Hadisə

Bakıda qaz xəttində partlayış: yanğın sönürüldü – (YENİLƏNİR) – FOTO/VİDEO

Qaz kəmərindəki yanğın söndürülüb.

Kanal15.tv bildirir ki, FHN-dən Publika.az-a verilən məlumata görə, Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində səhər saatlarında partlayış nəticəsində baş verən yanğın sönürülüb.

***

Qaz kəmərindəki partlayışla bağlı SOCAR növbəti məlumat yayıb.

Daxil olan məlumata görə, dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş verib.

Yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub.

Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb.Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

***

Bakının Qaradağ rayonu ərazisində bu gün səhər saatlarında iki qaz xəttində baş vermiş partlayış nəticəsində başlayan yanğın davam edir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Massiv 3” adlanan yaşayış sahəsinin ərazisində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.

Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Sakinlər və media nümayəndələri əraziyə buraxılmır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaq üçün tədbirlər davam etdirir.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonu ərazisində qaz xəttində baş vermiş partlayış barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.

***

SOCAR Səngəçalda qəsəbəsindəki qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayışın baş verdiyini təsdiqləyib.

SOCAR-dan Publika.az-a verilən məlumata görə, xəsarət alan yoxdur.

Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.

***

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yanğın yaşayış məntəqələrindən kənarda baş verib: “Partlayış qaz kəmərinin dağlıq ərazidən keçən hissəsində baş verib. Ona görə də hadisə nəticəsində xəsarət alan olmayıb”.

“Azəriqaz” İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, yanğın “Socar”ın ixrac kəmərində baş verib.Ona görə də hadisə əhaliyə təbii qazın verilişinə təsir etməyib.

***

Bakıda qaz kəmərində partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. (apa)

 

 

Şərh

Şərh

To Top