Bölgələr

DİN Cəlilabadda saxta pul kəsənlərlə bağlı məlumat yayıb

Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Kanal15.tv-yə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinə rayonun Şıxlar kənd sakini Səfa Qaraşovun saxta pul əsginaslarının satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qaraşov 240 ədəd saxta 100 manatlıq əsginası satmaq istəyən zaman cinayət başında saxlanılıb.

Onun üzərindən və yaşadığı mənzildən qeyd edilən miqdarda saxta pul əsginasları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən saxta əsginaslar həqiqi pul vəsaitlərindən çətinliklə seçilir.

İlkin ifadəsi zamanı saxlanılan şəxs əldə etdiyi saxta pulları satmaq niyyəti ilə aldığını etiraf edib.

Qeyd edilən faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərh

Şərh

To Top