Zərrələr

“Zərrələr”-Nəcibə İlkin

Kanal 15in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair Nəcibə İlkindir  . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Nəcibə İlkinin  şeirlərini sizlərə təqdim edirik:

22.07.1961-ci ildə Tərtər rayonun Sarov kəndində doğulub. Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika İnstitutunun filologiya (dil-ədəbiyyat) fakültəsini bitirib.
“Bir ömür uduzdum”,  “Qəlbimdə dil açan dünya “ “İllərin o tayı gözləyir məni” “Qartal zirvədə qaldı” seirlər və “Son zəng, son görüş, son
təbəssüm” publisist kitabların müəllifidir.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın  katibidir.
AYB-nin və AJB-nin üzvüdür. 2006-cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş redaktorudur.

****

 

Yalın arzular

 

Arzularım yalın qalıb,

Ağlım olubdu piyada.

Qəlbimin əmrindən çıxa,

Duyğular məni oyada.

 

Bəzən sığal çəkib dərdə,

Son ümidə göz dikirəm.

Sökülürəm pərdə-pərdə,

Şeir üçün söz tikirəm.

 

Birdən enir köksüm üstə,

Hardasa etdiyim günah.

Ömrümü udur ahəstə,

Günahımdan doğan sabah.

 

Bəyaz heyrətimiz didir,

Bəzən şübhə, bəzən küsü.

Məni məndən alıb gedir,

Bir eşqin yanar tüstüsü.

 

Vüsalımın yolu quzey,

Xəyalıma çən gətirir.

Taleyimin yolu giley,

Saçlarıma dən gətirir.

 

 

 

Dünya gerçək, dünya yalan,

Gümanlar şübhə oyadır.

Dərdlərimdi mənə qalan,

Deyən “Durnalar qayıdır”.

 

Arzularım çıplaq, yalın,

Yollarına qırov düşür.

Ümidlərim gedən yolun,

Dünyasına alov düşür.

 

 

Sənsizləşdim

 

Yaman sənsizləşdim yenə bu axşam,

Yaza həsrət qalan çiçəklər kimi,

Ömür baharımız geriyə dönə,

Düzülək gül üstə ləçəklər kimi.

 

Yaman sənsizləşdim bilmədim nədən,

Həsrət baxışımı küsülü sandım.

Sıxılmaq istədim, köksünə birdən,

Əksini sinəmə sıxıb dayandım.

 

Xəyal dünyasında dolaşıb itdim,

Sızladı ürəyim, axdı göz yaşım,

Bir anlıq sinəndə yuxuya getdim,

Baxdım ki, şəklinə söykənib başım.

 

Burax əllərimi…

 

Burax əllərimi, qoy çıxım gedim,

Nəyinə lazımdır sənin bu sevgi.

Həsrəti gözümə qoy sıxım, gedim,

Olsun ürəyimə qənim, bu sevgi.

 

Nə əhlət daşıyam, nə ümid yeri,

Yorulub, yoğrulan qəm ağacıyam.

Burax əllərimi qoy çıxım gedim,

Bəlkə bir ürəyin ehtiyacıyam..

 

Ağacdan yonulub, daşdan yonulub,

Bəxtimin naxışlı oyuncağı tək.

Qıfıl da asılıb könül taxtından,

Nəzəri qaytaran gözmuncuğu tək.

 

Burax əllərimi, a sevda yolçum,

Kipriyim asılıb göz yaşlarımdan.

Qurtara bildim ki, sevəm də səni,

Taleyin atılan bəd daşlarından.

 

Burax əllərimi qoy çıxım gedim…

İsti baxışında əriyən buzam.

Bu ömrün qışında axı nə edim?

Mən sevgi adında gec gələn yazam.

 

 

Bilmirəm

 

Sən ömür baharı, mən könül qışı,

Haraya gedəcək bu yol, bilmirəm.

Mən bəxtin önündə payız yağışı,

Alırsan könlümü gəl al, bilmirəm.

 

Ayrılıq deməyə gəlmədi üzüm,

Verdiyin vədəndə qışladı sözün,

Həsrəti eyləyib dağ, dərə, düzüm,

Çəkdin sinəm üstə min yol, bilmirəm.

 

Könlümün evinə bir yol uçduğun,

Gözümdən gizlənib, nədən qaçdığın,

Hər məni görəndə geniş açdığın,

Kimlərə açılır o qol, bilmirəm.

 

Deməyin, sərxoşam xumar çəkibdi,

Mənə nə dağ çəkib o yar çəkibdi,

De kimin saçına tumar çəkibdi,

Əlimdə buzlayan o əl, bilmirəm.

 

Vətən!

 

Sənə baş sağlığı verdim o gecə,

Dedim ki, olmasın səbirin vətən!

Mavi Xəzərimin qanlı gözünə,

Dağ oldu şəhidlər qəbiri, vətən!

 

Azadlıq istəyi, azadlıq eşqi,

Qan boğa bilmədi bu qızıl teşti,

Sinənin üstündən cəlladlar keçdi,

Kim verdi görəsən bu əmri, vətən!

 

Ah-nalən içində çırpındım, azdım,

O gecə susmadım, qəmlı avazdım,

Bilmirəm ömrümə mən necə yazdım,

“20 yanvar ” adlı ömürü, vətən!

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Kanal15.tv

 

Şərh

Şərh

To Top