Ədəbiyyat

Vasif Zöhraboğlu-Şeirlər

Kanal15.tv gənc olmasına baxmayaraq geniş oxucusu olan istedadlı şair Vasif Zöhraboğlunun şeirlərini oxuculara təqdim edir.

Adamam…
Mən ki, hələ cavan yaşdan
Beli bükülmüş adamam.
Bu dünyada soyuq daşdan
Evi tikilmiş adamam.

 

Görən kiməm yer üzündə?
Gecəsin de, gündüzün de…
Bəlkə Tanrının gözündə
Zəif kiçilmiş adamam..?

 

Yetdim bu yolun başına.
Rəhim qıl gözüm yaşına…
Daha dagına, daşına
ahı çəkilmiş adamam.

 

Uzağam… Səndən uzağam,
Gəldi-gedərəm, qonağam.
Bəlkə də, diriyəm, sağam
Bəlkə də, ölmüş adamam..

***
Hələ…
Nəçiyəm, kiməm özüməm,
Kiməmsə demirəm hələ.
Biraz da tabam, dözüməm,
Biraz da səbirəm hələ.

 

Birazca da dəli olan,
Hamıya gülməli olan,
İçində yüz ölü olan,
Məzaram, qəbirəm hələ.

 

Bəxtinə dişi batmayan,
Torpağa, daşa yatmayan,
Ölümə yaşı çatmayan,
Yarımçıq ömürəm hələ…
***
Sən məni sevmisənsə…

 

Sən məni sevmisənsə,
Ayrılıqdan payın var.
Darıxsan baş qoymağa,
Sinəmdə çarpayın var.

 

Sən məni sevmisənsə,
Məndən uzaqsan demək.
Ellərin üşüyürsə,
Gündən uzaqsan demək.

 

Sən məni sevmisənsə,
Qayıt uzaqlarla gəl.
Qatarlar ayrılıqdı,
Gəlsən uçaqlarla gəl.

 

Sən məni sevmisənsə,
Darıxmağın qadını,
Bu dəlinin qadını,
Bu axmağın qadını.

 

Sən məni sevmisənsə,
Yox daha məni sevmə…
****
Şairlər evindən didərgin düşər

 

Darıxmaq nə bilir, təklik nə bilir,
Gözlərin üşüyər saata baxsan.
Bir de görərsən ki, qapın döyülür,
Bir də görərsən ki, sən evde yoxsan.

 

Bu kasıb komada azı min dəfə,
Özünü gəzərsən yerini bilsən.
Tələsik qaçarsan qapı tərəfə,
Yadına düşər ki, evdə deyilsən.

 

Ayrılıq qoxuyar biraz havadan,
Pəncərən önünə biraz gün düşər.
Quşlar payızında yurddan-yuvadan,
Şairlər evindən didərgin düşər…
***
Hə…
Eh, daha keçmişəm otuz yaşımı,
Sultanlıq sözündə bəxtim qarıdı.
Qızların sevgisi qatdı başımı,
Birdə ayıldım ki, ömrüm yarıdı.

 

Bəlkə anlamadım mən bəxti qaçaq,
Bəlkə də sevgiyə yaşım çatmadı.
Bal kimi sevgilər yaşadım, ancaq
Birində barmağım bala batmadı.

 

İndi saçlarımın hamısı dən-dən,
İndi ürəyimə hava gəzirəm.
Bir damın altında saman çöpündən,
Qaranquş könlümə yuva gəzirəm.

 

Yox, daha vaxt keçdi düşdü göz əldən,
Yenə də tənhasan qaçırsa yuxun.
Qapısı küləkdən, damı xəzəldən,
Bir ev tikənmədim payıza yaxın…

 

Eh, daha keçmişəm otuz yaşımı,
Sultanlıq sözündə bəxtim qarıdı.
Qızların sevgisi qatdı başımı,
Birdə ayıldım ki, ömrüm yarıdı.

Yazar-Bəhruz Xəlil

Şərh

Şərh

To Top