Zərrələr

“Zərrələr”-Rəşad Məhəmmədoğlu

Kanal 15–in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair Rəşad Məhəmmədoğludur. Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Rəşad Məhəmmədoğlunun şeirlərini sizlərə təqdim edirik:

 

 

07.07.1977-ci ildə Cəbrayıl rayonunun Maralyan

(indiki Aşıq Pəri) kəndində doğulub. Orta təhsillidir.

 

 

Bu torpaq

Gör nə qədər ayaq altda əzildi,
Tapdaq altda parçalandı bu torpaq,
Oylağına minlərlə göz dikildi,
Hər tərəfə haçalandı bu torpaq.

Tarixlərdən dilimiz də çözüldü,
Bağ-bağçada gül-çiçəyi əzildi,
Bulaqlardan şəhid qanı süzüldü,
Başdan-başa məzarlandı bu torpaq.

Düşmən oldu, hər göz dikən, elə bil,
Gözlərinə batdı tikan elə bil,
Bağçasında ay gül əkən, elə bil,
Qanımızla çox sulandı bu torpaq.

Haray çəkir indi yurdu, yuvası,
Göydən yağan yağış-sudu sədası,
Yamaclarda yas qurubdu obası,
O dağlara daldalandı bu torpaq.

Müharibələr gördü tarix iziylə,
Xanlar, bəylər üzə gəldi yüzüylə,
Yandırıldı odumuzun közüylə,
Öz içindən alovlandı bu torpaq.
 

 

 

Yaz dostum

Oturub bəxtsizlər kimi, zikr edirsən.
Zilləyib gözünü bir nöqtəyə.
Nə olub, nə düşünürsən?
Yığmısan qəm-kədəri,
Topa-topa, bulud kimi.
Çox buraxma yaxına qara
qüvvələri,
Çağır, mələkləri, hurilərı.
Kağız-qələm götür,
Səs etsin içində avaz,
Kədərini dəmə köçür..
Hisslərinlə, ruhunla yaz.

Gecəni aya, ulduza,
Gündüzünü günəşə yaz.
Lap gecənin özünə yaz.
Buludlarla, göylə danış,
Əks-sədalı “hey”lə danış.
Eşitdiyin hər kəlməni,
kağıza köçür.
Yaz dostum, yaz!
Qoy içinin ahu-zarı yerə düşsün,
Qələminə, ağ kağıza, hər oxuyan dilə
düşsün.
Qələm yuyur şairlərin, yazarların
həsrətini,
Oda tökür, qəlbdən yuyur nifrətini,
Sən də yox et, qoy yuyulsun için
sənin.
Yaz dostum, yaz ki, pozulsun kədərin.
Bax, görürsən qələmini?!
O da dolub bulud kimi,

Sənin kimi,

ağla dostum, ağlat onu.
Qarış çayların səsinə,
O çaylar da şeir yazır.
Yaz dostum, yaz!

 

 

Neynirəm bu ömrü..!

Neynirəm ömrümə gələn baharı,
Bağımda gül çiçək bitirməyibsə?
Payızda yuvadan köçən quşları,
Qaytarıb geriyə göndərməyibsə?

Yenə soyuq olub, borandır qışı,
Qar yağdı başıma, ağartdı başı,
Əridir ürəyi, suyu göz yaşı,
Dağların qarını əritməyibsə.
Könlümün bağçası, yolu döngəsi,
Tərk edib bağbanı, yoxdu yiyəsi,
Neynirəm söyüdü, vardı kölgəsi,
Budaqda barını yetirməyibsə?

Dostlar uzaq düşür, yeri boş qalır,
Yanında yox yerim, seyri boş qalır,
Biri yaxın olur, biri boş qalır,
Qəlbimi özüylə götürməyibsə.

Vaxtsız ayrılıqlar bükdü qəddimi,
Yağışa torpağa tutdu rəddimi,
Nə yazıb qınayım uca Rəbbimi,
Bəxtimi ömrümə gətirməyibsə?

Yaz, ürək, dərdini kağıza boşalt,
Qismətdə nə varsa, a Rəbbim, yaşat,
Hər zaman Allaha şükr eylə, Rəşad,
Hələ ki dünyadan köçürməyibsə.

Qırdım ürəyini

Qırdım ürəyini, qırdım bir axşam,
Nahaqdan dediyim sözümün üstə.
Deyəsən, qəlbində bir daş olmuşam,
Bağışla, nə desən gözümün üstə.

Danıb içimdəki sevgi payını,
Səndən əsirgəyib yada vermişəm.
Qoyub öz bağımda şirin barımı,
Özgə bağlarından günah dərmişəm.

Bağışla, əzizim, bağışla məni,
Dilini yandıran közün olmuşam,
Əzmişəm xəbərsiz içimdə “sən”i,
Sevən ürəyini özüm qırmışam.
 

 

 

Daha ürəyini qırmaram sənin,

Günahım böyükdür, peşman olmuşam.

Dövrəndə pərvanən olaram sənin,

Ay zülmət ömrümü nurlandıran şam.

 

 

Düşüncələr

 

Ağacda budaqdan düşərsə yarpaq,
Sevinər, torpaq da xəzan görəndə.
Çün onu qoynuna udsa da torpaq,
Bahar bitirəcək zaman gələndə.

 

Yaşat həqiqəti, söz dilə haqdan,
Ürəyin nur alsın yanan çıraqdan,
Əl açıb dualar dilə Allahdan,
Azançı sübh çağı azan verəndə.

 

Uca zirvələrdən küləklər gətir,
Söz becər dilində, diləklər gətir,
Könül bağçasında çiçəklər bitir,
Anam təbiətə yazam, deyəndə.

 

Bir parça daş kimi qopub qayadan

Səsimlə dərəni, dağı oyadam.

Nə yerə doğmayam, nə göyə yadam,

Özüm o yandayam, izim bu yanda.

 

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Kanal15.tv

Şərh

Şərh

To Top