Ədəbiyyat

Cahandar Aybər-Hekayə

                                                                   QUZĞUN

 

İti caynaqlı və iti dimdikli, acgöz, didişdirmək üçün leş axtaran bir quzğun idim. Gözlərimi yerə zilləyərək, havada süzürdüm. Didişdirməyə leş var idi, amma yerə enməyə imkan yox idi. Tüstü və barıt iyi məni boğur, silah səsləri isə qorxudurdu. Bura hansısa müharibə meydanıydı. Yerdə dağınıq şəkildə çoxlu əsgər leşi var idi. Mən onlardan birinin bədənini didib-parçalamaq üçün yerə şığımağa fürsət gəzirdim. Xeyli vaxt keçəndən sonra səs-küy dayandı, tüstü-duman bir az çəkildi. Gözə ayaq üstə olan kimsə görünmürdü. Mən bundan istifadə edərək, həmin əsgər leşlərindən birinin üstünə sanki məndən qaçırmış kimi hücum etdim. Onun əynində qalın, zirehli paltar var idi. Bircə sifəti və başı açıq idi. İti caynaqlarımla nə qədər cırmaqlasam da, zirehli paltarı cırıb-dağıda bilmədim. Və bu işə çox vaxt itirmək istəmədiyimdən, onun güllə dəymiş, qan içində olan başını dimdikləməyə başladım. Əvvəlcə başının dərisini, sifətini didib-parçaladım, sonra qanlı kəllə sümüyünü və gözlərini var gücümlə dimdiklədim. Gözlərini asanlıqla yuvasından çıxarıb uddum. Dimdiyimin ağır zərbələrindən isə kəllə sümüklərini qırıb-dağıtmağa, beynini ayağımın altına tökməyə nail oldum. Budur, mən onun beynini acgözlük və böyük iştaha ilə yeyirəm. Bu mənə hədsiz dərəcədə zövq verir, ətrafda baş verənlər isə vecimə deyil. Cəmi beş dəqiqə çəkmədi ki, işimi bitirdim. İndi onun kəlləsi boş kasaya bənzəyir, dimdiklədikcə, boş taqqıltı səsi verirdi. Artıq bir az tox, dimdiyim, caynaqlarım qan qarışıq beyin qalıqlarına bulaşıq şəkildə, bir az da qorxu içində ətrafa boylanır, hərdən sanki kefimdən içini yediyim kəlləyə bir dimdik vururdum. Qəfildən yenə silah səsləri gəldi, toz-torpaq qopmağa başladı. Mən təlaşdan tez təkan verib, özümü havaya tulladım, qanadlarımı yelləyib, bacardıqca yuxarıya uçmağa tələsdim. Yerdən ayaqlarımı üzdüyüm andan özümdə qəribə dəyişikliklər hiss etməyə başladım; elə bil bu kiçik beynimdə böyük dönüş yaranır, beynim qızışır, yaddaşıma heç vaxt görmədiyim, eşitmədiyim şeylər gəlirdi: “O, düşməndir, onu məhv etməlisən!” “O, quzğundur, onu parçalamalısan!” – Deyə, bağırtılar başımın içini döyəcləyirdi. Bunlar sanki başımın içində soxulcan kimi sürünür, sağ gözümün dəliyindən çıxıb, sol gözümün dəliyindən yenidən başımın içinə daxil olur, beynimin altından girib, üstündə onu sıxaraq düyünlənirdi. Və birdən bu soxulcan baş tərəfini sağ qulağıma, quyruq tərəfini isə sol qulağıma tıxayırdı, mən heç bir səs eşitmirdim, yaxud eyni şəkildə, başını və quyruğunu gözlərimə pərçimləyirdi, heç nə görmürdüm. Məndə mənə aid olmayan qisasçılıq əmələ gəlir və mən istər-istəməz tez-tez məni görərlər deyə gizlənmək istəyir, amma gizlənə bilmir, gah da bir təpənin arxasından, yaxud səngərdən kimisə güdürmüş kimi başımı qaldırıb baxırdım və hər dəfə qarşıda ucsuz-bucaqsız boşluqdan başqa heç nə görə bilmirdim. Çünki bunların hamısı havada baş verirdi. Bütün bunlar, yəqin ki, yediyim beyinin içində idi – onun düşüncələri, yaratdığı reflekslər idi. Və mən onu yediyim üçün o, ac mədəmdən qanıma keçmiş, qanımla beynimə və bütün bədənimə hopmuşdu – görünür, insanın beyni quzğun beynindən böyük olduğu üçün mənim beynimin idarəetməsinə qalib gəlib, onu iflic etmişdi. Yəqin beynini yediyim o əsgər də ölməmişdən əvvəl bu cür düşünüb, ya da bu düşüncəni onun beyninə zorla yeridiblər. Mən göydə hərdən özümü uçan insan kimi hiss edir, insan və ya quzğun olduğumu ayırd edə bilmirdim. Təxminən yeddi-səkkiz dəqiqə insan-quzğun qarışıq düşüncə çək-çevirləri ilə havada fırlandım. Sonra qəflətən sürətlə yerə – indicə güllə sinəsini deşik-deşik edən əsgərin meyitinin üstünə şığıdım. Bu, qarşı tərəfin əsgəri – bayaq beynini yediyim əsgərin və indi sahibi olduğum beyinin düşməni idi. Onun paltarını da güllə sinəsi ilə birlikdə deşik-deşik etmişdi. O öz qanı içində yıxılıb qalmışdı. Heç kim onu yada salmır, ya da öz canı bahasına yada salmaq istəmirdi. Bu, mənim üçün əla fürsət idi. Mən düz onun üstünə çökdüm və parça-parça olan paltarını caynaqlarımla cırıb tökdüm. O, xırıltılı səslə zarıyır, ağzından qanlı köpük gəlirdi. Mənə elə gəldi ki, o hətta bir neçə dəfə məni qovmağa da cəhd etdi, lakin nə səsi çıxdı, nə də qolları qalxdı. Mənsə heç nəyə fikir vermədən, onun sinəsindəki güllə yaralarından axan qanı dimdikləməyə başladım. Dimdiyim həmin güllə dəliklərindən içəri keçir, mən oradan ət qırıntıları dartıb qoparır və yeyirdim. Bu, məndə əvvəlkindən daha dəhşətli şəkildə baş verirdi. Artıq onun bayaqkı zəif xırıltılı səsi də kəsilmişdi. Mən iti caynaqlarım, əyri və güclü dimdiyimlə onun sinəsini oyub tökdüm. Birdən dimdiyim ürəyinə sancıldı, elə bil qorxulu yuxu görürmüş kimi bir dəfə möhkəm diksindi və yenidən yerdə sərilib qaldı, bundan dərhal sonra da bütün vücudu soyumağa başladı. Bu, onun sonuncu hərəkəti oldu. Mən bir xeyli əlləşdikdən sonra həmin əsgərin ürəyini dartıb çıxardım. Özü də bunu elə etdim ki, sanki neçə illərdi onunla qan düşməniyik və mənim kimi o da məni öldürməyə fürsət gəzirmiş, lakin mən ondan zirək tərpənərək, onu qabaqladım. Qanlı ürək daha dadlı idi, onu yeməkdən daha çox ləzzət alırdım… Mən indi onu necə yediyimi danışmayacağam, çünki bu artıq mənim ürəyimi ağrıdır. Yedim və yenə havaya qalxdım. Havada bir neçə dövrə vurduqdan sonra bayaqkı düşüncələrimin – qisasçılıq və düşmənçiliyin yavaş-yavaş beynimdən yoxa çıxdığını, beynimin gərginlikdən azad olub, rahatlandığını hiss edirdim. Bunların əvəzində bədənim boşalır, məni kövrək hisslər öz ağuşuna alırdı. Bir neçə ay öncə tərk etdiyim yuvam, o yuvada böyütdüyüm, uçmağı öyrətdiyim balalarım yadıma düşürdü. Bu hisslər çox qəribə, həm də gözlənilən deyildi. İndi yerdə gördüyüm əsgər leşlərinə də baxa bilmirdim, onlar gözümə hələ uçmağı öyrənməmiş, yuvadan yıxılıb yerdə qalan balalarım kimi görünürdü. Mən tezliklə uçub buranı tərk etmək, buradan çox uzaq olan yuvama dönmək istədim. Bu istəyimi qanadlarımı tez-tez yelləyərək həyata keçirməyə başladım və get-gedə bütün bədənimi çuğlayan həmin hisslər içində uçmağa başladım. Necə, haraya və nə qədər uçduğumu da bilmədim. Bircə onu gördüm ki, müharibəyə görə boşalmış, evlərin əksəriyyəti uçub-dağılmış hansısa bir kəndin üzərindəyəm. Bu kənd mənə çox doğma gəlir, gördüyüm və baş verən hər şey isə taqətimi tükəndirirdi. Getdikcə yorğunluqdan aşağı endiyimi, nəfəsimin təngidiyini, evlərə yaxınlaşdığımı görürdüm. Və birdən hansısa naməlum doğma qüvvənin təsirindən özümü boş bir evin çiliklənmiş pəncərəsindən içəri saldım. Bu zaman qarşı tərəfdəki divarda gözlərimə bulanıq şəkildə ürəyini yediyim əsgərin rəsmi göründü. Onun əlində silah var idi və sanki məni nişan almışdı. Mən özümü saxlaya bilməyib, taqətsiz halda sinəsi üstə qarşı tərəfdəki divara – həmin rəsmə çırpılıb, döşəmənin üstünə düşdüm. Sonra nə qədər cəhd eləsəm də, tərpənə bilmədim. Bir az sonra isə öldüyümü hiss elədim və mənə elə gəldi ki, bura mənim öz yuvamdır.

Şərh

Şərh

To Top