Zərrələr

“Zərrələr”-İlkin Tomar

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair İlkin Tomardır . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan İlkin Tomarın    şeirlərini sizlərə təqdim edirik:

08.04.1990-cı il Rusiya Federasiyası Çita vilayəti Priarqunsk rayonunda, hərbiçi ailəsində doğulub. Ali təhsillidir. 2013-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alır.

***

Susqun şəhər

Uzaq bir şəhərdə küləklər əsir,
Bu şəhər susqundur, çox şey gizlədir.
Ötsə də min illər, yüzlərlə əsir,
Sirrini tarixdən gizlədə bilir.

 

Şəhərin sakini bədbin insanlar,
İnsantək ölüdür soyuq divarlar.
Xaraba şəhərdə şahdır bayquşlar,
Qarğalar ocağı qanlı qalalar.

 

Yolları uzundur, bir azca da dar,
Zülmətə üz tutub qara işıqlar.
Qaranlıq yollarda qaradır daşlar,
Hər bir qara daşın xatirəsi var.

 

Bu şəhər böyüyür, amma qocalmır,
Ürəklər daralır, şəhər daralmır.
Yaralar sağalmır, kədər azalmır,
Amma xoş günlərin ömrü qısalır.

 

Yatırmır şəhəri Xəzər laylası,
Qızlara həsrətdir bu Qız qalası.
Süleyman, İsgəndər gedibdir daha
Görəsən bu dünya kimə qalası?

Bağışla, sevgi

Bilmirəm mən gecikdim,
Yoxsa sən çox tələsdin?
Qəlbimə necə girdin?
Mən subayam, sən evli,
Hardan çıxdı bu sevgi?!

 

Leyli və Məcnun kimi,
Sevgi yandırır bizi.
Bu nə sınaq, İlahi?
Mən subayam, o evli,
Hardan çıxdı bu sevgi?!

 

Ürəkdəki istək bir,
Divar bizə sərhəddir.
Bu ki, çəkilməz dərddir,
Mən subayam, sən evli,
Hardan çıxdı bu sevgi?!

 

Kor olaydı gözlərim,
Silinəydi izlərim.
Daha mən nə gizlədim?
Mən subayam, o evli,
Hardan çıxdı bu sevgi?!

 

Su qovuşmaz sahilə,
Ay çatarmı günəşə?
Məndən yar olmaz sənə.
Mən subayam, sən evli,
Hardan çıxdı bu sevgi?!

 

Günahkarıq ikimiz,
Xəyanətdir sevgimiz.
Bu da bizim səhvimiz,
Mən subayam, sən evli,
Hardan çıxdı bu sevgi?!

 

Sərin meh kimi əsdin,
Könül nübarım kəsdin.
Həsrət toxumu səpdin,
Mən subayam, sən evli,
Hardan çıxdı bu sevgi?!

 

Xəyallarla məni yor,
Örtməz bizi soyuq gor.
Məhəbbətin gözü kor,
Mən subayam, sən evli,
Hardan çıxdı bu sevgi?!

 

Silinməz günah izi,
Niyə tapdı qəm bizi?
Qəlbdə qaldı eşq sirri,
Mən subayam, sən evli,
Hardan çıxdı bu sevgi?!

 

Hər öpüş şirin günah,
Gecələrim nalə, ah.
Bağışla bizi, Allah,
Mən subayam, o evli,
Hardan çıxdı bu sevgi?!

Üsyanım var

Daha yaşamaq olmur burda,
Məna itib bu diyarda,
Sözüm yetmir dosta, yada,
Yağış, yağma, günəş, çıxma.
Bu göylərə üsyanım var!

 

Hədər verib gəncliyimi,
İtirmişəm saf eşqimi,
Qurban etdim illərimi,
Ey qürurum, məni atma.
Məhəbbətə üsyanım var!

 

Boğazımda sözlər düyün,
Ey insanlıq, hələ öyün,
Qəzəbi var sənə göyün,
Bu dünyanı parçalama.
Sərhədlərə üsyanım var!

Bir cümlə sən yaz, bir cümlə mən

Bir cümlə sən yaz,
bir cümlə mən,
nədən başlayaq?

Sonrakı həyatımızdan?
Yoxsa ayrılan yollarımızdan?

Bir xatirə sən danış,
dolsun gözlərimiz,
son dəfə birgə ağlayaq.

Danışaq dost olan düşməndən,
düşmənə çevrilən dostlarımızdan.

Dostlarımız ilk bahar,
narın yağış,
bir də sevgi olardı.

Bahar da gələr,
yağış da yağar,
nə biləydik sevgi yalan,
yox olandı.

Aramızdan keçməyən su,
çətirsiz tutdu bizi,
başımıza yağdı sonda.

Eşqin yükü ağır imiş,
yetmədi gücümüz,
atdıq…
qaldı yarı yolda.

Nə dost ola bildik,
nə də ki, cütlük,
sadəcə ikiyə bölünmüş
şəkillərdə qaldıq.

Dünən sən Leyli,
mən Məcnun idim,
bu gün isə tamam yadıq.

Eyni şəhər,
eyni küçə,
eyni eyvan,
bir baxışlarım dəyişib.

Nağıla dönüb o günlər,
solub pəncərəndə güllər,
bu küçə əfsanələşib.

De görüm,
hədiyyələrim qalır,
ya çoxdan zibil yeşiyindədir?!

Yox!
Verdiyin saat qırılıb,
qutusu evimin xatirə guşəsindədir.

Hə!
Sənə yazdığım şeirlərim də,
sadiq olmadı sənə.

Sayını itirmişəm sonrakıların,
o şeirlər daha deyilmədi kimlərə?!

Əslində səninlə vardı həvəs,
duyğu dolu sözlər,
ilham pərim,

Saxtalaşdı məhəbbət,
ucuzlaşdı hislər,
sən gedəndən cırıldı sinə dəftərim.

Sənə ürəyim də,
sadiq qalmadı,
fani dünyatək doldu,
boşaldı.

İndi təkəm,
hiss edirəm yalnızlığı,
saraya bənzər qəlb
daxmatək daraldı.

Qollarım da,
saysız incə bellərə sarıldı,
əllərim yad əllərə oldu sükan.

Sənlə vardı qısqanclıq,
sönməz od-alov,
içimdəki yatırılmaz üsyan…

Ən çox xəyanət edən sənə
oldu bu şirin dilim.

Sənə satdığım yalanların,
müştərisi çoxaldı,
bir qara qəpiyə dəymədi sözlərim.

Bir vaxt sən mələk idin,
indi dönmüsən kabusa,
hiylə gülüşlü bir iblis.

O yolların tozu yatdı,
yağdı yağış,
yağdı qar,
qalan xatirən qəlbimdə silinməz bir iz.

Yadındamı?!
içkidən uzaqdım,
heç sevməzdim, anlamazdım sərxoşları.

İndi heç boş qalmaz badəm,
sərxoşam, doludur piyaləm,
dost seçmişəm qədəhləri,
azıb səhv salmışam yolları.

Bir nöqtə sən qoy,
Bir nöqtə mən,
Yeni sətir açaq,
Yenidən yazaq,
Cümlələrdə azaq,
Bir nöqtə qoy,
Ayrılaq, ayrılaq…

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Şərh

Şərh

To Top