Zərrələr

“Zərrələr”-Qoşqar Qaraçaylı

Kanal 15–in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair Qoşqar Qaraçaylıdır  . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Qoşqar Qaraçaylının  şeirlərini sizlərə təqdim edirik:

 

1986-cı ildə Qəbələ rayonu yeni Dizaxlı kəndində doğulub. Orta təhsillidir.

 

Qatar

 

Bürünüb həsrətə, bürünüb qəmə,

Hər gecə yuxumdan bir qatar keçər.

Vətən həsrətini, qürbət eşqini,

Elə bir-birinə hey qatar, keçər,

Hər gecə yuxumdan bir qatar keçər…

Alar gəncliyimi qoparar gedər,

Məni də özüylə aparar gedər,

Dəmir yollarına dönər əllərim,

Quru bir ağacın budaqları tək,

Qırılıb ömrümdən düşər illərim…

Dönər xatirələr sərnişinlərə,

Yatar, vaqonlarda uyuyar gedər,

Baxışlar üşüyən pəncərələrdən,

İşıqlı şəhərə boylanar gedər.

Bilinməz doğması, bilinməz yadı,

Bilinməz ünvanı, bilinməz adı,

Günəş doğanacan, ay batanacan,

Gedib ünvanına lap çatanacan,

Sərər həyatımı xoşbəxt bir yerə,

Aparar çıxarar gözəlliklərə.

Hər gecə yuxumdan bir qatar keçər,

Hər gecə yuxuma mələklər enər…

 

***

Hamı tələsir harasa…

Kimi evə,

Kimi işə,

Kimi görüşə…

Təkcə mənəm bu şəhərdə tələsməyən, təkcə mən…

Çünki, nə yaşamağa evim var,

Nə işləməyə işim,

Nə də məni gözləyən var hardasa,

gedəm bir dəstə qızılgül alıb görüşünə…

…Bir palıd ağacının altında oturub,

tökülən payız yarpaqlarına baxıram.

Payıza bənzəyən ömrümün qalanını

payız yarpaqlarına bağışlamaq istəyirəm…

 

* * *

 

…Həzin bir musiqi parçasıdı həyatım…

Qəmli notlar üzərində yazıb, bəstələyib məni Allah…

Adi baxışlarımda hüzünlük, qəriblik, kövrəklik var…

Nə olar, gözlərimə baxmağa bu qədər çalışma,

mənə belə alışma…

Qorxuram qapılasan yavaş-yavaş özünə,

sonra baxmayasan sözünə…

Qorxuram günaha batam,

Səni nəğmələrdə yaşadam,

Poz məni…

…Poz məni yaddaşının xatirələr albomundan…

dinləmə daha, dinləmə məni…

Ürəyində edam elə əbədi…

 

 

Bu şəhərin küçələri

 

Dilənçinin ümid yeridi bu şəhərin küçələri…

Yağış yağsa sığınmağa dayanacağı, metrosu var,

dərdinə bir yanası var…

Bu şəhərin küçələri,

qollarıdı bu şəhərin,

açılıbdı şəhərə üz tutanlara…

Kirayə axtaran kasıb tələbələrə,

nə bilim daha kimlərə, kimlərə…

Rəngarəng işıqları çiçəkləyər hər tərəfi…

Bu şəhərin küçələri,

Pəncərədə donan baxışların sirdaşına çevrilər hər gecə,

sevənlərin ayaqları altında xatirələr dinləyər gizlicə…

Çevrilər qurbanına yağan qarın, yağışın,

Ünvanlı alqışın, ünvansız qarğışın.

Bu şəhərin küçələri,

Xəyallarım kimi sonsuz,

fikirlərim kimi dolaşıq,

yuxularım kimi qarışıqdı…

Yaman əzgindi bu şəhərin küçələri…

İnsanların ayaqları altında,

maşınların təkərləri altında

can verir elə bil…

 

Sərxoş adamın gözləri kimi axır,

axır bu şəhərin küçələri harasa…

Bir şair lazımdı düşə bu küçələrdə aza,

bir az qəribsəyə, bir az yorula,

və otura bir şeir yaza…

 

***

 

Gözlərin dənizdi, sevgi dənizi,

Mənsə gözlərində, tənha bir ada,

Söylə kimin var ki, məndən bir özgə,

Mənim səndən başqa kimim dünyada.

 

Bircə Tanrımız var ikimizin də,

Biz dünya içində başqa dünyayıq.

Nə sirrik sirdaşı olan bəndəyik,

Nə şirin nağılıq, şirin röyayıq.

 

Tanrı göy üzünə götürmədisə,

Niyə yer üzünə buraxdı bizi…

Ay da nur saçmadı heç gecəmizə,

Günəş isitmədi gündüzümüzü…

 

Duyğular selidir aparan məni,

Qurtula bilmirəm, qurtar məni gəl…

Sevən ürəyimdən muğayat ol sən,

Mənim ürəyimə yol tapan gözəl.

 

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Kanal15.tv

Şərh

Şərh

To Top