Ədəbiyyat

Ceyhunə Mehmanqızı-Şeirlər

İntihar etdi arzularım
Gunahkarı Xəzər oldu.
Parçalandım…
Gözlərimi
“iyirmi dörd” ildir
“kor” qalan
Şuşada qoyub gəlmişdim.
Təbrizimi unutdurmamışdı
Qarabağımın “qara” dərdi…
Saçlarım barıt qoxuyurdu
dodaqlarım ölüm.
Türkiyəmin
bitməmişdi
qanlı gecələri…
Və… dün gecə…
Dün gece
ümidlərim
Kayseride can verdi…

*****
Mənim taleyimi oğurlayan qız,
Söylə razısanmı öz əməlindən?
Ömrümdən qoparıb, aldığın kəsi,
Qorxmursan alalar bir gün əlindən?

Mənim taleyimi oğurlayan qız,
Qəlbini şübhələr söylə, yeyirmi?
Mənə gecə-gündüz dediyi sözü,
Sənə də deyirmi? Səni sevirmi?

Mənim taleyimi oğurlayan qız,
Varlığın sevgimi dana bilərmi?
Mənim taleyim də sönən arzular,
Sənin taleyində yana bilərmi?

Mənim taleyimi oğurlayan qız,
İndi mən yalanam, sən isə gerçək.
Sənə oğurluğu həyat öyrədib,
Sənin cəzanıda həyat verəcək…

****
Payız

Baharda ayrılanlar
payızda qovuşurmuş.
Ehh.. bunu kim uydurmuş?
Sən payız həsrətimsən
yollarınsa xəzəldi…
Ümid gələnə deyil,
gedənə edilərmiş.
Gəlişini gözlədiyim,
gedişində gözəldi…
Sənsiz sarı bir dünyada,
qırmızıyla qucaqlaşan
həsrətli boz kimiyəm.
Sənsiz yalın ayaqla,
qışa pənah aparan
yetim payız kimiyəm.
*****
Bu gün ad günüdür sənsizliyimin

Bu gün taleyim də yollar dolaşıb,
Ayrılıq günüdür,həsrət günüdür.
Bəlkə də təqvimlər yanılıb, çaşıb,
Bu gün sənsizliyin il dönümüdür.

Sənsizlik zülümdə, zillətdə olsa,
Göz yuma bilmədim bir səhvinə mən.
Süzdüm göz yaşımı boş badələrə,
İçdim sənsizliyin şərəfinə mən.

Silib gözlərimi, gülüm, oynayım,
Çoxda ki, ömrümü həsrət bürüyür.
Bu gün ad günüdür sənsizliyimin,
Bu gün sənsizliyim bir yaş böyüyür.

Şərh

Şərh

To Top