Zərrələr

“Zərrələr”-Müşviq Dağlaroğlu

Kanal 15-in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı yazar-şair Müşviq Dağlaroğludur  . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Müşviq Dağlaroğlunun  şeirlərini sizlərə təqdim edirik:

1980-ci ildə Kəlbəcər rayon Dəmirçidamı kəndində doğulub. Orta təhsillidir.

 

Bir gün

Sevmirsən heç sevmə, məcbur etmirəm,
Nə vaxtsa peşiman olarsan bir gün.
Dərdinə heç yerdə dərman tapılmaz,
Gül kimi saralıb, solarsan bir gün.

 

Dağ çəkilsə, dağ üstündən dağında
İnsan qəm yeməzmi bəs bu çağında.
Xoşbəxtlik axtarıb sevgi bağında,
Ağlayıb saçını yolarsan bir gün.

 

Fələk neçələrin çəkibdir dara,
Bəxtini Müşviq tək eyləyib qara.
Aldanma şöhrətə, aldanma vara,
Əlləri qoynunda qalarsan bir gün.

 
Kəlbəcər

Bu dərd ürəyimi üzüb, ay Allah,
Ümidsiz qalıbdı yaman Kəlbəcər.
Uzadıb əllərin imdad diləyir,
Namərdlər oduna yanan Kəlbəcər.

 

İntizar çəkməkdən əriyib yağım,
Sönübdür alovum, odum, ocağım.
Boranlı bir qışa dönüb baharım,
Olubdur tarimar, talan Kəlbəcər.

 

Müşviqəm, olmuşam sinəsi dağlı,
Qalmışam qürbətdə yolları bağlı.
Baxıram dağlara dərdli, məlallı,
Görünmür laylamı çalan Kəlbəcər.

 
Bu gecə

Gözlərimə yuxu gəlmir nədənsə,
Fikirlərim qarışıbdı bu gecə.
Sanki, dağ çəkilib sinəmin üstə,
Duyğularım alışıbdı bu gecə.

 

Gizlicə odlanıb, yanıb sönmüşəm,
Qanadı qırılmış quşa dönmüşəm
Bir çəkilməz, çətin dərdə düşmüşəm,
Xəyallarım dolaşıbdı bu gecə.

 

Müşviqəm, sabaha yoxdu gümanım,
Ucalıb göylərə ahım, amanım.
Vallah sözlərimdə yoxdu yalanım,
Ağıl gedib, huş çaşıbdı bu gecə…

 
Keçə bilsəm gələrəm

 

Ana dağlar, ayrılmışıq nə vaxtdı,
Qanadlanıb uça bilsəm, gələrəm.
Qürbət eldə göz yaşımdan yaranmış,
Dəryalardan keçə bilsəm, gələrəm.

 

Həsrətindən artıb qeyli-qallarım,
Yorulub taqətdən düşüb qollarım.
Hər tərəfdən bağlanıbdı yollarım,
Özümə yol aça bilsəm, gələrəm.

 

Müşviqəm, hər zaman sizi anıram,
Sizdən ayrı arxasızam sanıram.
Alışıram, odlanıram, yanıram,
Dərd əlindən qaça bilsəm, gələrəm.

 
Ay dağlar, ay dağlar

Bilməm kimlə dərdlərimi,
Böləm, ay dağlar, ay dağlar.
Taqətim yox göz yaşımı,
Siləm, ay dağlar, ay dağlar.

 

Xoş anlarım gedib hədər,
Üzüb məni bu qəm, kədər.
Əlimdə ağlayır dəftər,
Qələm, ay dağlar, ay dağlar.

 

Müşviqəm, könlüm talanıb,
Sinəm üsdə od qalanıb.
Bir də çətin mən şadlanıb,
Güləm, ay dağlar, ay dağlar.

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Kanal15.tv

 

Şərh

Şərh

To Top