Zərrələr

“Zərrələr”-Rəhim Mehnət

Kanal 15–in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair Rəhim Mehnətdir. Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Rəhim Mehnətin şeirlərini sizlərə təqdim edirik:

 

03.06.1977-ci ildə Naxçıvan MR Şahbuz rayon Sələsüz kəndində ziyalı ailəsində doğulub. Ali təhsillidir. Bakı Plan İqtisadiyyat Texnikumunu (1994-1996), Naxçıvan Dövlət Universitetini bitirib (1996-2000). Magistraturada təhsil alıb (2000-2002). Həmin Universitetdə elmi işçi vəzifəsində çalışıb (2002-2007).

 

 

 

                     Mən və sən

 

Yuxulara başqaları girəndən,
Deyəsən, səninçün yad olmuşam mən.
Daha xəbərin yox, bilmirsən, gülüm,
Adının yanında ad olmuşam mən…

 

Həsrətinin badəsini dadmışam,
Varlığını ürəyimə yazmışam.
Sənsizlik yolunda itib batmışam,
Acı damağımda dad olmusan sən…

 

Gözlərimi yollarına dikmişəm,
Yoxluğunu hicranıma bükmüşəm.
Sənin üçün mən canımdan keçmişəm,
İsti təndirində bad olmuşam mən..

 

Deyirdim gəzərik dünyanı sənlə,
Birgə oxunarıq-zil ilə, bəmlə.
Bilməzdim ürəyim dolacaq qəmlə,
Məndən uzaqlaşıb yad olmusan sən…

 

 

Gəl sən getmə

 

Dünən aldım xəbərini,
Çəkib getmək istəyini,
Bizi tərk etməyini,
Uzaqlardan baxmaq üçün,
Ürəkləri yaxmaq üçün,
Sən gedərsən həyat durar,
Günlər məndən hesab sorar,
Yoxluğun qamətim qırar,
Gəl sən getmə…
Sən olmasan məndə yoxam,
Özümü vurduğum oxam,
Vicdanımın ətəyindən,
Asılıbdı dərdli yaxam,
Gəl sən getmə…
Sən olmasan bura heçdir,
Heç darıxma canım gözüm,
Burdan getmək hələ tezdir,
Sənə qurban mənim özüm,
Dağılacaq, doğranacaq,
Çığıracaq, bağıracaq,
Mən dərdimi deyim necə,
Yatmayaram sənsiz gecə,
Gəl sən getmə…
Gəl sən getmə, qumral gözlüm…
Sənsiz mənim üzüm gülməz,
Gəl sən getmə, qumral gözlüm…
Gəl sən getmə…

 

 

Düşüncəm, düşüncən…

 

Yatanda son, duranda ilk,
Mənim olan düşüncəm,
Gün boyunca məni alıb,
Dərdə salan düşüncən.

 

Yağışların damlasında,
Bu sevdanın havasında.
Gecələrin röyasından,
Məni soran düşüncən.

 

Səni səndən çox istədim,
Əlim çatmaz, ünüm yetməz.
Ürəyimdə gizlətdiyim,
Yaşam ruhum, düşüncəm.

 

Şeir təki içimdəsən,
Həyatımın içindəsən.
Yazmıramki, oxunacaq,
Gülüm, sənli düşüncəm.

 

 

Etiraf

 

Sev deməyə ürəyim,
Gözləməyə səbir yox.
Diri gəzən ölüyəm,
Gizlənməyə qəbir yox.

 

İstəmirsən yanmağı,
Amma ki, alışıbsan.
Özündən xəbərin yox,
O selə qarışıbsan.

 

 

 

Qoy aləm də oyansın, 
Bu sevginin səsindən.
Hamı ibrət götürsün,
Sevginin nəfəsindən.

 

Leyli nəvaxt olub ki,
O, uzaqda qalandı.
Hərdən adı çəkilir,
Məcnun oda yanandı.

 

Kimdi səni incidən,
Kimdi qəlbini qıran?
Çox dərinə getmə ki,
Tez də sağalsın yaran.

 

 

 

Bağışla

 

Məni məndən alanım,
Alıb dərdə salanım.
Uzaqlarda olanım,
Ay məni qısqananım.
Bir gün ölsəm, bağışla.

 

Ya istidə donanım,
Soyuqlarda yananım.
Küsməyinə inanım?
Ay məni qısqananım.
Bir gün ölsəm, bağışla.

 

İllərimi saymısan,
Günlərimi oymusan.
Söylə məndən doymusan?
Ay məni qısqananım.
Bir gün ölsəm, bağışla.

 

 

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Kanal15.tv

 

 

 

Şərh

Şərh

To Top