İqtisadi Zona

Avtobus sürücüsü sərnişinin ölməsi ilə nəticələnən hadisənin detallarını açıqlayıb

“Mayın 28-i 81 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun qapısı açıq vəziyyətdə idarə olunması nəticəsində sərnişin – Bakı sakini Cümşüd Haqverdiyevin yıxılması və sonradan xəstəxanada ölməsi ilə bağlı yayılan məlumatlar əsasında Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb”.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, 81 nömrəli marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı Fikrət Əhmədov və həmin marşrut xətti üzrə fəaliyyət göstərən 10 TF 978 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavanşir Məmmədov BNA-ya çağırılıb və izahatları alınıb.
“Həmin izahatlara əsasən sərnişin Cavanşir Haqverdiyev avtobus dayanacaqda dayandığı zaman avtobusdan düşən digər sərnişinə yol vermək istəyərkən müvazinətini itirərək yıxılıb. Bundan dərhal sonra sürücü ərazi üzrə polis bölməsinə və təcili tibbi yardıma məlumat verib, sərnişin xəstəxanaya çatdırılıb. Sürücü polisə ifadəsində də sərnişinin avtobusun qapısının açıq vəziyyətdə idarə edilməsi nəticəsində yıxılması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib. Ümumiyyətlə isə avtobus hərəkətdə olarkən qapısı bağlı vəziyyətdə olub”, – deyə M.Ağayev qeyd edib.
Qeyd edək ki, hazırda faktla bağlı Bakı şəhəri Nizami rayonu Polis İdarəsində istintaq araşdırması aparılır. Hadisənin başvermə səbəbi də yalnız bundan sonra məlum olacaq.

Mənbə: Apa

Şərh

Şərh

To Top