Ədəbiyyat

Xəyalə Sevil-Şeirlər

Kanal 15 istedadlı yazar Xəyalə Sevilin şeirlərini oxuculara təqdim edir.

Bir qadın unutdu səni

Göy də itələdi məni,
Göyün üzündən yıxıldım.
Ağladım,
Gözümdən düşdü xəyallar,
Suyun üzündən yıxıldım.

 

Sən də hamı kimi oldun,
Mən də dəyişdim, necədi?
Gözümdən yol kimi
Uzanır yaşım,
Yanağım təzə küçədi.

Sevgi də qarğış kimidi,
Atdım, gəlib tutdu səni.
Sevdi, qədrini bilmədin,
Bir qadın unutdu səni.
***
Və mən indi hamıdan
Küsmüşəm sənə görə.
Ürəyimi sinəmdən
Asmışam sənə görə.

 

Və mən indi sevgiyə
Ən çox inanmayanam.
Gözlərinin qarasında
Yatıb oyanmayanam.

 

Yanağımda üç damla yaş…
Əcəb nağıllı olmuşam.
Ürəyimi itirənnən
Elə ağıllı olmuşam.
***

Sən onda məni sevirdin
Sən onda məni sevirdin,
İndi… bilmirəm daha.
Xəyallardan qayıdıram,
Səni… səni unutmağa.

Sevgi məndən ötüb keçən
Gözəl-göyçək xatirədi.
Dünyadakı ən tək adam
Mənəmsə… sənə görədi.

 

Nə yer yiyə durar mənə,
Nə də göy anlamaz artıq.
Könlümün xarabasında
Bayquş da ulamaz artıq.

Kanal 15

Şərh

Şərh

To Top