Zərrələr

“Zərrələr”-Mais Təmkin

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı yazar-şair Mais Təmkindir. Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Mais Təmkinin    şeirlərini sizlərə təqdim edirik:

15.10.1968-ci ildə Lerik rayonunun Livədirqə kəndində doğulub. Ali təhsillidir. “Bu gecə ulduzlar yaman seyrəlib” adlı kitabın müəllifidir.
Olmadı

Mərdi ocaqda qaladı,
Yurdunu çapdı, taladı.
Namərd haqqı tapdaladı,
Ona söz deyən olmadı.

Qəmə tuş görüb anımı,
Dişimə çəkdim canımı.
Həqiqətin ünvanını
Sordum, düz deyən olmadı.

Yatmışıq, şirin röyadan
Yoxdu bizi bir oyadan.
Çıxıb gedək bu dünyadan,
Dünya biz deyən olmadı.
Bir adam tapmadım…

Doğmalar yanında günahkaram mən,
Qohumun, qardaşın yadam içində.
Haqqımı car çəkib yaya bilmirəm,
Boğulub qalıbdır sədam-içimdə.

Kiminsə biganə, ögey baxışı,
Salıbdır üzümə nifrin naxışı.
Ələnir üstümə qarı, yağışı,
Mən necə yaşayım bu dam içində?

,,Haqq” deyən haqqımı əlimdən alıb,
Xoş keçən günümü pis günə salıb.
Həyatım bir teldən asılı qalıb,
Ürəyim haqq deyir edam içində!..

Sanki ölüb hamı, diri tapmıram,
Dediyim sözünün yerin tapmıram.
Dərdimi deməyə birin tapmıram,
Bu qədər gördüyüm ,,adam” içində
…Ölüm…

Canım zülümdən qurtulur,
Ötüb çağla dil-dil, ölüm.
Sevincimdən ağlayıram,
Sən də mənə bax, gül, ölüm!
Üstümə ağ kəfən sərib,
Dostunu çox sanma qərib.
Mübarək əlinlə dərib,
Başım üstə səp gül, ölüm…

Düşünmə ki, yerim dardır,
Tanrım hər vaxt mənə yardır.
Gözüm üstə yerin vardır,
Nə vaxt gəlirsən, gəl, ölüm!
Yığır məni

Bəlkə, mənə ərki var,
Dərdin boşu, bərki var.
Fələk verən dərd ki var;
Boğaza yığır məni!

Dad, bu dərddən, dad, Ağa,
Qoy, bu dərdə qadağa.
Salıb dilə, dodağa,
Ağıza yığır məni.

Soruşmadan ismimi,
Oda yaxır cismimi.
Gündə çəkir rəsmimi,
Kağıza yığır məni!..
Qəbir üstü düşüncələr

Ağı deyib, məni səslər,
Göz yaşında oxşar, bəslər,
Dərd-qəmimə susan kəslər,
Dil açar sinəm üstündə.
Seçib haqqın dərgahını,
Səsləyəcək Allahımı.
Əfv etməkçün günahımı,
Əl açar sinəm üstündə.

Qalammarıq nə sən, nə mən,
Biz gedərik, dünya həmən…
Üstündə gəzdiyim çəmən,
Gül açar sinəm üstündə!

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Kanal15.tv

Şərh

Şərh

To Top