Zərrələr

“Zərrələr”-Ramil Mərzili

Kanal 15–in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair Ramil Mərzilidir  . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Ramil Mərzilinin  şeirlərini sizlərə təqdim edirik:

14.05.1981-ci ildə doğulub. Ali təhsillidir. Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr və magistr pillələrini bitirib (Gəncə, 1999-2005). AYB-nin üzvüdür (2014).

 
Mənim dincliyimi mənə gətir, get!

Sənin gəlişindən sonra anladım,
Köksümdə bir ürək daşıyırammış.
Bu qədər illəri ağrı-acısız
Görəsən bəs necə yaşayırammış?!

Mən ki öz halımdan xəbərsiz idim,
Gətirdin özünlə ürək ağrısı.
Səninlə davasız bir günümüz yox,
Sənsiz də keçməyir günüm doğrusu.

Götürüb başımı gedəcəm-dedim,
Dedin-əsas qəlbdi, onu götür, get.
Bax mən bacarmadım, gülüm, barı sən,
Mənim dincliyimi mənə gətir, get!!!

 
Məni bu dünyaya gətirən anam

Məni bu dünyaya gətirən anam,
Söylə nə itirdin, nələri tapdın?
Bir çimdik sevincə həsrət ömrümü,
Dərddənmi yoğurdun, qəmdənmi yapdın?

Uşaqlıq görmədim uşaq çağımda,
Savaş od alovun saçdı hər yana.
Başımı mərmidən yana qaçırıb,
Sənin qucağında gizlədim, ana…

Mən özüm ağrıyam, öz çəkim boyda.
Hər yanım kədərdi, dərddi, qubardı.
Ağrını dünyaya gətirmək üçün,
Başqa bir ağrıya nə gərək vardı?

Zamansız gəlmişdik dünyaya sanki,
Dünya bizdən, biz dünyadan xəbərsiz.
Mənim yaşıdlarım top qovalarkən,
Topun lüləsiylə oynayırdıq biz…

Körpə qəlbimizi sevindirərdi,
Qarğıdan köhlən at, məftildən maşın.
Ay ana, sənin o ağıllı balan,
Bu axmaq dünyada itirib başın.

Nə qədər qorxardın biz uşaq ikən,
Sıyrılan dizimiz batanda qana.
İndi böyümüşəm, hər yıxılanda
Ürəyim qanayır, ürəyim, ana!!!

Yenə də yıxılsam, qanasa dizim,
Bir məlhəm qoyarsan, tapıb yerini.
Gəl, sarı qəlbimi, sarıya bilsən,
Unudum dünyanın dərdi-sərini…

 

Gəl bu eşqə biraz “ayrılıq” verək

Gəl bu eşqə biraz “ayrılıq” verək,
Hər şeyi itirib, yenidən tapaq.
Təqvimdən götürək yanlış günləri,
Küt gedən kündəni yenidən yapaq…

Qoy biraz dincəlsin, yatsın bu eşqim,
Nə qədər ağrılar, acılar gördü…
Dərdin küləklərə verdiyi saçı,
Həsrətlə daradı, hicranla hördü.

Tez yatırt, ört üstün, soyuq olmasın,
İslaq baxışından buzlayar eşqim…
Sənin həsrətini geyib əyninə,
Gecə də, gündüz də sızlayır eşqim…

 
Ana!

Dilindən süzülüb çıxan kəlmələr,
Qəlbimdə ləl-gövhər, incidir ana!
Səni sağ tərəfdən vuran o iflic
Məni sol tərəfdən incidir ana…

Biz bütöv bir canıq, sən sağ, mən də sol,
Mən səninlə varam, getsəm hayana.
Səssizcə uzanmaq sənə yaraşmır,
Aç yorğun gözünü, danış, ay ana!

Bir ana sığalı çəkməyin üçün,
Başımı çiynimdə daşıyıram mən.
Demə ki balamın balaları var,
Yenə sənin üçün yaşayıram mən.

Sən də mənim üçün qalx ki, ayağa,
Qoymayaq sevinsin bu zalım iflic.
Göz yaşım arx açdı yanaqlarıma,
Ana balasını ağladarmı heç?!

Qalx, qurbanın olum, qucaqla məni,
Sıx köksünə yenə ağsaç balanı.
Ömür karvanına il gərəkdirsə,
Fədadır ömrümün geri qalanı…

 
Yenə ayrılıqlar mövsümü gəlir

Yenə ayrılıqlar mövsümü gəlir,
Yenə qızıl payız, yağan yağışlar.
Həsrətdən çatılmış qaşların altda
Yenə dolmuş gözlər, islaq baxışlar.

Susuz torpaq kimi çat-çat olmuşam
Qəlbimdə bir hiss var, məndən çox böyük.
Çəkib aparmağa gücüm də yetmir,
Mən bu hissə yükəm, bu hiss mənə yük.
Yolumu payızdan salmasın deyə,
Küsmüşəm mən daha ayaq izimdən.
Budaqdan tökülən yarpaqlar kimi
Düşür arzularım bir-bir gözümdən.

Bu payız həsrətin sarıb ruhumu,
Solumdan aşağı, sağdan yuxarı.
Varmı elə zirvə, ay insafsızım,
Sinəmə çəkdiyin dağdan yuxarı?!

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Kanal15.tv

Şərh

Şərh

To Top