Zərrələr

“Zərrələr”-Qabil Ədalət

Kanal 15–in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair Qabil Ədalətdir . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Qabil Ədalətin şeirlərini sizlərə təqdim edirik:

 

Ağcabədi rayonu Bayat elində doğulub. Kirovaqrad Milli Texniki Universitetin tələbəsidir. AYB, AJB və DGTYB üzvü, ASKEDIN Azərbaycan təmsilçilik başkanı və “Bayat” İctimai Birliyinin sədridir.

 

Ümidimi qucaqlayıb yatdım

 

Gecə telefonda,

başımı başına söykəyib,

dərdlərindən aldığın payımı

başımın altına qoyub,

səsindəki təbəssümə bürünüb,

ümidimi qucaqlayıb yatdım.

Qoparıb ruhumu bədənimdən

sənə sarı gəldim.

Sevginlə  məst idim bir az dumanlı…

Əllərim uzalı qalmışdı saçlarına gecə gözlüm…

Ümidlərim qucağı boş qayıtmışdı qoynuma.

Bu gecə də telefondan

nəfəs kimi asıldım.

Günəş  yavaş-yavaş əritdi gecəni.

Geriyə bir nağıl qaldı gecədən…

 

 

Qumdan saray tikən şair

 

Yorulmuşam.

Bircə anlıq məni dinlə!

Burax məni, elə özün öz əlinlə!

Qaranlığı kəsib keçən fikir kimi

dumanları yara-yara, sən də çıx get uzaqlara.

Yadındamı?

Bir zamanlar əllərindən

alabəzək kəpənəyi uçurmuşdun- yaşatmaqçün.

Bax, eləcə, burax məni!

Qumdan saray tikən zaman

barmaqların arasından süzülən o qumlar kimi

sahildəcə burax məni!

Dönüb baxma keçmişinə,

unut məni birdəfəlik!

Bu şübhələr, üzüntülər,

qoy, olmasın bir də mənlik!

Sən də olma, nə dünənki, nə bugünkü!

Yorulmuşam daha çünki.

Əlvida de!

Azad elə!

Baş-başa qoy təkliyimlə!

Çox asanca.

Get, get bu gecə.

 

 

Qalıb hələ

 

Barmağından üstümə çıxarıb atdığın

üzüyün tökülmüş qaşları…

çırpdığın qapının zərbəsindən

divarların əmələ gəlmiş çatları…

qalıb hələ…

 

sındırdığın güzgüdə çiliklənmiş əksimin

dabanımın qanı ilə yuduğum üzü…

çərçivədən  çıxarıb yandırmaq istədiyin

toy şəklimizin əzikləri…

və hələ də  bu çərçivənin boşluğundan

özünü asan arzularımın son inamı…

qalıb hələ…

 

Qalıb hələ…

dodaqlarının izi fincanda,

güzgünün qabağında qoxladığım tellərin

darandığın daraqda…

səni xatırladır cehizlərin hər otaqda…

 

sevgimizdən daha etibarlı imiş,

göyərçin əllərinlə qoyduğun

gəlinlik gülünün şeir dəftərimin

arasında qurudulmuş ləçəkləri…

qalıb hələ…

 

evimizin kənarından iki addım o yana

daş parçası ilə cızdığımız

sevgimizin nişanəsi…

bəlkə də…

bəlkə də o ola

bətndəki barışmağın bəhanəsi…

 

 

Duzumun duzu olmadı

 

Çox sınadı dünya məni,

Dərdlərim dağ oldu, ana.

Öz əlimdən düşdüm yerə,

Ümidim dağıldı, ana.

 

Sovurdu hey dünya məni,

Sovurdu ömür içində,

Yoğurdu hey dünya məni,

Yoğurdu ömür içində.

 

Kündəm küt düşdü, ay ana

Qara görünən bəxtimin

Başqa bir üzü olmadı.

Doğru sözüm zəhər oldu

Duzumun duzu olmadı.

 

 

Ağlayan şeir

 

Qırıldım.

Bilirəm eşitmədin.

Çiliklərim doğradı içimi, sızıldadım.

Kədərlənmə deyə,

Gülüşümü sərdim

ağrılarımın üstünə…

Qarşılıqsız bir sevginin,

səfil xəyallarına dala-dala

unutmuşam özümü.

Toplamağa çalışıram qəlbimi.

Çiliklərim doğrayacaq hisslərini,

ən yaxşısı toxunma.

Yığışdır addımbaşı unutduğun ümidləri,

yığışdır.

Yeriməyim çətin olur.

Yapışır ayağıma ümidlərin.

Toxunma, yarım qalmaq istəyim var.

Bu şeirdə qarşılıqsız  bir sevgimə ağladım.

Ağladım…Ağladım…

Göz yaşımda həsrət üzdü

ümidimin sahilinə çatmağa.

 

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Kanal15.tv

Şərh

Şərh

To Top