Zərrələr

“Zərrələr”-Rəşidə Allahverdiyeva

Kanal 15–in  “Zərrələr” layihəsinin növbəti iştirakçısı şair Rəşidə Allahverdiyevadır . Layihənin qaydalarına uyğun olaraq,  qonağımız olan Rəşidə Allahverdiyevanın şeirlərini sizlərə təqdim edirik:

 

24.05.1974-cü ildə Beyləqan rayonunun Şahsevən kəndində doğulub. Ali təhsillidir. ADPİ-nin Filologiya fakültəsini bitirib (1990).

****

Belə

Dilin kilidlənə, qıfıla düşə,
Bir kimsə duymaya səsini belə.
Baş alıb dünyadan elə gedəsən,
Tapan tapılmaya izini belə.

Həsrət qoyub namərdləri üzünə,
Gedib köç salasan çölün düzünə.
Yığıb bütün bulaqları gözünə,
Özün ağlayasan özünü belə…

Hələ yol olmamış ağrıya, dərdə,
Dumanın sükutu pozduğu yerdə.
Bir dağın başında, tənha qəbirdə
Çəkəsən ölümün nazını belə…
Alqış

Ömür yuxu deyil xeyrə yozulan…
Dərdlər ömrümüzə rəng, naxış deyil…
Bu gün pəncərədən axıb süzülən,
Mənim göz yaşımdı, qar-yağış deyil…

Bilirəm, nə çoxdu dərdindən ölən,
Mənsə… nə məlhəməm, nə də dərd bölən.
Qarşında misraya, şeirə çevrilən,
Vida nəğməsidi, yalvarış deyil.

Sən hələ dünyada Mələk gəzirsən,
Dərdi aldatmağa kələk gəzirsən.
Tutubsan qəlbində dilək, gəzirsən
Arzuna çatasan… Bu, ” qarğış ” deyil!

Daha nə göz yaşı, nə qəm görəsən,
Hər zaman sevinci yarı böləsən.
Yüz yaşda dünyadan köçsən belə, sən,
Ağlayan yar olsun, dost-tanış deyil…

***
Gəl yağışdan tutub çıxaq,
Tanrı tənha qalan yerə.
İnsanların arasından,
Bizə nəzər salan yerə…
Roma Xosrov

Bu ürək nəyə lazım…
Yurd olubsa kədərə?
Adımı necə yazım
Sevinc yol salan yerə?..

Dinc yer də yox ki, öləm
Dünyanın hər üzü qəm
Necə deyim sənə mən…
-Gəl gedək filan yerə…?

Ürəyim yarım-yarım,
Kəsməz yağışım, qarım.
Kimi qonaq aparım,
Göz yaşım dolan yerə?

Etiraf

Könlümdə yurd salıb durdun qəsdimə.
Axdı gözlərimdən yaş yağış kimi…
Sən torpaq, mən bulud tökdüm üstünə
Yağdırdın yağışı hey qarğış kimi…

Kim duydu, kim gördü gözümdə nəmi,
Əzab bir ümmanmış, taleyim gəmi.
Yuxular qovduqca sabaha məni,
Oyandım yağışdan islanmış kimi…

Tək bircə gümanım qəlbimə gəldi.
Onu hey qınadım sənin yerinə.
Çırpına-çırpına ölüm dilədi ,
Öz dəli eşqindən utanmış kimi.

Bu elə əzab ki, kimsə duymadı.
Gözlərim könlümdə nifrət qoymadı.
Sənin günahını yağış yumadı,
Qaldım…günahlarla barışmış kimi…
***
Bir yol ola dünyaya
Qayıdıb başdan gələsən..
Məmməd İsmayıl

Bir gün ola bu dünyada,
Dönüb vicdansız olasan.
Düz olmaqdan yoxdu fayda…
Yol azdıran iz olasan.

Qəlb olmaya yara kimi,
Gəzəsən avara kimi.
Gecə vaxtı qara kimi,
Gözəgörünməz olasan.

Onda çoxalar sevənlər,
Tapılar qədir bilənlər.
Sən isə dözüb birtəhər,
Yanıq üstə köz olasan.

Atmayasan qəlbi oda,
Kədəri salmayıb yada,
Bircə o zaman dünyada
Bəlkə, kefi saz olasan.

 

Layihə rəhbəri və tərtib edən: 

Gülnarə İsrafil

Redaktorlar:

Gülnarə İsrafil

Zamiq Mehdisoy

Sərvər Kamranlı

Korrektor:

Şəhanə Müşfiq

Dizayner:

Sərvər Kamranlı

Texniki tərtibatçı:

Gülnarə Sadiq

Kanal15.tv

Şərh

Şərh

To Top