DÜNYA

“Reanimasiya”da olan Qarabağ danışıqlarına ABŞ və Fransa prezidentlərindən yeni nəfəs?

Vaxtaşırı Ermənistana “aprel əməliyyatları” nümayiş etdirməliyik.

“Əgər ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etmələrini danışıqların aktivləşməsi hesab edirlərsə, bu, səhv düşüncədir. Çünki məsələ təkcə gəlib-getməklə həll olunmur və olunmayacaq”.

Bunu Milli.Az-a açıqlamasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiana növbəti səfəri ilə bağlı xəbərləri şərh edən politoloq, professor Fikrət Sadıxov deyib.

Politoloqun sözlərinə görə, danışıqları canlandırmaq və müsbət nəticə əldə etmək üçün bəlkə də belə səfərləri etməyə artıq ehtiyac yoxdur: “Çünki lazım olan qərar və qətnamələr var, konkret təkliflər verilib. Hər şey göz qabağındadır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal altındadır. Həmsədrlər də bunu çox gözəl bilirlər. Bu məsələdə Azərbaycanla Ermənistanı eyniləşdirmək də lazım deyil. Çünki hərdən bu barədə bəyanatlar verirlər, deyirlər. Biz müxtəlif, tam fərqli mövqelərdə olan dövlətlərik. Məhz bizim torpaqlarımız işğal altındadır. İndi isə bizə sadəcə mövcud qərar və qətnamələrin yerinə yetirilməsi, beynəlxalq hüquq normalarına əməl edilməsi lazımdır”.

F.Sadıxov hesab edir ki, əgər ABŞ və Fransanın yeni seçilmiş prezidentləri danışıqlara yeni nəfəs verə bilsələr, o zaman müsbət nəsə gözləməyə dəyər: “Digər reallıq da ondan ibarətdir ki, həmsədr ölkələrdən ikisində – ABŞ və Fransada yeni prezidentlər seçilib. Bu dövlətlərin başçıları hər halda müsbət bəyanatlar veriblər. Ola bilər ki, onlar bu prosesə yeni nəfəs vermək istəyirlər. Əgər elədirsə, bu çox müsbət haldır. Yox, əgər yenə də gündəmdə köhnə, çeynənmiş təkliflər səslənəcəksə və işlər sadəcə bizi yenidən sülhə çağırmaqdan ibarət olacaqsa, onda onların regiona növbəti dəfə gəlməsi ilə problemin həllində irəliləyiş olmayacaq, heç bir nəticə hasil edilməyəcək”.

Professorun fikrincə, vəziyyətdən çıxış yolu kimi Azərbaycan siyasi, diplomatik sahədə fəaliyyətini daha da gücləndirməli və hücum xarakterli addımlar atmalıdır: “Dünya birliyinə beynəlxalq hüquq normalarına əməl edilməsi barədə çağırışları daha intensiv və effektli etmək lazımdır. Buna paralel olaraq, vaxtaşırı Ermənistana ötən ilin aprel əməliyyatlarına bənzər hərəkətləri nümayiş etdirməliyik ki, onlar başa düşsünlər ki, biz bu vəziyyətlə heç zaman razılaşmayacağıq. Azərbaycanın möqeyi qəti, prinsipial və dəyişməzdır. Hələlik bununla kifayətlənməliyik. Lakin ehtiyac duyulsa, bundan da sərt və güclü addımlar atmalıyıq”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 12-də Ermənistanın paytaxtı İrəvanda olublar, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə – Dağlıq Qarabağa, Xankəndinə səfər ediblər. İyunun 19-da isə həmsədrlərin Bakıya gələcəyi gözlənilir.

Şərh

Şərh

To Top