə-bir sənə görə

hələ də xəyanət etmədim rəsminə…

 

mənə yazığın gəlsin,

məni birnəfəsə unut

canını dişinə tut,

çıx get,

qapı-qapı bağla,ev-ev məni tərk elə

sevmək unutmaqdı birdəfəlik dərk elə

darıxmaqdı sevginin bütün yanı biləsən…

 

 

Bağışla bu uşaqlığı

 

olmazın sevgisin yaşatdın mənə,
bir də çətin unudam bu yalqızlığı.
niyyətli deyildim səni sevməyə,
əff eylə, noolar bu uşaqlığı…

 

sənə gec demişəm dəliliyimi

əgər kin səninçün darıxmışamsa

bu adi şeydidə noolsun axı..

 

hər şeyin sonu darıxmaqdı da..

əvvəl uşaq olur bütün adamlar

sonra uzaq olur bütün yaxınlar

sonda yoxa dönür,bir gün heç olur

gecikir adamlar biri-birinə

görürsən onda da hər şey gec olur

 

mən də gec demişəm dəliliyimi

əgərki səninçün darıxmışamsa

bu adi şeydidə noolsun axı..

 

Bütün küçələr çıxıb getmək üçündü

 

bilirəm ki,hər gün unudulmaq,

zibil kimi mənasızlaşmaq,

ev kimi baxımsızlaşıb,

küçə kimi tərk edilmək var.

bütün küçələr çıxıb getmək

bütün gecələr unudulmaq üçündü…

 

əslində,yer kürəsi çox cılızdı.

eyni günəş çıxır,

eyni külək əsir,

eyni yağış düşür,

eyni olur ölümə yubanmaq

bir də ümidsizliyə qapılmaq,

yorğun üzünü qapamaq

 

qarabazarlar ,

amerika sayağı xoşbəxtlik yarımarkası

yenə böyük şəhərlər,dayanacaqlar

ayaqqabısıyla darıxan sərnişinlər,

olmazın üzüntüləri,

şəhər hüznləri…

 

ölüm də insan gözünə pərdə çəkməkdi

hamını aldatmaqdı.

adam ilk ağrıdığı  yerdən qocalır

vaxtın duruşundan təngə gəlir

əvvəl özündən yox olur,

sonra düşüncələrdən

 

bütün küçələr çıxıb getmək üçündü bu şəhərdən,

bütün gecələr unudulmaq üçündü…

Kanal15.tv

Şərh

Şərh

To Top