Maraqlı

Tramp möcüzəsi, Avropanın çöküşü, terror dalğası… – 2016-cı il ekspertlərin yaddaşında

2016-cı ilin başa çatmasına sayılı günlər qaldı. Başa çatmaqda olan il XXI əsrin daha bir qanlı ili kimi yadda qaldı. Elə hadisələr oldu ki, onların təsirini növbəti ildə, yaxud da illərdə çox açıq şəkildə hiss olunacaq. Ekspertlər nə düşünür: 2016-cı il onların yaddaşında necə qaldı, hansı hadisələr dünyanın gələcəyi baxımından onlar üçün daha əhəmiyyətlidir?

Kanal15.tv xəbər verir ki, Publika.az bu suallar ekspertlərə müraciət edərək onların fikirlərini öyrənib.

Politoloq Qabil Hüseynli hesab edir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendum (“Brexit”) 2016-cı ilin ən yadda qalan hadisələrindən biri oldu. Onun sözlərinə görə, ilin daha bir əhəmiyyətli hadisəsi ABŞ-dakı prezident seçkiləri və Donald Trampın qələbə qazanmasıdır.

Q.Hüseynli Trampın qələbə qazanmasının yaxın illərdə dünyadakı proseslərə təsir edəcəyini bildirib. Müsahibimiz hesab edir ki, Trampın qələbə qazanması dünyaya müsbət heç nə verməyəcək.

Politoloq 2016-cı ilin digər hadisələrini bu şəkildə sıralayıb: “BMT Təhlükəsizlik Şurasında İsrailin Fələstində məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnamə xüsusi qeyd olunmalıdır. Bu sənəd Fələstin üçün çox əhəmiyyətli idi. 2016-cı ildə həddindən artıq gərgin olan Rusiya-Türkiyə münasibətləri yumşaldı. Ardınca Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada öldürüldü. Moskvada Türkiyə, Rusiya və İranın Suriya üzrə razılığa gəlməsi Suriya probleminin həllinə kömək edə bilər. Türkiyənin Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatına başlaması da başa çatmaqda olan ilin xüsusi hadisəsi kimi vurğulanmalıdır”.

Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri də 2016-cı il hadisələri arasında ilk olaraq “Brexit”in adını çəkib. Onun fikrincə, “Brexit” Avropa İttifaqının gələcəkdə dağılması üçün təməl rolunu oynaya bildi.

N.Miri Avropa İttifaqının 2016-cı ildə ciddi miqrant böhranı və terror aktları yaşadığını xatırladıb.

O, Türkiyənin 2016-cı ildə çoxsaylı ölümlərlə nəticələnən terror aktlarının baş verdiyini vurğulayıb. Türkiyənin Avropa İttifaqına üzvlük danışıqlarının dayandırılması ilə bağlı Avropa Parlamentində qərarın qəbul olunduğunu bildirən politoloq bunun Ankara ilə Brüssel arasındakı münasibətlərdə ciddi çatlar yaratdığını qeyd edib.

Müsahibimizin sözlərinə görə, ilin əhəmiyyətli hadisələrdən biri Türkiyə ordusunun Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatına başlaması oldu: “Qısa vaxt ərzində Suriyanın şimalı İŞİD terror qruplaşmasından təmizləndi. Hazırda Əl Babın təmizlənməsi prosesi gedir”.

Dünyada heç bir siyasətçinin Donald Trampın qələbəsini proqnozlaşdırmadığını deyən N.Miri respublikaçı siyasətçinin qələbəsini də 2016-cı il üçün əhəmiyyətli hadisə adlandırıb. Müsahibimiz Rusiya-Türkiyə və buna paralel olaraq Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasını da 2016-cı ilin yaddaqalan hadisələrindən hesab edir.

“Bundan başqa, Moskva-Ankara münasibətlərini pozmaq üçün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada qətlə yetirildi. Lakin hadisə əks effekt verdi və iki ölkə arasındakı münasibətlər daha da yaxşılaşmağa doğru gedir. Rusiya-Türkiyə əməkdaşlığı Suriyada da özünü ciddi şəkildə göstərir. Yaxın Şərqdə yeni bir situasiya yaranıb. Rusiya ABŞ-la Suriya üzrə razılaşa bilməyəcəyini anlayandan sonra Türkiyə ilə əməkdaşlıq etməyə qərar verib. Bu əməkdaşlıq da Suriyada öz təsirini ciddi şəkildə göstərdi. Dekabrın 20-də Moskvada Rusiya, Türkiyə və İran arasında imzalanan sənəd də Suriyanın gələcəyi baxımından təməl rolunu oynaya bilər. Bütün bu proseslər ABŞ kimi dünya gücünü Suriya prosesindən kənarlaşdırıb. Proseslər həmçinin göstərdi ki, regionda heç bir problemi Türkiyəsiz həll etmək mümkün deyil”, – deyə N.Miri əlavə edib.

Beynəlxalq məsələlər üzrə ekspert Fərhad Mehdiyev “Brexit”i, Donald Trampın prezident seçilməsini və Türkiyədəki hərbi çevriliş cəhdini 2016-cı ilin ən önəmli hadisələri adlandırıb: “Təbii ki, ən ağrılı məsələ Suriyada davam edən müharibədir. Minlərlə insan ölməkdə davam edir. Siyasi təsiri baxımından Türkiyədəki hərbi çevriliş cəhdinin adını çəkərdim. Bu, Türkiyənin daha çox daxilinə təsir etsə də, avtomatik proseslər doğurdu. Bunlar Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin dayandırılması, Suriyada “Fərat Qalxanı” əməliyyatına başlaması və Türkiyənin özündə fövqəladə vəziyyətin tətbiqidir. “Brexit”in Avropa İttifaqının gələcəyinə müəyyən təsiri olacaq. Trampın xarici siyasətinin necə olacağına dair məsələyə isə hələ də aydınlıq gəlməyib”.

Suriya üzrə Moskva, Ankara və Tehran arasında üçtərəfli danışıqları şərh edən ekspertin sözlərinə görə, iddia edildiyi kimi ABŞ-ı prosesdən tamamilə uzaqlaşdırmaq mümkün deyil. Rusiyanın aktiv müdaxiləsinin güc balansını Bəşər Əsədin xeyrinə dəyişdirdiyini deyən F.Mehdiyevin sözlərinə görə, Türkiyə bu məsələdə artıq uduzduğunu görür: “Ola bilsin ki, Astanadakı görüşə Əsədin nümayəndələri də qatılsın. Artıq Türkiyənin “Əsədi qəbul etmirəm” mövqeyi aradan qalxıb. Suriya hökuməti bütövlükdə Türkiyə tərəfindən qəbul olunur. ABŞ hələki Əsəd hökumətini tanımır. Amma Əsəd bütün ölkədə hakimiyyəti ələ alandan sonra ABŞ-ın başqa yolu da qalmayacaq”.

F.Mehdiyev qeyd edib ki, yadında 2016-cı ildə dünyada baş verən proseslərlə bağlı hansısa müsbət məqam qalmayıb.

Telejurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, ilin əsas hadisələrindən biri Donald Trampın ABŞ prezidenti seçilməsi idi: “Bu, bir çox baxımlardan böyük sürpriz oldu. Düşünürəm ki, bu hadisə qarşıdakı bir neçə ildə dünyadakı proseslərə öz təsirini göstərəcək. Düzdür, belə fikirlər var ki, ABŞ-da kimin prezident olması bu ölkənin siyasətinə ciddi təsir göstərmir. Amma mən o fikirlə razı deyiləm. Prezidentin siyasi-iqtisadi elitanın məhz hansı dairələrinə bağlı olması çox şeyi müəyyən edir”.

V.Məmmədov ikinci ciddi hadisə kimi neftin qiymətinin son 11 ilin ən aşağı həddində olmasını göstərib: “Bu da bir sıra ciddi nəticələrə səbəb oldu və düşünürəm ki, hələ olacaq. Qarşıdakı bir neçə ildə neftin qiyməti dünya siyasətində əsas həlledici amillərdən biri kimi qalmaqda davam edəcək”.

Müsahibimiz bildirir ki, Türkiyədəki 15 iyul çevriliş cəhdi 2016-cı ilin mühüm hadisələri arasında vurğulanmalıdır. Telejurnalist çevriliş cəhdinin qardaş dövlətin taleyində böyük rol oynayan və hələ oynayacaq bir hadisə olduğunu vurğulayıb.

O, Rusiya-Türkiyə münasibətlərində yaşanan gərginliyi də ilin əsas olaylardan biri adlandırıb. V.Məmmədov Avropa İttifaqının gələcəyi baxımından “Brexit”in də olduqca əhəmiyyətli bir hadisə olduğunu dilə gətirib: “Bu addımın nəticələri qarşıdakı illərdə özünü daha güclü göstərəcək”.

Şərh

Şərh

To Top