Ədəbiyyat

Faiq HÜSEYNBƏYLİ-Şeirlər

SÖZDƏ QALIBDIR GÖZÜM

Sən gedəni dərədə,
Düzdə qalıbdır gözüm,
Ardınca hər ləpirdə,
İzdə qalıbdır gözüm.

Ruhsuz heçdir bu bədən,
Ayaq saxla, ay gedən!
Aləmləri xəlq edən,
Sözdə qalıbdır gözüm.

Göz yaşı yağış deyil,
Yanlışlıq naxış deyil.
Allah, bu baxış deyil,
Gözdə qalıbdır gözüm.

SÖZ ÖLDÜRƏCƏK MƏNİ

Sevirəm işvə-nazı,
Naz öldürəcək məni.
Qaş verəcək hökmünü,
Göz öldürəcək məni.

Nə sultandı, nə şahdı,
Hər şey haqqa pənahdı.
Canı verən Allahdı,
Qız öldürəcək məni?

Bu nə hirsdi, əsəbdi
Guya ilhamdı, təbdi.
Kim öldürsə, əcəbdi,
Düz öldürəcək məni.

Səmaları süzərəm,
Ulduzlarla bəzərəm.
Alovuna dözərəm,
Köz öldürəcək məni.

Mən sözə can demişəm,
Sözdü insan demişəm.
Canı qurban demişəm,
Söz öldürəcək məni.

DUR, GEDƏK…

Dünyanın ən kədərli
Vaxtı çatıb, dur gedək!
Dur gedək, ömrüm-günüm,
Ömrü başa vur, gedək!

Yol gedir uçuruma,
Uçurum önündə durma.
Xəyalımı uçurma,
Xəyalımı qur, gedək!

Yaşamaq da peşədi,
Bir az qəmdi, nəşədi…
Ürəyim saf şüşədi,
Ürəyimi qır, gedək.

Bir az da çıx özündən,
Tut Allahın sözündən.
Bu dünyanın üzündən,
Götür bir az nur, gedək!

KƏNDDƏ UNUTDUQLARIM

Hamılıqla bir süfrədən yeməyi
Unutmuşam, kənddə qoyub gəlmişəm.
O zəhməti, o əməli, əməyi
Unutmuşam, kənddə qoyub gəlmişəm.

Torpaq olub insanların dayağı,
Torpaq qəlbi, torpaq əli-ayağı.
Ayağımın altındakı torpağı
Unutmuşam, kənddə qoyub gəlmişəm.

Bu şəhərdə hiss elədim yoxluğu,
Yoxluğuyla qəribsədim çoxluğu.
Qohumluğu, qonşuluğu, dostluğu
Unutmuşam, kənddə qoyub gəlmişəm.

Dəyişmişəm təbiəti, iqlimi,
Üşüyürəm divar kimi, daş kimi.
Düşüncəmi, xəyalımı, fikrimi
Unutmuşam, kənddə qoyub gəlmişəm.

Dadmaq olmur baldan şirin söhbəti,
Barışmadım bu şəhərlə mən qəti.
Rahatlığı, mərhəməti, hörməti
Unutmuşam, kənddə qoyub gəlmişəm.

Darıxdırıb bitirmişəm ruhumu,
Hansı tində itirmişəm ruhumu?
Cəsədimi gətirmişəm, ruhumu
Unutmuşam, kənddə qoyub gəlmişəm.

Yandır sözü, işıqlandır zülməti,
Sevdaladım məhəbbətə həsrəti.
Məhəbbəti, hərarəti, qisməti
Unutmuşam, kənddə qoyub gəlmişəm.

Səbrim daşdı, hövsələm də tükəndi,
Bu gördüyün həsrətdi, mən çəkəndi…
Gətirmədim bu şəhərə o kəndi,
Unutmuşam, kənddə qoyub gəlmişəm.

Şərh

Şərh

To Top