Zərrələr

“Zərrələr”-Kənan Aydınoğlu

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı gənc şair Kənan Aydınoğludur. Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Kənan Aydınoğlunun  şeirlərini sizlərə təqdim edirik:

 

25.10.1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. Ali təhsillidir. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsini bitirib (2008-2012). “Ömürdən bir səhifə” və “Ömrün yarı yolunda”  şeirlər kitabının müəllifidir. Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir. Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvüdür.

 

Yolunu gözləyir bu torpaq sənin

 

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,

şimallı-cənublu şairimiz Məhəmmədhüseyn Şəhriyarın ruhuna sevgi və sayqılarla!

 

Bağlanan sərhədə dirəklər çəkmək,

O tayın, bu tayın həsrəti oldu.

Ustad Nizaminin böyük heykəli,

Bir qəlbin bir qəlbə hörməti oldu.

 

Üstündən nə qədər ötüşdü illər,

Nə sözün kəsildi, nə də əsərin.

Tökdü göz yaşını əsrlər boyu,

Geniş xatirəli ayna Xəzərin.

 

Tehran da, Təbriz də yanaşı durub,

Yolunu gözləyir, yolunu, şair!

O tay da, bu tay da unudarmı heç,

Bir şair oğlunu, oğlunu, şair?!

 

İnan ki, torpağın ehtiyacı var,

Sənin tək alovlu yanar bir cana.

Bəs niyə qayıdıb gəlmirsən, denən,

“Şairlər torpağı Azərbaycana?!”.

 

Gərək ki, şerinin hər bir kəsəri,

Bir elin-obanın dağ-daşı olsun!

Haraylı şeirin Kövkəb ananın,

Yanaqdan süzülən göz yaşı olsun!

 

Axı sən gələndə başqadı dünya

 

Sən gələn yollara gərək sevinib,

Xəbəri göndərim özümdən qabaq.

Gəl, harda qalmısan, darıxdım sənsiz,

Ürəyim söyləyir gözümdən qabaq?!

 

Axı sən gələndə başqadı dünya,

Narahat duyğular yerdə qalmayır.

Kim sənə dedi ki, sənin gözündən,

Şairin qələmi ilham almayır?!

 

Gəlməsən, yolları şair ilhamım,

Özümdən də əvvəl fəryad qoparar.

Nə bilim, bəlkə də sənin göz yaşın,

Mənim hisslərimi haqqa aparar?!

 

 

 

Göynəyir qəlbimin yarası sənsiz

 

Hər dəfə baxanda ulduza, aya,

Göynəyir qəlbimin yarası sənsiz.

Bütün varlığıyla fəryad qoparır,

Gözümün gah ağı, qarası sənsiz.

 

Şeir sarayımın uçub tökülür

Çələngdən hörülmüş parası sənsiz.

Tarixi bir ana bərabər olur,-

Gecəylə gündüzün arası sənsiz.

 

Tökür göz yaşını bil, gilə-gilə,

Dəli Koroğlunun narası sənsiz.

Yolun gözləməkdən usanıb artıq,

Yeni dərdlərimin çarası sənsiz.

 

 

Sən mənim qədrimi bilmədin, dünya!

 

Mən sənin nəyinə inanmalıyam,

Sən mənim qədrimi bilmədin, dünya?!

Nə vaxtı tökdümsə gözüm yaşını,

Gözümün yaşını silmədin, dünya!

 

Şükür ki, dayaqdı mənə Yaradan,

Seçmədin heç zaman ağı qaradan.

Bir gün dağılassan onsuz aradan,

Sevinci mənimlə bölmədin, dünya!

 

Kəlmənə aldanmaq bilirəm hədər,

Sənə aldanmaq da özü bir kədər.

Yenə yaranışdan bu günə qədər,

De, niyə ölmədin, ölmədin, dünya?!

 

Doğrunu gizlətdin doğru gözündə,

Ucaltdın özünü oğru gözündə.

Həqiqət yox imiş bircə sözündə,

Doğrunu heç doğru görmədin, dünya!

 

Daşlardan başına gərək min dəyə,

Gah dağa çevrildin, gah da kündəyə.

Haqqın yolun tutan mömin bəndəyə,

Sevinc sarayını hörmədin, dünya!

 

Məni ayırmayın şeir dünyamdan!

 

Dastanlar torpağa düzülən zaman,

Göz yaşım dodaqla büzülən zaman,

Qəlbimdən incilər süzülən zaman,

Məni ayırmayın şeir dünyamdan!

 

Torpağa gətirsəm, yurdun daşını,

Salamat görərsiz şair başını.

Həsrətdən tökdümsə, gözüm yaşını,

Məni ayırmayın şeir dünyamdan!

 

Torpağım canına hopdumsa, yenə,

Tufana çevrilib qopdumsa, yenə,

Özümü özümdə tapdımsa, yenə,

Məni ayırmayın şeir dünyamdan!

 

Sarayda dan kimi sökülən kimi,

Qəlbimdən nəğmələr tökülən kimi,

Dağı görən belim bükülən kimi,

Məni ayırmayın şeir dünyamdan!

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Kanal15.tv

 

Şərh

Şərh

To Top