Zərrələr

“Zərrələr”-İradə Əlili

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı yazar-şair İradə Əlilidir. Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan İradə Əlilinin    şeirlərini sizlərə təqdim edirik:

 

20.04.1964-cü ildə Sabirabad rayonunda ziyalı ailəsində doğulub. Ali təhsillidir. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin müəlliməsi, Azərbaycan Dövlət Elmi Tibb Kitabxanasında şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının dissertantıdır. “Mənim sevgi dünyam”  “Dünya sevənlərindir” və “Qarabağın Tutusu” adlı kitabların müəllifidir.

 

 

 

                    Yadıma düşdün

 

Yenə də yadıma düşdün bu axşam,
Oyandı bir həsrət hissi canımda.
Axı nəfəsinin odu, istisi,
Hələ çəkilməyib yanaqlarımdan.

 

Əlinin tumarı düşdü yadıma,
Hələ baxışının sehirindəyəm.
Gözüm gözlərində əbədi qonaq,
Hələ də könlünün mehirindəyəm.

 

Bilirsən, yeganə ümid çırağım
Xəyalım, hər arzum sən oldun, fəqət
Nə qədər tək-tənha yollara baxım?
Sənsiz nə dözüm var, nə də ki, taqət!

 

Yadıma sən düşdün bu axşam ilə,
Gecələr mənimlə dərd əhli oldu.
Həmdəmim olmadı gözyaşım silə,
Bu axşam eşqindən ruhum qovruldu.

 

Bu axşam gözümdə dünya qaralıb,
Elə bil səhərim açılmayacaq.

Yerində sən boyda xatirə qalıb
Heç biri könlümü ovutmur ancaq!

De, kimə lazım?!

 

Gözlərimdə işıq, dizimdə dözüm,
Ürəyimdə odum, alovum, közüm,
Sən idin könlümdə nəğməli sözüm,
Qırılmış sim olan de, kimə lazım?!

 

Kədər qova-qova verdi dərd mənə,
Usanıb baxmadın saçımda dənə.
Taleyim büründü dumana çənə,
Gözləri nəm olan de, kimə lazım?!

 

Solğun bir çiçəyəm, ətrim duyulmaz,
Bir tənha ağacam, barım barınmaz.
Bir sönmüş ocağam, odum qalanmaz,
Dərdləri cəm olan de, kimə lazım?!

 

Dövlətim, varım da, bu sevgim idi,
Bilmədin eşqinlə yanan kim idi?!
Açılmaz həsrətin paslı kilidi,
Vüsalı qəm olan de, kimə lazım?!

 

İncitdin, küsmüşəm özüm-özümdən,
Əksini yaş sildi sevən gözümdən.
Qürbətə düşmüşəm özüm-özümdən,
Taleyi kəm olan de, kimə lazım?! 

Anama bənzəyən bir ana gördüm!!!

 

Bir ana gördüm bu gün.

Onun baxışları məni uzaqlara, lap uzaqlara apardı…

Baxışlar məni xəyal dünyamın son duracağına götürdü…

O baxışlar məhrəmlik, məlhəm dolu bir ümman idi.

Nurlu simasında bir doğmalıq, bir yaxınlıq hiss etdim.

Çaşqınlıq içindəydim.

Sanki neçə illər idi ki, mən onu tanıyırdım…

Gözlərimin yaddaşına, xatirəsinə hopdu bu baxışlar.

Baxdım! Doyunca-həsrətcəsinə baxdım,

hətta istəmədim kirpiklərimi qapadam!!!

Həyacan bürüdü məni…

Anama bənzəyən bir ana gördüm,

lap yaxınımda idi, bir addımlığımda…

Qəhər boğazımda düyünləndi,

yağmağa hər an hazır olan dolmuş bulud kimi

bir şirin sözə bənd olub ağlamağa hazır idi gözlərim.

Gözləri anamın gözlərini,

nurlu çöhrəsi anamın çöhrəsini xatırlatdı.

Xəfifcə təbəssümü gözlərinə işıq salırdı,

 

 

eyniylə anamınkı kimi.

Çiçək ətirli saçlarının ağ-qarasından

yaşanan həyatının ağrı-acısı duyulurdu.

Ala gözlərinin dərinliyində

sevinc dolu hüzün hiss olunurdu.

Utancaq baxışları nurani simasına

daha çox gözəllik verirdi-anam kimi.

Təmkinlə danışırdı, səbirlə davranırdı…

İllərin necə onu yorğun-arğın buraxdığını

alnındakı qırışlardan hiss etmək olurdu.

Amma gülümsər çöhrəsinə

bu heç də kölgə salmırdı-anamın çöhrəsi kimi…

Bir ana gördüm bu gün…

Sanki bir yuxu idi bu görüş,

sanki qərib bir adadan bir möcüzələr aləminə düşmüşdüm…

İstədim anama bənzəyən ananın

əllərindən tutum, gözlərindən öpüm.

Çox istədim bunu, çox…

Yaxınlaşıb bağrıma basıb qucaqlamaq istədim…

Amma cürət edə bilmədim.

Kim bilir, bəlkə o ana da mənə bənzəyən bir övladını itirmişdi…

 

 

Səndən öyrəndim

Bilirsənmi, sənə bir şey söyləmək istəyi var içimdə, bir sey…

Qəlbimin xatirəsində illərdən-illərə pənah gətirən,

illərdən illəri alıb yaddaşıma hopduran

duyğularımdan söz açmaq istəyirəm, sadəcə söz açmaq…

Mənə öyrətdiklərini, səndən öyrəndiklərimi

yaddaşıma hərf-hərf yazdığımdan,

damla-damla hopdurduğumdan, daha nələrdən, nələrdən…

Nəfəsim tükənənə qədər sevməyi,

bir dəli sevdanın işığında yandıqca yanmağı öyrəndim səndən…

Öyrəndim səndən mehriban ürəyimin həzin pıçıltısının,

xəyallarımın səssiz-səmirsiz varlığında inikasını.

Səndən öyrəndim kövrək duyğularımın şıltaq,

incə hisslərə dönüb ruhuma qonaq olmasını.

Səndən öyrəndim acıları keçmişə buraxıb,

ürəkdən gülməyi, ürəkdən sevinməyi,

sevgi dolu zərrəciklər olub yaşanan bir ömrə səpələnməyi…

Məni mən qədər sevməyi

və bir də bir sevda dolu səbri səndən öyrəndim,

yalnız səndən!

 

 

Səni sevmək…

 

Səni sevmək şirin bir kəlmə kimi dillənmək deməkdir.

Səni sevmək susmuş könül duyğularını dilə gətirmək,

bir məsum çöhrəyə gülüş bağışlamaq deməkdir.

Kədərdən sevinci, səndən səni almaq, mən olmaq deməkdir.

Bir dünya, bir nur dolu aləm deməkdir səni sevmək…

Canıma incə nəfəs, ruhuma həvəs deməkdir.

Sükunətin boz anlarında ətalətli duyğulardan uzaqlaşıb

tənhalığa əlvida deməkdir səni sevmək…

Yalnızlığın soyuq qucağından səni oğurlayıb

bir sevdalı könül yolçuluğunda

ilk və son dayanacaq deməkdir səni sevmək…

Sən gələn yollara uzanan titrək əllərimin çağırışıdır səni sevmək…

Sənin mənində mən olmaq deməkdir səni sevmək…

Səni sevmək!

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Kanal15.tv

Şərh

Şərh

To Top