Zərrələr

“Zərrələr”-İltimas Səmimi

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı yazar-şair İltimas Səmimidir. Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan İltimas Səmiminin    şeirlərini sizlərə təqdim edirik:

1987-ci ildə Lerik rayonunda doğulub. DGTYB-nin üzüvüdür. “Bir əlçim ümid” adlı şeir kitabının müəllifidir. BSU
Yaradıcılıq fakültəsində təhsil alır (2014).

****

 

Marafon yarışıdır

Çiynimdə daşıdığım
qəm yükü,
hələ zaman-zaman
çiynimdə
qalacaq…

Gəl, mənim tənha
qəlbim,
məni yarı yolda saxlama,
ölümə hələ
hazır deyiləm.

Başımın üstündə
dolaşan əcəl buludları
bir azdan ölüm nəğməsini
oxuyacaq.

Bu çəmənlikdən
bir az uzaqlarda
dolanaq,
nədənsə burnuma
zəhər qoxusu gəlir…

Ətəyini çırmala
gəl qaçaq
bu körpüdən.
Bacardığımız qədər qaçaq,
axı dünya marafon yarışıdır.

Aç qapını

Gecə yarı, qara bulud,
yağış səpdi qapınıza…
o yağışın qoxusundan hiss
etdinmi tənhayam mən?
aç qapını xəyallarım,
qapı üstə dayanmasın.
Aç qapını,
mən gəlmirəm,
gecə yarı
duyğularım gəlir sizə.
Yatağında bir kibrit
qutusu qədər yer eylə,
Hissim orda bir gecəlik
yuxulasın…
Ana!

Ana! Məni erkən
tərk etməyin azmış kimi,
gecələr yuxuma da gəlmirsən.

Məni qucağına alanda,
heç üşüməzdim,
qışda mənə bahar kimi
isti olardı.
İndi isə bahar da
mənə qış kimidir.

Bəlkə qəlbinə dəymişəm,
nə olar bağışla məni.
ürəyim nə iztirablar çəkir.

Bilirəm səndən başqa
məni duyan olmaz.

Tənhayam gecələr
yuxuma gəl…
məni tərk edəndən
üst-üstə yığılmış dərdimdən
pay verim,
çünki qara gəlmiş taleyimdən,
dərddən başqa heç nə qazanmamışam.
Qorxasan gərək

Elə bu dünyaya göz açan gündən,
Elə kədər çəkdik, elə qəm yedik.
Bu gündən sabaha ümid bağlayıb,
Bircə an ürəkdən biz sevinmədik.

Hərə öz taleyin yaşayır fəqət,
Hərənin dərd-qəmi başından aşır.
Hərə dərd əlindən bezsə də belə,
“Alın yazısı”yla yenə barışır.

Barış taleyinlə, barış birtəhər,
Ömrünün hər anı bir imtahandır.
Desələr xoşbəxtlik gələcəkdədir,
Buna da inanma, bu da yalandır.

Gələcək günlərin ağrılarına,
Bəlkə də dözmədi köksündə ürək.
Dünəndən nə qorxu, geriyə dönməz.
Açılan səhərdən qorxasan gərək.

Səhərin üzünə necə açılar,
Bağlı qapı kimi, arxada nələr.
Sən artıq dünəni yaşadın barı,
Bilinmir necədir açılan səhər.

Bilinmir sabaha yağış var, qar var,
Deyilən sözlərə inanmaq olmaz.
Günlər eyni deyil, olsa da təkrar,
Can atma sabaha, fikirləş bir az.

Gələcək günlərin ağrılarına,
Bəlkə də dözmədi köksündə ürək.
Dünəndən nə qorxu, geriyə dönməz.
Açılan səhərdən qorxasan gərək.
Əyninizə dar gəlir

Göyə diqqətlə baxsanız
bir ulduzun yeri boş olduğunu görərsiz.
heç ağlınıza gəlməz ki,
o yeri boş qalmış ulduz sizin aranızda,
Özünə yer tapa bilmir.
Ulduzların arasında
yeri boş görünən ulduz mən idim,
Qəfil yerimdən qopub,
sizlərin yaşadığı Yerə düşdüm…

Sizlərin yaşadığı
Yer əynimə dar gəlir,
sizə necə?
bilirəm, sizə geniş olar.

Göydə mənim yerim də geniş idi…
Bir gün mənim kimi siz də öz yerinizdən qopub,
başqa bir yerə düşərsiz,
o yer sizin əyininizə dar gələr.

Göydə gördüyünüz
o sonsuz ulduzlardan biri mən idim.
Qəfil yerimdən qopub,
sizin yaşadığınız Yerə düşdüm…
Bu yer üzündə nə dostum var, nə sirdaşım,
tək-tənha aranızda dolanıram.
Sizin yaşadığınız Yer,
əynimə dar gəlir.
Gecələr parıldayan,
o sonsuz ulduzlardan biri mən idim.
Göyə diqqətlə baxsanız,
bir ulduzun yerini boş görərsiniz…

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Şərh

Şərh

To Top