İqtisadi Zona

Əhali “Azərişıq”dan gələn hesablardan şokdadır

Artıq abunəçilərə iri məbləğdə çeklər gəlməyə başlayıb. Artımın hələ Tarif Şurasının qərarından əvvəl baş verdiyi barədə şübhələrimizdə gerçək payının olduğu təsdiqlənir.
Xatırladaq ki, Tarif Şurası noyabrın 28-də təbii qazın və elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar verib, əhali üçün müvafiq kvota müəyyənləşdirilib. Elektrik enerjisinin aylıq istehlak həcminin 250 kVts-a qədər olan hissəsi köhnə tariflə – yəni 7 qəpik, aylıq istehlak həcminin 250 kVts-dan çox olan hissəsi isə 11 qəpiklə hesablanacaq. Qeyri-əhali üçünsə elektrik enerjisinin tarifi 9 qəpik olub. Qazın illik istehlak həcminin 1500 m3 -dək olan hissəsi üçün köhnə tariflə – 100 manat, istehlak həcmi 1500 m3 -dən çox olan hissəsi isə 200 manat müəyyən edilib. Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün 2016-cı ilin dekabrın 1-i tarixindən tətbiq olunur. Elektrik enerjisi ilə bağlı qərar isə hər iki qrup üçün bu ilin dekabrın 1-dən qüvvəyə minib.
“Azəriqaz” İB və “Azərişıq” ASC-dən iddia olunurdu ki, bahalaşma əhalinin 60-70 faizinə təsir etməyəcək, çünki çoxluq işığın istifadəsində aylıq 250 kVts limitini keçmir. “Azərişıq”-dan bildirilirdi ki, əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kVts-dan azdır. Bu baxımdan differensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq. İstehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqi istehlak səbətində bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalması ilə yanaşı, israfçılıq hallarının aradan qaldırılmasına stimul verəcək. Eyni zamanda tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur. “Azəriqaz” İstehsalat Birliyindən isə deyilib ki, Azərbaycanda əhalinin 62 faizindən çoxu ildə 1500 m3 qaz limitini keçmir. Buna görə də tarif dəyişiklikləri əhalinin böyük hissəsinə təsirsiz qalacaq.
Smart-kartlardan istifadə müddəti iki dəfə azalıb
Amma, artımı abunəçilər keçən aydan hiss etməyə başlayıblar. Belə ki, abunəçi xanımın bildirdiyinə görə, qaz üçün smart-karta ödədiyi pulun istifadə müddəti son vaxtlar iki dəfə azalıb. Halbuki, təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən qüvvəyə minir. “Azərişıq”-dan gələn bildirşləri də təhlil etdik. Məlum olur ki, sərfiyyat əvvəlkindən 30-50 faiz artıq qeydə alınır.
Aylıq normanı 10 günə “yerinə yetirib”
Feysbuk istifadəçilərimiz onlara gələn bildirişləri və hesabları paylaşıblar. Bəzilərini diqqətinizə çatdırmaq istəyirik. Misal üçün, “Azərişıq”-dan Biləcəridəki Teymur Yaqubov küçəsində yaşayan Arif Cəbrayılovun adına oktyabrın 5-dən dekabr ayının 9-dək olan müddət üçün gələn bildirişdə sərfiyyatın 2624 kVts olduğu göstərilib. Məbləğ 201.46 manatdır. Sərfiyyatın 2179,4 kVts hissəsi 0.07 manatdan (152.56 manat), 444.6 kVts isə 0.11 manatdan (48.9 manat) hesablanıb. Qərar bu bildirişdən 10 gün əvvəl qüvvəyə mindiyindən abunəçinin həmin müddətdə nə az nə çox, düz 444.6 kVts elektrik enerjisi istifadə etdiyi bəlli olur. Bu gedişlə sərfiyyatın bir aya 1300 kVts-dən az olmayacağını söyləmək mümkündür. Abunəçi əvvəlki ay 50 manat ödəyib. Cəmi 20.22 manat borcu qalıbmış. Bu aykı sərfiyyatı ondan dörd dəfə çoxdur. Bildirişi Xəyalə Həşimova adlı oxucumuz paylaşıb. Özü də şərh yazıb ki, “hər ay 35-40 manat işıqpulu verirdik. Keçən ay tam 38 manat ödəmişdik. İndi dəli olmuşuq, anlamırıq ki, 5 dəfə çox hesab necə gəlib. Üstəlik evdə kombi də var”.
Abunəçi axırıncı ay üçün 38 manat ödəyibsə, deməli haradasa 543 kVts elektrik enerjisi istifadə edib. Amma, bəlli olur ki, bu “norma”nı az qala dekabrın 10 günündə yerinə yetirib. 200 manat hazırda bir nəfərin maaşıdır. Statistik hesabatlarda orta aylıq əməkhaqqının 493 manat olduğu deyilsə də iki devalvasiyadan sonra bir çox sahələrdə, xüsusilə özəl sektorda məvaciblər əhəmiyyətli şəkildə aşağı düşüb. Amma gördüyünüz kimi ailəyə bir nəfərin məvacibi qədər elektrik enerjisi hesabı gəlir.
6804 manat ödəniş edib, 6100 manat borc gəlib
Elman Kərimovun yazdığına görə, qonşusu ondan az elektrik sərf edir, amma ən son 101 manatlıq “hesab” alıb. Adam dəli olmaq dərəcəsinə gəlib, şikayətlərinə də baxan yoxdur, kimdən soruşubsa, cavab alıb ki, “nə qədər yandırmısansa özün bilirsən”.
Elman Mirzəyev deyib ki, “bizim bina təzə olduğundan hələ qaz yoxdur, işıq pulu aylıq 160-180 manat arası ödəyirdim, bundan sonra nə hesab gələcəyindən xəbərsizəm”.
Cəmilə Rzayeva yazır ki, onun kommunal xərci 48 manat imiş, indi 94 manat elan edilib. Halbuki, binada istilik sistemi də mövcuddur.
Seymur Hacalıyev də yazdığı statusda maraqlı məqama toxunub. “Bir mənzil üçün 84 ayda 6804 manat ödəniş olub. Bu gün elektrikpaylayıcı şəbəkədən mənə əlavə olaraq 6100 manat borc göndərilib. Sayğacın üstündəki rəqəmlərlə təqdim olunan sənədlər düz gəlmir”.
Belə çıxır ki, S.Hacalıyev aylıq orta hesabla 81 manat elektrik enerjisi üçün abunə haqqı ödəyib, amma bu məbləğ bəs etməyib, onu da fokus-mokus edib ikiqatına çıxarıblar.
Zaqatalada 180 ailənin hər birinin işığa 1000 manat borcu var
 
Paris Fransua niki ilə yazan oxucumuz da deyir ki, keçən ay 180 manat işıqpulu ödəyib. Proqnozlaşdırır ki, o hesabla indi həmin pulun üçqatı gələcək.
Gətirdiyimiz sitatlar yazılan şərhlərin heç bir faizi deyil. Biz sadəcə, enerji xidməti təşkilatlarından yüksək hesab aldıqlarını söyləyən oxucuların yazdıqlarını paylaşırıq.
Emin Məmmədovun yazdıqlarına güvənsək, Zaqatalanın Car kəndində 180 ailənin isığını kəsiblər, camaata ağılasığmaz borclar gəlib – 700-dən 1050 manatadək”.
Onların sərfiyyatı ikiyə vurulur
 
Xəyal Hacıyevin yazdığından belə anlaşılır ki, onlara ayda stabil 60 manat işıq pulu gəlirmiş, ayın 10-da artıq 123 manatlıq yeni hesab qəbul etməyə başlayıblar. Cingiz Quliyev deyir ki, “ay tamam olmayıb, amma mənə 32 manat ışıg pulu təqdim olunub, halbuki stabil olaraq aylıq 20 manat pul yazırdı”.
Əsəd Həsənov isə bildirir ki, ona keçən ay 25, bu ay isə 42.75 manat işıq pulu gəlib. Rahib Qurbanov da gələn çekə baxıb, əvvəlki kimi 33 manat olduğunu düşünüb, “ödəyərəm”. deyib. Sonra bildirişə bir də diqqətlə baxanda məbləğin 73 manat olduğunu görüb. Əvvəl gözünə görünən nə imiş, Allah bilir.
Həyat Davudova adlı istifadəçi isə qazdan gileylidir. Deyir, ancaq mərkəzi istilik sistemi olanlarda qaz sərfiyyatı bəlkə illik 1500 m3-i keçməz ki, bunun  özü belə limit üçün azdır: “Bütün Bakı kəndləri və rayonlarda ya kombi, ya da dəmir soba istifadə edirlər, onlar da ayda ölüsü 40 manat pul yazır”.
Bu şərhlərdən o da məlum olur ki, iddia edildiyi kimi əhalinin heç də 70 faizi göstərilən limitdən az qaz və ya elektrik işlətmir, əksinə, hesablar bundan qat-qat çoxdur. 250 kVts 7 qəpikdən 17.5 manat edir. 1500 m3 qaz üçün isə illik 100 manat müəyyənləşib. Paylaşımçılar arasında bu məbləğlərə yaxın rəqəmlərə rast gəlinmir.
/Bizimyol.info

Şərh

Şərh

To Top