Ədəbiyyat

Bəhruz Xəlil-Yeni şeirlər

Tənha adam şəkili.

Gecələri,vahiməli,qara paltolu adam kimi,
gündüzləri kəsici alət kimi kəsir adamı.
Ağacları öz dibində ölür,insanları öz içində.
bizim kəndin.

Əzizini itirmiş,adam kimi darıxır,
evimizin qabağında ərik ağacı.
Yarpağları intihar edir,yıxılır budağlarından.
İnsanlar xəyanət etməyə başlayır ayağlarından.
Qadınını başqa qadına dəyişən kişilər,
qadınsız üşüyən kişilər
bir də ölmək istəyib də,ölə bilməyənləri var,
bizim kəndin.

Sənin getdiyin uzağlıqlar qədər öldürücü zərbə görməmişəm
bu yaşımda.
Mənim tənhalığım boyda şeir yazılmayıb
hələ dünya ədəbiyyatında.

Nəysə,hava yenə də,iki nəfərlik qədər çox soyuqdur bayırda.
Odun sobasında ağac qətliyamıdır,
bizim kəntdə
****
Ömür qaranlıq küçə kimidir bizim kəntdə.
Gözün bir addımlıqını görmür,
hər addımda bir çətinliyə dəyirsən.
Sonra,
dilinlə görmədiyin gözünə söyürsən.
Söyüləsi adamlar mələk kimi qalır….
Təəssüf.
Yalan deyə bilmərəm,
ac yatdığım gecələrin sayını unutmuşam,
uşaqların qənd,çörək davasının sayını da…
Evdə dava-dalaş olmayan günü,
təqvimin “novruz” bayramıdır deyib qeyd edirəm.
Danlanıram,əsəbləşirəm və döyürəm!
Döyüləsi adamlar mələk kimi qalır….
Təəssüf.

Xoşbəxtlik deyilən bir şey barədə qəti fikirə gələ bilmirəm:
Məncə,xoşbəxtlik,nə qadın ətridir,nə qadın telləri…
Xoşbəxtlik,tanrı kimi bir şeydi,
var amma görünmür !
Deyəsən, artıq mən də
ətrafımdakı sürünənlər sinfinə
üzv olmaq üçün yavaş-yavaş əyilirəm.
Əyiləsi adamlar mələk kimi qalır
Təəssüf…
****
Mən bu dərdi tanıyıram,
oxşarı mənimkidi.
Bütün qəmli baxışlar,
oxşayır mənimkinə…
Şeir ətirli qadın,
əvvəl səni qoxundan
tanıyardım uzağdan.
İndi ayaq izindən.
Gözdən kənara getdik
nə sən getdin özündən,
nə mən getdim özümdən…
Sən yoxsan,şəkilin var
amma qucağlamıram
heç öpmürəm də onu.
Bir də,kim deyir axı
qucaqlaşanda ancaq
adamlar xoşbəxt olur.?
****
Köşə təbiətli əruz

Yenə də qənd qutarıb ,çay da ki,yəqin sabaha…
Hələ kartoşka-soğan, ət demirəm ,yağ demirəm.
Elə ki,sinəmi dərdlər yuvası zənn elədim,
ta o gündən bəri,hər tər-təpəyə,dağ demirəm…

Son zamanlar da minibdir, dəbə yorğan havası,
mən də ki,əldən uzun, qıçdan uzun , boydan uzun…
Bu uzunluqda boyumla ,bu gödək yorğanla ,
harasın sevməliyəm,mən bu qışın ,mən bu buzun ?!

Ehtiraslar və “romantişni” şüarlar tükənib .
Daha mən əlləri qoynumda salıb ,qızdırıram…
Hələ bir körpə qızım da deyə ,”rastişka” gətir ,
ustalıqla və məharətlə sözü azdırıram …

Tanrının dərgahı sandım o göyinən , bu yeri,
hara getdim dedilər,evdə deyil ev yiyəsi…
Ac olanda küləyin də, gücü şiddətli olur ,
az qalır ki, qırıla pəncərənin çərçivəsi…

Bir dəfə kimsə deyirdi “içalat” çox bahadı ,
düşünürdüm sataram , böyrəyimi, ağciyəri….
Nə biləydim vətənə məndən əzəl qurban olub ,
böyrəyim, sağ tərəfimdən ,ama yoxmuş xəbərim…
Səngərin qış gecəsindən ,ama yoxmuş xəbərim..!
****
Heç bu haqda düşünmusən,Etirşah,
gör nə boyda arzularlın heç oldu?
Heç sən məni deməzsən e,
o uşaq…
Ad qoymuşduq,doğulmamış puç oldu.
Arzuları məhv etdilər…
Alınmadı sevgilim.

Nolsun ki,ovladın var,anasan
Nolsun ki,atasıyam,oğlumun…
Desələr ki,çox xoşbəxtsən,inanma,
o xoşbəxtlik,
heç ucundan keçmir mənim ağlımın.
Arzuları məhv etdilər,
Alınmadı sevgilim.

Sən gedəli ,nələr oldu ,deyim ,bil…
mən başladım , gic-gic şeir yazmağa.
Durnalara ,göyərçinə , dağlara…
Vallah desəm gülərsən e,
Qarışqaya , şeir yazdım , mən hətta.
Sonra belə təsəlli də tapmışam,
alınmırsa , alınmasın , həyatdı…
Arzuları məhv etdilər ,sevgilim
alınmadı ,sevgilim..!
****
Ulduzlar göyün üzündə,
gözlərim sənin üzündə darıxırdı…
Həyəcandan əllərim bir-birini sıxırdı.
Saçların bulud kimi çiyninə səpələnmişdi,
gözlərindən sevgi yağırdı.
Deyə bilmədiyim sözləri
içimdə qan qusurdum,
sən baxırdın
və mən susurdum!
Məsum baxışlarım,
yanağlarına dəydikcə,
ürəyimdə əks səda verirdi.
Saçlarının içində
əllərimi gizlətmək arzusuyla
içimdə boğulurdum.
Mövzu “realizm” idi,
sən danışırdın
və mən susurdum..!
Gözəl mənzərə idi,
iki nəfərlik masada
birinin digərində yox olması ,
ən dəhşətlisi,hər şeyin yuxu olması idi !

Şərh

Şərh

To Top