Azərbaycan

Daha bir şagird müəllimi tərəfindən döyülüb – Cəlilabadda – FOTOLAR

Cəlilabad rayon Hacicavad kənd sakini Məmmədov Rahib Adiş oglu məktəbli qızının müəllimi tərəfindən döyüldüyünü iddia edir. 

Bu barədə R.Məmmədov özü Kanal15.tv-nin redaksiyasına müraciət edib. R.Məmmədov bildirir ki, qızı Məmmədova Günəş dərsdən ağlayaraq evə gəldikdən sonra onun ağlamasının səbəbini soruşub. Məlum olub ki, 6-cı sinifdə oxuyan 11 yaşlı G.Məmmədova Fizika dərsini öyrənmədiyi üçün müəllimi Zeynəddin İbrahimov tərəfindən fiziki təzyiqlərə məruz qalıb.

Şikayətçi iddia edir ki, Hacıcavad kənd orta məktəbinin fizika müəllimi Z.İbrahimov G.Məmmədovanı əl və ağac zərbələri ilə işgəncələrə məruz qoyub: “Övladım məktəbdən evə qayıtdığı zaman gördük ki, uşaq gözü yaşlıdır. Soruşanda dedi ki, Zeynəddin müəllimi onu döyüb. Səbəbi isə dərsi mükəmməl bilmədiyi olub. Zeynəddin müəllim sol əli ilə uşağın sifətinə, sağ əlindəki ağacla da uşağın sol qoluna zərbələr endirib”.

Müəllimi tərəfindən döyüldüyü iddia edilən 11 yaşlı G.Məmmədovanın atası R.Məmmədov deyir ki, azyaşlı qızını döyən fizika müəllimi Z.İbrahimov epilepsiya xəstəliyindən əziyyət çəkir. Şikayətçinin sözlərinə görə, Z.İbrahimov psixotrap dərmanlar qəbul etdiyinə görə, sinifdə şagirdlərlə kobud davranır.

R.Məmmədov həmçinin vurğulayır ki, fizika müəllimi Z.İbrahimov həmin məktəbin direktoru İmanzadə Nurlanla dəfələrlə şagirdlərin gözü qarşısında dalaşıb. Təhqiramiz ifadələrə yol verib.

Qeyd edək ki, məsələ ilə əlaqədar olaraq material hazırlanan zaman həmin məktəbin direktoru N.İmamzadə ilə əlaqə saxlamağa çalışdıq. Əməkdaşımız direktorun telefon nömrəsinə dəfələrlə zəng etsə də, onun telefonuna zəng çatmayıb.

Onu da qeyd edək ki, Kanal15.tv-nin əldə etdiyi məlumata görə, N.İmamzadə artıq 10 günə yaxındır ki, Hacıcavad kənd orta məktəbin rəhbərliyindən uzaqlaşdırılıb.

Şərh

Şərh

To Top