Cəmiyyət

Yağıntıların miqdarı dəyişib – Bizi nələr gözləyir?

Azərbaycan ərazisində atmosfer yağıntılarının miqdarı orta hesabla 3% azalıb.

Kanal15.tv xəbər verir ki, bunu Trend-ə akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin müdiri Xəyyam Rəhimov deyib.

X.Rəhimovun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində yerləşən 32 meteoroloji stansiyanın məlumatları əsasında atmosfer yağıntılarının orta aylıq, illik və mövsümi müasir (1992-2014-cü illər) iqlim normaları hesablanıb. Müəyyən edilib ki, ölkə ərazisində atmosfer yağıntılarının miqdarı orta hesabla 3% azalsa da, regionlarda bu dəyişmə müxtəlif istiqamətli olub. Belə ki, Böyük Qafqazın cənub yamacının qərb hissəsində atmosfer yağıntılarının miqdarı 9%-dək artıb. Abşeronda bu artım 2-3% təşkil edib. Ölkənin əsas ərazilərində yağıntılar 2-8%, Kür-Araz ovalığının bəzi rayonlarında isə 12-15%-dək azalıb. İlin isti dövründə yağıntıların miqdarı 3-17% azalıb.

X.Rəhimov qeyd edib ki, proqnozlara görə, XXI əsrin sonunadək illik atmosfer yağıntıların miqdarının dəyişməsi müxtəlif istiqamətli olacaq: “Hesablamalar göstərir ki, ölkə ərazisində mümkün buxarlanmanın miqdarı 15-35% artacaq və bu da rütubət çatışmazlığının (iqlim-suvarma norması) 70-540 mm artmasına səbəb olacaq. Mümkün buxarlanmanın xeyli artması ölkə ərazisində təbii rütubətlənmə şəraitini pisləşdirəcək və bu da rütubətlənmə zonalarının sərhədlərinin dağlara doğru irəliləməsinə səbəb olacaq. Lakin bu, isti qurşaqların yerdəyişməsindən az olacaq, regiondan və proseslərdən asılı olaraq 50-400 m təşkil edəcək”.

Şərh

Şərh

To Top