Ədəbiyyat

Sabir Paşayev – Qəzəllər

“Şəhidim”
Gülər, əlbət, üzü, çün əhdə sədaqətli idi,
Yəqini vardı həyat çox qısa müddətli idi.

Bir ömür yolçusu oldu, yolunu azmadı, o,
Salmadı meylini dünyayə, bəsirətli idi.

Eləyib haqqını zay, məzluma zülm etmədi heç,
Böldü öz ruzisini yarı, səxavətli idi.

“Haqqa təmsilçi olub, zülmə boyun əy”, nə demək?
Zülmə düşmən kəsilib, çünki, ədalətli idi.

Bir ömür oldu qulu, Rəbbi şəriksiz tanıdı,
Ol səbəbdən şəhidim böylə təravətli idi.

Sən hələ nə’şini gördün, vəli, kaş ki, biləsən,
Sabir, Allahı sevən bəndə nə qiymətli idi…
****
“Ey kaş”
Mən xəstənəm, ey gül, mənə dərman verəsən, kaş,
Olmazsa əgər, qətlimə fərman verəsən, kaş.

Vallahi günahdır, bu qədər hicrinə dözdüm,
Bir dəfə səni görməyə imkan verəsən, kaş.

Gizlətmə gözəl hüsnünü məndən, nə rəvadır?
Üz verdin əgər, daima, hər an verəsən, kaş.

Aldın məni məndən, gözəlim, sehr elədin sən,
Ruh cismə qayıtsın deyə, ünvan verəsən, kaş.

Mən sevdiyim afət belə qəddar ola bilməz,
İnsafə gəlib, busədən ehsan verəsən, kaş.

Dünya ki olub Sabir üçün nari-cəhənnəm
Dünyada ona cənnəti-rizvan verəsən, kaş.

*****
İmana gəl”
Xəstə dil, dərdin böyükdür, sən tələs dərmanə, gəl,
Gəzmə sən meyyit kimi, ver ruhə məlhəm, canə gəl.

Bir ömür çəkdin əziyyət xoş güzaran axtarıb,
Döymə day yanlış qapı, Allah deyən ünvanə gəl.

Sən edib şeytanı dost, dünyanı bərbad eylədin,
Gec deyil, sağsan hələ, sən ver təlaq şeytanə, gəl.

Bəsdi day sürdün ömür heyvan kimi, xarü zəlil,
Insan ol, əxlaqı öyrən, sən ədəb-ərkanə gəl.

Yoxdu qəlbində rahatlıq, hər nə etsən, zay olur,
Bil ki, Allahdır salan hər bir işi səhmanə, gəl.

Şah damarından yaxındır, duymaz oldun sən Onu,
Həsrətiylə müntəziri olduğun Rəhmanə gəl.

Olma mə’yus, lap günahın olsa da dərya qədər,
Əfv edər Rəbbim səni, qıl tövbəni, imanə gəl.

Həqqi vardır hər kəsin etsin xitab ki, Sabira,
Sən özün də etginən pak niyyətin, Sübhanə gəl.
****
“Azadə Hüseyn”
Sən demə “məzlum” Hüseynə, çün, Hüseyn azadədir,
Həqq üçün can verməyə azadələr amadədir.

Qursalar məclis Hüseynə, sinəvə vur zərbilə,
Vur oyandır ruhunu, çoxdan yatıb, röyadədir.

Çoxları söylərdi ki: Ləbbeyk Hüseyn, biz Sənləyik!
Amma, bax, hər kimdə vardırsa vəfa, səhradədir.

Gör necə çəkdi Hüseyn qurbangaha əyalını,
Keçdi hər şeydən Ağam, çün, Həqq evin inşadədir.

Ali məktəbdir Hüseyn, məktəb Əli mirasıdır,
Kim, əgər, olsa, Hüseyni, müjdəsi Zəhradədir.

Sabira, göz yaşına, gəl, sən hədər bel bağlama,
Bilginən, aşiqlərin keyfiyyəti təqvadədir.
******
“Gəl”
İstərsən əgər könlümü şad eyləyəsən, gəl.
Gen durma ki sən eşqidə ad eyləyəsən, gəl.

Kimdir deyən aşiqlərə vacibdir fərağı?
Şair sözünə uyma ki, dad eyləyəsən, gəl.

Qoyma darıxım, hər gecə gözlər qala yolda,
Vacibdi namaztək məni yad eyləyəsən, gəl.

Bəhs etmə mənə maneələr var aramızda,
Eşqində gərəkdir ki cihad eyləyəsən, gəl.

Eşqindir- açan mən təki lal-dinməzin ağzın,
Olmaz ki müqabildə inad eyləyəsən, gəl.

Sabir ki edir eşqi bəyan xalq arasında,
Yoxdur səbəbin hər nə irad eyləyəsən, gəl.

 

Şərh

Şərh

To Top