Ədəbiyyat

“Bir qəmli Xiyar haqqında kədərli əhvalat”-Mir Bağır

 

Bu hadisə yay fəslində vaqeə olub…                                                                                     “Bir qəmli Xiyar haqqında kədərli əhvalat”                                                               

XİYAR KİMİ  YAŞAMAQ İMKANI  BELƏ  ƏLİNDƏN ALINMIŞ BÜTÜN XİYARLARA

İTHAF  OLUNUR!!!

 

Artıq  tağlarımız  saralıb, birazdan  bizi  yığıb  mal – qaranın  qabağına  atacaqlar. Bəlkə  də  heç  əziyyət  çəkib  yığmadılar da, elə  mal – qaranı  üstümüzə  buraxdılar. Yəqin, elə  belə  olar…

Çox  kədərliyəm, gözlərim  dolub, içimdən  dəli – dəli ağlamaq  keçir. Saysız –hesabsız  sualların  içində  itib  batmışam. Mən  ölümə  məhkum  edilmiş  xiyaram. Nəyə  gülürsən  axmaq! Milyonlarla  ölümə  məhkum  edilmiş  xiyarlardan  biriyəm. Burda  nə  var  ki! Çaşıb  birdən  vicdanın  yol  verməz, mənim  halıma  acıyıb  eliyərsən. Belə  eləmə  ha! Necəsən  elə  də  qal, qəlbsiz  və  rəhmsiz. İndi ki  mənə  rast  gəldin  istəyirəm  öz  həyat  tarixcəmi  sənə  danışım. Mən  bir  kəndli  bostanında  anadan  olmuşam, uşaqlığım  çox  gözəl  keçib. O  vaxtlar  yaşadığım  hisləri  sözlə  ifadə  etmək  çətin  olacaq  mənimçün, ama, yenə çalışacam…Fərəhli  günlər  idi. Hara  baxırdımsa  içində  dəhşətli  yaşamaq  ehtirası  olan  tay – tuşlarımı  görürdüm. Onda  burnumuzun  ucunda  sarı  güllər  açmışdı. Meyvəli  bağlarımız, yam – yaşıl  tağlarımız  vardı. Burnumuzun  ucunda bitən  o  tər  güllərin  ətri  bizi  özümüzə  vurğun  etmişdi. Bizə  elə  gəlirdi ki  həyat  yalnız, bu  ətirli  qoxudan  ibarətdir. Sən  demə, bütün  güllər  kimi  bu  güllər  də  solacaq, bu  qoxu  da  bitəcəkmiş.

Hər  kəs  kimi  mən  də  uşaqlıqda  mehriban  idim. Həmişə  tağımızı  suvaran Gülnisə  nənə  mənə  necə  də  fərəhlə  baxırdı, qoca  yaşında  əyilib  ətrafımı  basan  ot – alafı  təmizləyirdi. Gülümüzün  ətrindən  məst  olub, başımıza  yığışan  həşəratları  hər  səfərində  qovurdu. Qoca  olsa  da  suyuşirin  və  qıvraq  idi. Üzünün  əsas  hissəsi  uzun  həyat  yolunun  qoyduğu  izlərdən  qırış – qırış  olsa  da, gözlərinin  rəngi  gəncliyinin  xoşbəxt  və  qayğısız  keçdiyindən  xəbər  verirdi. Şux  duruşuğunu  hələ  də  saxlayırdı. Qaməti  sərv  ağacı  qədər  uca  və  əzəmətli  idi. Arxadan  baxanda  gözlərin  səni  aldada  bilərdi. Allah  bilir, Gülnisə  nənə  gəncliyində  neçə – neçə  cavana  dağ  çəkib, gözlərini  yolda  qoyub. Min  bir  arzuyla  ona  can  atmağa  çalışan  cavanların  ümidlərini  puç edib, öz  möhtəşəm  gözəlliyi  ilə  o  ki  var  qürurlanıb, lovğalanıb, gözləri  ayaqlarının  altını  görməyib, axırda  da  gəlib  rəhmətlik  Mirzə  kişinin  qisməti  olub…Sonra  da  bostanda  olan  mənim  kimi  neçə – neçə  xiyarın  qayğısına  qalıb. İşləməyə  marağı  olsa da, bizə  qulluq  etməyin  məqsədi  heç  də  bekar  qalmağın  doğurduğu  üzüntü  deyil, sadəcə, bu  yazıq  arvadın  gözü  əkdiyi  xiyar  tağlarındadır. Ümid  edir  ki, onlar  çoxlu  məhsul  verəcək. O  da  həmin  məhsulu  satıb  pul  edəcək. Qoca  vaxtında  bu  yaşlı  qadın  pulu  neynir  kimi  suallar  sizin  beyninizi  didəcək, bunu  bilirəm. İndi  sizə   deyərəm. Bu  yaşlı  qadının  evində  çox  ağır  xəstəsi  var. Əslində  bu  xəstəliyə  mübtəla  olmuş  insanlara  dövlət  tərəfindən  pulsuz  dərmanlar  paylanmalıdır. Bizdə  də  ki  felin  vacib  şəklinin  elə  ancaq  şəkli  var. Bu  yazıq  arvad  da  neyləsin, məcburdur  ki  əksin – töksün, götürdüyü  məhsuldan  satıb  xəstəsinin  dərmanına  xərcləsin. Ama  son zamanlar  çox  pərişandır, günü  gündən  xiyarın  qiyməti  ölür. Hər  dəfə  qiymətlərin  aşağı  düşdüyünü  eşidəndə  gözləri  dolur, bütün  çarələr  tükənmiş  kimi  görünür. Onda  mən  çox  pis  oluram, kaş  əlimdə  imkan  olaydı, bir  bəxt  iksiri  içib, onunçün  qızıl  xiyara  çevriləydim. Ama, neyləmək  olar, onun  bəxtinə  talehsiz  ömür, mənimkinə  adicə  xiyar  olmaq  yazılıb.

Artıq, neçə  gün  keçib, demək  olar  yetişmişik. Lakin  bizi  alan  yoxdu. Deyirəm  talehə, qismətə  baxe  kənd  mühitində  yetişəsən, tərbiyən, qanacağın  da  ki  şükür  Allaha  yerində, təbii  olduğuna  görə  də  dadına  dad  çatmaya, ama  yenə  sənə  qarşı  bu  qədər  biganə  olalar, günü  gündən  qiymətini  öldürələr, süfrəyə  gələndə  ağızlarını  büzələr. Elə  bil  ki  biraz  bundan  qabaq  İsraildə, Allah  bilir  hansı  şəraitdə  yetişən  yöndəmsiz  xiyarların  kilosuna  3  manat  verib  yeyən  bunlar  deyildi. Hirsimdən  az  qala  tumlarım  partlasın, nədi  balam,  İsrailin  xiyarı  dadlı  olur? Belə  də  nankorluq  olar, öz  malına, öz  xiyarına  bu  qədər  biganə  olasan. Dünyanın  heç  bir  yerində  öz  xiyarına  bu  qədər  biganə  olan  2 – ci  xalq  yaşamır. Heç  olmasa  bir  kisəsinə  3  manat  verin, yazıq  arvadın  bağrı  çatlayır  axı! Xəstəsinə  dərman  almaq  lazımdır. Sizə  bir  həqiqəti söyləmək istəyirəm, əslində  mənim  satılmağa  can  atmaqda  məqsədim  tamam  ayrıdı. Deyirlər  şəhərdə  böyük  bir  bazar  var, adətən  bizi  satmaq  üçün  həmin  bazara  aparırlar. Həmin  bazara  da  nə  qədər  istəsən  civilər  gəlir. Ax, bir  gözəl, gənc  qadın  nəfəsi  üçün  elə  darıxmışam  ki. Hesab  elə  satıcı  sənin  tozunu, palını – palçığını  silib, səliqə  ilə  vitrinə  düzür, hər  dəqiqəbaşı  da  azı  20  dəfə  anqırır : “xiyar  vara  xiyar, xiyar  deyile  baldı  bal, özü  də  təmiz  kənd  xiyarı.”  Elə  bu  vaxt  gözəl  bir  xanım  bizə  tərəf  yaxınlaşır, ilk  öncə   üzərimizə  göz  gəzdirir, sonra  qar  kimi  ağappaq  əllərini  bizim  üzərimizdən  aparıb, qonşu  vitrində  olan  bibərlərə  toxundurur, bu  an  xiyarlığıma  az  qala  nifrət  eliyim, bir acı  bibər  qədər  də  olmadıq…Buna  baxmayaraq, o  biri  xiyarları  deyə  bilmərəm şəxsən  mənim  tikanlarım  biz – biz  durur, bədənimə  soyuq  titrətmə  düşür. Elə  bu  saat  məni  alıb  götürməsini  istəyirəm, qoy, alıb  aparsın  onun  əllərində  param – parça  olub, salat  kimi  yeyilməkdən  dünyada  gözəl  nə  ola  bilər  ki!!!

Eh, yalnız  arzulamaq  qalır  mənə  həmişə…Hər  şey  bitdi, arzular  da  ümidlər  də. Daha  hər  səhər  kəndimizdə  doğan  al  şəfəqli  günəşi  görməyəcəm, daha  səhər  şehi  oynamayacaq  üzərimdə. Daha  Gülnisə  nənənin  pərişan  üzünü  də  görməyəcəm, ama  buna  sevinirəm. Onu  çarəsiz  görəndə  doğurdan  da  pis  olurdum. Əlimdən  heçnə  gəlmədiyinə  görə  özümə  əsəbləşirdim, Tanrını  da  qınayırdım. Axı  məni  niyə  xiyar  yaradıb  deyə. Ama  məndən  daha  zavallı  olan  bu  insanı  görəndə  xiyar  olmağıma  da  şükür  edirdim. Düşünürdüm  ki, heç  olmasa  bir  nəfərə  fayda  verəcəm, süfrəsinə  salat  kimi  gəlib  yeyiləcəm. Bir  xiyar  üçün  bundan  xoşbəxt  an  ola  bilərdimi, ama  olmadı. Tağ  da  saraldı, tağın  üzərində  olan  xiyar – mən  də!!!

Birazdan  Gülnisə  nənənin  qonşusu   Heydər  kişi  öz  ac  inəklərini  buraxacaq  bizim  üstümüzə. Bu , bizim  üçün  dünyanın  ən  əzablı  və  dəhşətli  ölümü  olacaq. İnək  dişlərinin  arasında  əzilmək , xırçım – xırçım  olmaq. Doğurdan  da  bu  dünyada  yaşamaq  gözəl  idi. Ama, son  həmişə  kədərli  olur. Bilirsən, Gülnisə  nənənin  həyətindən  heç  ayrılmaq  istəmirəm. Eybi  yox, qoy, tağın  üstündə  sapsarı  olum, iyrənc  görünüm, göz  görə – görə  çürüyüm. Təki  bütün  vücudum  təbii  olaraq  bu  həyətin  torpağına  qarışsın. Məndən  sonra  doğulacaq – yaşayacaq  xiyarlar, mən  sizə  ən  gözəl  məclisləri  bəzəməyinizi  arzu  edirəm. Mən  sizə  tağın  üzərində  qalıb  büzüşməməyi, sevə – sevə  yeyilməyi, sevgili  pomidorla  bir  qabda  qarışmağı, süfrələrdə, soyuducalarda  doya – doya  sayrışmağı  arzulayıram. Bir  də  Tanrı  heç  bir  xiyara  Gülnisə  nənə  kimi  çarəsiz, kədərli  həyət  sahibi  qismət  etməsin…Yenə  Gülnisə  nənə  yadıma  düşdü, görəsən, dərmanları  necə  alacaq. Axı  gözünü  bizə  dikmişdi, biz  təzə – təzə  gül  açanda  o, necə də  sevinirdi. İlahi, o  anlar  yadıma  düşəndə  xəcalətdən  boğuluram. Eh, gidi  dünya, qoy, gəlsin  Heydər  kişinin  o  ac, quduz  inəkləri  yesin  məni. Artıq, yaşamaq  istəmirəm…

 

 

 

Şərh

Şərh

To Top