Zərrələr

“Zərrələr”-İlkin Abbas

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı yazar-şair İlkin Abbasdır. Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan İlkin Abbasın    şeirlərini sizlərə təqdim edirik:

08.12.1993-cü il Naxçıvan şəhərində ziyalı ailəsində doğulub. Uludağ Universiteti Bursa şəhəri, İngilis dili fənni üzrə tələbədir (2015).
Yağışı çox sevirəm

Yağışı çox sevirəm,
Damla-damla, düşən zaman torpaq üstə,
Çiçəkləri isladanda bağçalarda,
Səni mənə xatırladır.
Düşünürəm sənlə keçən sevgi dolu günlərimi,
Sənə qurban verdiyim o,
Aylarımı, illərimi.
Yağış hər yağdığı zaman,
Yada düşür yağış altda sənlə keçən xatirələr,
Aylar, illər,
Yada düşür nələr, nələr…
Yadındamı,
Yadındamı yağış altda necə islandıq biz o gün,
Sən yamanca üşüyürdün.
Yağış göydən yağa-yağa tellərimə,
Qollarıma aldım səni,
Aldım bumbuz üşüyən əllərini,
Əllərimə.
Çox darıxdım o günlərçün,
Bilsən necə.
Sənsiz mənə gündüzlər də olur, gülüm, zülmət gecə.
De hardasan?
Mələk üzlüm,
Gözəl gözlüm?
Ruzigarmı aldı səni əllərimdən?
Ayrı düşdüm sənlə olan aylarımdan, illərimdən…
Hardasan bilmirəm…
Yoxdur xəbər neçə ildir gülüm, səndən,
Bir məktub var məndən.
Küləklərlə göndərmişəm, aç oxu.
Alsan əgər o məktubu,
Sən də yazıb ver küləyə,
Saçından bir tel də kəs qoy həmin məktubun içinə,
Nəmli olsun qoyduğun tel.
Mənə səni xatırlatsın.
Xatırlatsın ömür boyu sənli olan günlərimi,
Xatirənlə yaşayım qoy.
Yağış yağan zaman çıxıb yağış altda dayanaraq,
Xəyal edim yenə səni,
Xəyal edim səni sənsiz…
Xəyalımda,
Yağış altda islanaq biz…

Bu dərdi

Saxladım içimdə bir ömür boyu,
Heç vaxt çıxartmadım üzə bu dərdi.
Dərdli varmı görən bir muncuq kimi,
Sapa asta-asta düzə bu dərdi.

 

Dolaraq dərdimdən buludlar ağlar,
Gözlərim qəlbimin yasını saxlar,
Dərdi dağa desəm əriyər dağlar,
Mən necə çevirim sözə bu dərdi?

 

Dərdliyəm, dərdliyə gərək olum tən,
Görəsən varmıdır dərdimi bilən?
Ömrün qış fəslidir, üşüyürəm mən,
Şaxtası çevirsin buza bu dərdi.

 

Dərdimə olmadı öz eşqim şəfa,
İnandım hər şeyə bax, mən binəva,
Düzdü, gözəllərdə yoxdu ki vəfa,
Söyləyim hansı bir qıza bu dərdi?

 

Başımdan getməyir bu dərd, bu məlal,
Məndən uzaq düşüb vallah eşq, vüsal,
Aşıq, sazı götür, qəmli hava çal,
Əllərin danışsın saza bu dərdi.
Məktub

Bir məktub yazıram şam işığında,
Verəcəm gətirsin küləklər sənə.
Sən də gəl cavabsız qoyma məktubu,
Yaz, ötür küləyə, gətirsin mənə.

 

Bilmirəm bu səndə nədəndir, nədir,
Sən hər böyüdükcə uşaqlaşırsan.
Mən sənə bir addım yaxınlaşıram,
Sən məndən on addım uzaqlaşırsan.

 

Bilmirəm nə yazır əlimdə qələm,
Cümlələr mənimdir, fikirlər yadın.
Baxıram məktubun hər cümləsinə,
Hər sətir sonunda yazılıb adın.

 

Nə edim dinləmir bu ürək məni,
Hökm edə bilmədim səni unuda.
Bir məktub yazdım ki sənə yetirə,
Sənə yetirmədi külək onu da.

 

Nə isə, yazmaqdan çox danışdım mən,
Bizim sevgimizə düşübdür düyün.
Baxarsan ki, külək əsdi gətirdi,
Məktubum keçəcək əlinə bir gün.

 

Ey gözəl, gözləri giryan olarsan,
Ölümə gedirəm qərarım üstə.
Oxuyub məktubu peşman olarsan,
Göz yaşı tökərsən məzarım üstə…

Sən mənim nəyimə vurulmusan ki?

Deyirsən vurğunam, sevirəm səni,
Sən mənim nəyimə vurulmusan ki?
Deyirsən tək sən ol ömrümün təni,
Sən mənim nəyimə vurulmusan ki?

 

Boranlı qışına qar olmayacam,
Ətirli bağçana bar olmayacam,
Başa düş, mən sənə yar olmayacam,
Sən mənim nəyimə vurulmusan ki?

 

Gözüm kədərlidir, gülə bilmirəm,
Gözümün yaşını silə bilmirəm,
Özüm öz qədrimi bilə bilmirəm,
Sən mənim nəyimə vurulmusan ki?

 

Əsib taleyinə eşq adlı külək,
Yenə dövr eyləyir bu zalım fələk,
Məndə var sadəcə bir quru ürək,
Sən mənim nəyimə vurulmusan ki?

 

Bulud tək boşalıb dola bilmərəm,
Mən sənin könlünü ala bilmərəm,
Səninlə bir ömür qala bilmərəm,
Sən mənim nəyimə vurulmusan ki?

 

Gəl o ürəyindən çıxart sən məni,
Mən ola bilmərəm ömrünün təni,
Pulum yox, sarayda yaşadam səni,
Sən mənim nəyimə vurulmusan ki?

Sənsiz

Bir vüsalın həsrəti,
Məhv edir məni, sənsiz.
Yoxluğundur gətirən,
Saçıma dəni, sənsiz…
Bahardakeçdi, gülüm,
Payız aldı yerini.
Sən getmisən həsrətin,
Qəlbdə saldı yerini…

Sən elə düşünmə ki,
Sənsiz güləcəyəm mən.
Səninlə bir yaşadım,
Sənlə öləcəyəm mən.

Xatırladım keçmişi,
Ordan keçəndə sənsiz…
Ruhunla köçəcəyəm.
İnan, köçəndə sənsiz…

Sənsizlik elə yükdür,
Qaldırammır çiynim də.
Sən yoxsan ki yanımda,
Açılmayır eynim də.
Hər bir yerdə arayır,
Gözlərim səni, sənsiz.
Getdin, qoydun ömrümdə,
Dumanı, çəni sənsiz…

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Şərh

Şərh

To Top