Zərrələr

“Zərrələr”-Məlahət Mikayılqızı

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair Məlahət Mikayılqızıdır. Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Məlahət Mikayılqızının    şeirlərini sizlərə təqdim edirik:

 

21.01.1989-cu ildə Gəncə şəhərində doğulub. Ali təhsillidir. Xarici dil üzrə Filologiya fakültəsini bitirib (2006-2010).  Fortepiano üzrə Səttərxan adına musiqi məktəbini  fəxri fərmanla bitirib (1998-2004). “Duyğulu sətirlər” adlı kitabın müəllifidir.

  Sən aşiqsən dəli kimi…

Hər gün başqalarını dinləyirsən,

dərdlərinə şərik olub, köməyini əsirgəmirsən.

Bir dəfə də özünü dinlə.

Niyə hələ də onu qısqanıram?-sualını ver özünə

Niyə ürəyim əsir rəsmini görəndə,

onu başqasıyla bölüşəndə?

Niyə əllərim buz kəsir,

İncidir məni, özgəsinə baxışı, gülüşü?

Sevirsənmi hələ də?

Bu qədər yaşananlardan sonra yenə də onu arzulayıram…

Bu suallar səni ağuşuna alırsa sevirsən dostum…

Sən aşiqsən dəli kimi,

ancaq çarəsizsən deyə tənhadır ürəyin,

ovutmur ürəyini ülvi sevgilər,

gözəl baxışlar gözəl sözlər.

Sən sadəcə onunla xoşbəxtsən nə olur olsun…

 

“Biz”i itirdik…

Hər gün bir az daha ölürəm sənsizlikdən.

Hər gün bir az daha qırılır ümidlərim.

Hər gün gələcək deyirəm öz-özümə,

yollara baxıram səbəbsiz.

Gəlməyəcəyini bilə-bilə.

Olar də, birdən möcüzə baş verər.

Mən axı nağıllara inanıram

sən ki bunu bilirsən.

Sən ki bilirsən içimdəki boşluğunun

necə gözümə kölgə saldığını.

Sən ki şahidisən

sənsizliyin necə belimi bükdüyünün.

Bu gün yenə gizli-gizli baxdım rəsminə…
Baxışların yaman yadlaşıb,

simanı da unutmuşdum.
Gözlərində kədər gördüm,

hüzn gördüm səbəbsiz.
Sən ki xoşbəxt olmaq üçün getdin

səssiz-səmirsiz.

Bəs niyə ümidlərimiz nakam qaldı?

Bəs niyə xoşbəxtlik xülyalarımız

Biz olmadan yaşamadı?!

Deyəsən, biz ikimiz birlikdə xoşbəxt idik,

indi isə sadəcə xoşbəxt görünürük…

Nə sən itirdin, nə də mən…

Biz itirdik bir-birimizi…

 

*****

 

Varlıq içində yoxluq kimidir əhvalım…

Nə varlığın dərdlərimə çarədir,

nə də yoxluğun yarama dərman.

Bəzən elə gözəl filmlərin ssenarisini yazdım ki,

özüm özümə məəttəl qaldım,

yəni mümkündürmü bu?

Bəzənsə ən faciəli əsərlərin müəllifiydim…

Bilmirəm sənsənmi əhvalımı dəyişən,

yoxsa mənəmmi əhvalımı dəyişən

görüncə gözlərini?

Bəzən elə çarəsiz qalarsan ki,

çarələr belə çarəsizmiş kimi görünüb

qamətini əyər,

bəzənsə elə xoşbəxt olarsan ki,

ən böyük dərd belə

dəryada zərrə kimi görünər…

***

 

 

Hər kəs kimi mən də

zaman-zaman qaçıb yalnızlığımla

baş-başa qalmaq istəyirəm.

Sanki o an bütün yüklərdən,

qayğılardan azadmışam kimi

yüngül hiss edirəm özümü.

Ancaq bir şeyi unuduram

hara getsəm belə bu ürək,

bu ruh məndədi.

Hara qaçıramsa qaçım mən məndəyəm,

necə varamsa eləyəm.

Bəzi şeylərin dönüşü olmur.

İtirilmiş zaman,

keçmiş gənclik və yaşanmış qırıqlıq kimi…

 

Səhra düşün…

Daldalanmağa nə ağac, içməyə nə su var.

İstidən nəfəs almağa çətinlik çəkirsən.

Küləyə də, həzin bir mehə də həsrətsən.

Özümü tənha və susuz səhrada görürəm.

Havam da, suyum da, kölgəsində dayandığım,

dayağım da sənsən.

O səhradakı tək kölgəsən.

Səhraya düşən yeganə yağış damcısısan…

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Kanal15.tv

Şərh

Şərh

To Top