Zərrələr

“Zərrələr”-Nicat Həşimzadə

Kanal 15–in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair Nicat Həşimzadədir  . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Nicat Həşimzadənin  şeirlərini sizlərə təqdim edirik:

 

 

26.10.1992-ci ildə Bakı şəhərində doğulub. Orta-Ali təhsillidir. Azərbaycan Mailiyyə İqtisad kollecini bitirib. Bakı Asiya Universitetinin Tərcümə ingilis dili fakültəsində təhsil alır.

 

Taleyin Tragikomik İroniyası


Gözəl bir qız ola, mavi gözlü sarışınlartək
saçlarını yuya, sonra ilıq nəfəsiylə
yaş saçlarını quruda,
göz yaşlarıyla əzablarına tüpürə,
başını sinənə söykəyəndə
qəlb döyüntülərini sayacaq qədər sevimli ola.
Sevgi dolu şeirlər yazanda kimə həsr etdin kimi
gicbəsər suallar verməyə,
yerin kürə olduğunu,
Tanrının qəddarlığını,
Savaşın fəlakətlərini,
körpələrin qəhərini,
yalanların zəhərini,
əlillərin kədərini,
unutduracaq qədər
şıltaq, gülərüz ola.
Sevgi rəqsində hüdud tanımaya,
Yoxsulluğunu qınamaya,
hətta yalanlarına da inanacaq qədər sevə,
uğrunda ölməsə də yadlara olan eşqini
sənə görə öldürməyi bacara,
Axmaq söhbətlərini həvəslə dinləyə,
dodaq boyasıyla sinənə adını yaza,
sonra öpüşləriylə o yazını təmizləyə,

qızlıq ismini yaza ruhunun dərinliyinə,

Və taleyinin tragikomik ironiyası üçün
əcəl zəngləri çalına, o gözəllə sevgiləşərkən.

 

 

Sükutla gələn intihar

 

Sükutla gələn intiharın

zövqü bir başqadır,

əzablarını zərrə-zərrə duyarsan.

öz içində gizlətdiyin dünyanı,

bir də tapa bilməzsən,

şərab yuyar qəlbindəki həqiqəti,

doğrudan bezib,

başlayarsan yalanı sevməyə.

bax, elə o zaman ilk addımını atar intihar,

bax, elə o zaman başlar

şərab dolu qədəhlərlə dostluğun.

bax, elə o zaman zənginlikdən

yoxsulluğa enərsən,

sevgililərin səni atar.

bax, elə o zaman

sükutla gələn intihar

çatar öz məqsədinə,

əbədi yoldaşlığa başlar…

 

 Bir qadın

 

Bir qadın ağlayır ruhumda mənim,

Bir qadın nifrətlə baxır üzümə,

Bir qadın dolanır başımda mənim,

Bir qadın şərabla yad edir məni.

 

Bir qadın limanda gözləyir indi,

Gözləri dənizdə axtarır məni,

Hər gələn gəmidən soruşur bəlkə.

Bir qadın gizlənir qəlbimdə mənim.

 

Bilmirəm, adını, duyğularını,

Bəlkə də ərindən ayrılıb qaçıb,

Yad kişi qəlbində boş otaq tapıb?

Bir qadın yaşayır baxışlarımda,

 

Bəzən gülümsəyir, bəzən ağlayır,

Yad qadın üzündə gəzəndə gözüm,

Dözməyib acıqla məni danlayır.

 

Bir qadın unudur məni bu gecə,

Bu gecə əbədi sevgi tükənir,

Mən dərddən ağlayıb şərab içəndə,

Yad kişi ruhuna qəlbi söykənir?

 

Mənə şair demə

 

mənə şair demə nolar,

şairlər analı, atalı yetim olur.
ruhun zənginliyi mədənin boşluğunda əriyir,
gözəlliyə baş əyən qəlbin arzuları
boş qalmış soyuducuda buzlaşır,
kirələrdə ömür sevgisizləşir,

 

tənhalıq borclar qədər çoxalır.
dostlar küskünlüyün qədər azalır,
hətta fahişələr də adını nisyə dəftərinə yazır.
mənə şair demə nolar.
sevgilərini ağ kağıza qara mürəkkəblə yazıb
sonra da həmin kağızları yandırır şairlər,
sevgiləri də yanıb külə dönür.
öz ruhları da külə qarışıb heçliyə qovuşur.
sonsuz sükutlarla zənginləşir həyat.
sonuncu ümid parıltısı da sönür.
nə ilk, nə son baharda əbədi sevgi olur,
erkən yaşda qocalır şairlər,
müdrikləşmədən ölürlər,
canlı cəsədə bənzəyirlər.

 

Bir şeiri bir şüşə şəraba dəyişib

qədəhlərlə nakam eşqin
əzabını yuyurlar
və hansısa şahzadə gözəl
qəlbinin aynasında şairin rəsmini görəndə
sonlu həyat əbədi ölümlə əvəzlənir, əvəzlənir…

 

 

Dünən şəhid oldun

 

Qəbir daşı küləklə pıçıldaşır,
həyat davam edir, yenə qaynaşır,
dünən şəhid oldun, aman nə gözəl.
İnanma vədlərə, boş-boş sözlərə,
unudulmaz deyilsən,
bir gün hər kəs unudar.
Atan yad qadın qoynunda,
öz yeni körpəsinin əsasın qoyar,
anan səndən sonra övlad istəməz.
sən yoxsansa, neynir başqa övladı?
mənasız sonsuzlu qadın qazanar.
Ölümdən sonra həyat yoxdur,
öldünsə hər şey bitdi,
inanma ruhun varlığına,
ruhun özgə anaların
bətninə köçməyəcək.
O dünya sözünə inanma, dostum,
ölüm həyatın sonu deməkdir,
bəs öldürdüyün düşmən əsgəri,
bədbəxt bir ananın tək təsəllisi,
yazıq deyilmiydi söylə, a dostum.
Budur savaşların fəlakətləri,
qanlar axır su yerinə,
qanı qanla yumazlar desək də.
Vətən sevgisi heçdir,
övlad eşqiylə müqayisədə.
Öldün, dostum, öldün,
geri gələn deyilsən.
amma xoşbəxtsən,
bir də ölən deyilsən,
xilas oldun bu gicbəsər dünyadan.

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Kanal15.tv

Şərh

Şərh

To Top